Biçin mütəşəkkil keçirilir
İqtisadiyyat

Biçin mütəşəkkil keçirilir

Taxılçılıq

Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəki rayonunda arpa biçini mütəşəkkil qaydada davam edir.

Cari mövsüm rayonda 58 min 236,1 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 24 min 63,7 hektarını buğda, 34 min 172,4 hektarını dən üçün arpa sahələri təşkil edir. Bu məqsədlə rayon Dövlət Aqrar İnkişaf Mərkəzində xüsusi qərargah yaradılıb, tədbirlər planı təsdiq olunub. Mərkəzdən verilən məlumata görə, ümumilikdə, biçin kampaniyasına 112 taxılbiçən kombayn, 90 küləşpresləyən aqreqat, 334 şum traktoru, 150-dən çox yük maşını, 100-dək traktor yedəyi və digər texnikalar, həmçinin yanğınsöndürən və su maşınları cəlb olunub. Əlavə texnikaya ehtiyac yaranarsa, biçini başa çatdırmış rayonlardan 50-dən çox kombaynın dislokasiya olunması da nəzərdə tutulur. Təsərrüfatlarda buğda biçininə isə iyunun 15-dən sonra başlanılacaq.

Qeyd edək ki, "Aqroservis" ASC tərəfindən taxıl biçinini mütəşəkkil qaydada həyata keçirəcək mexanizatorlar üçün təlimlər keçirilib. Hər il ənənəvi olaraq təşkil edilən təlimlərin əsas məqsədi taxıl biçinini itkisiz və mütəşəkkil həyata keçirmək, mexanizatorların kombaynların düzgün idarə edilməsi, texnikalara lazımi texniki xidmətin göstərilməsi, onların üzərində nizamlama işlərinin, istismar zamanı baş verə biləcək nasazlığın aradan qaldırılması və təhlükəsizlik qaydalarına düzgün riayət edilməsi istiqamətində bilik və bacarıqlarını artırmaqdır.

Müasir kombaynların və aqreqatların idarə olunması ilə bağlı təşkil olunan təlimlərə ümumilikdə, 160 mexanizator cəlb olunub. Təlimlər istehsalçı zavoddan dəvət olunmuş yüksəkixtisaslı mütəxəssislər və "Aqroservis" ASC-nin mütəxəssisləri tərəfindən videogörüntü və əyani vasitələrdən istifadə edilməklə interaktiv formada təşkil olunub. İmtahandan keçən hər bir mexanizatora (operatora) sertifikat təqdim olunub. Müvafiq sertifikatı olmayan mexanizatorlarla "Aqroservis" ASC tərəfindən lizinq müqaviləsi bağlanılmayıb.

Qeyd edək ki, "Aqroservis" ASC-nin kombaynları sahəsi ilkin mərhələdə 50 hektaradək olan kiçik və orta təsərrüfatlarda biçin aparır. Bununla yanaşı, biçin prosesi növbəlilik prinsipi əsasında həyata keçirilir. Növbəlilik sistemi isə biçinə hazırlıq dövründə yerlərdə icra nümayəndələri və bələdiyyələr tərəfindən müəyyənləşdirilib, sistemə nəzarət isə Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən həyata keçirilir.

M.NƏRİMANOĞLU,

"Respublika".