İşıqlı əməllərin sönməyən ulduzu
Tarixi şəxsiyyətlər

İşıqlı əməllərin sönməyən ulduzu

Cəmiyyətdə layiqli yer tutmaq, səni tanıyanların, hətta tanımayanların belə sevgisini qazanmaq üçün Tanrının yazdığı ömür payı bir o qədər də önəmli deyil. Bəzən həyatın enişli-yoxuşlu yollarında kövrək addımlarını atan bir gənc, dünyagörmüş, müəyyən həyat təcrübəsinə malik bir ahıldan daha gərəkli olur. Demək ki, həyatın mənası uzun ömür sürmək, çox yaşamaqda deyil, onu necə yaşamaq, bu gəlimli-gedimli dünyada necə iz qoymaqdır... O, 34 illik qısa ömrünə ailəsinin, doğmalarının, dost-tanışının, çevrəsində olan bütün insanların məhəbbətini sığdıra bilmişdi. Həlim, yumşaq xarakteri, xoşxasiyyətliliyi, bir də fitri istedadı ilə qazanmışdı bu məhəbbəti.

Fuad Seyidzadə 1938-ci il iyun ayının 16-da Bakıda dövrünün ictimai-siyasi və mədəniyyət xadimi, istedadlı jurnalist, tərcüməçi Bağır Seyidzadənin ailəsində dünyaya gəlmişdi. Xalq şairi Rəsul Rzadan sonra Azərbaycanın ikinci kinemotoqrafiya naziri olan B.Seyidzadə müxtəlif məsul vəzifələrdə, həmçinin Təbrizdə konsul işləyib. Atasının işi ilə əlaqədar ailəsi ilə birlikdə bir müddət Təbrizdə yaşayan Fuad Seyidzadə ilk ibtidai təhsilini burada almış, Bakıya qayıtdıqdan sonra 6 saylı orta məktəbdə oxumuşdur. Hələ kiçik yaşlarından rəssamlığa böyük həvəs göstərən, uşaq fantaziyası, duyğu və düşüncəsi ilə bir-birindən maraqlı rəsm əsərləri çəkən Fuad orta məktəbi bitirdikdən sonra Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə sənəd vermiş və xalq rəssamı Mikayıl Abdullayevin rəyinə əsasən birbaşa ikinci kursa qəbul edilmiş, burada böyük həvəslə rəssamlıq sənətinin sirlərinə yiyələnmişdi. Bundan sonra Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsində və Moskva Memarlıq İnstitutunda ali təhsil almışdır. Tələbəlik illərindən professional yaradıcılıqla məşğul olan Fuad beynəlxalq müsabiqələrdə iştirak etmiş, klassik, milli, modern üslubda çəkdiyi əsərləri müxtəlif mükafatlara, təltiflərə layiq görülmüşdür. Kubanın paytaxtı Havanada keçirilən müsabiqədə "Sumqayıt - peyk şəhər" layihəsinin yüksək yerə layiq görülməsi onun sevib-seçdiyi sənət yolunda ilk uğurlu addımı idi.

60-cı illərdə paytaxtda tikilən mikrorayonların layihələrini hazırlayarkən Fuad Seyidzadə yaşayış komplekslərinin hər cür şəraitlə təmin olunması üçün modern üslubdan istifadə edirdi. O, həmçinin Xalq rəssamı Ömər Eldarovla birgə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlı döyüşçülərin Sevastopol şəhərində xatirəsini əbədiləşdirmək üçün ucaldılmış "Sapundağ" abidə-kompleksinin müəllifidir. Heykəltəraş  Tokay Məmmədovla  birgə həyata keçirdikləri layihələrin ən uğurlu nümunəsi isə Sankt-Peterburqdakı "Bakı" restoranıdır. Tokay Məmmədov xatirələrində qeyd edirdi ki, Fuad çox incə təbiətli, yüksək zövqlü insan idi. Bəzi insanlar mütləq musiqi duyumuna malik olduğu kimi, o da mütləq zövqə malik idi. Eyni zamanda, o, hər şeyi böyük peşəkarlıqla yerinə yetirirdi.

Dünyaya gəlişi ilə ailəsinə sevinc, xoşbəxtlik gətirən Fuad vaxtsız gedişi ilə bu dünyanı əzizlərinə dar etdi. Yıxılan bir dünyanın yükü isə vaxt ötüb zaman keçdikcə daha da ağırlaşır, çəkilməz olurdu. Yeganə təsəlli isə yadigarı Ülvi idi. Əziz qardaşını hər zaman böyük sevgi, məhəbbətlə xatırlayan, onunla bağlı xatirələrini dilə gətirəndə titrəyən ürəyinin çırpıntılarına qulaq verib orada Fuadın şən səsini dinləyən, ondan yadigar qalan əsərlərində barmaqlarının hərarətini duyan bacısı Dilarə Seyidzadə yazır: "Mənim üçün Fuad hər şey idi. Qardaşım, dostum, ən başlıcası idealım. O, çox istedadlı idi və bu istedadı da çox erkən parlamışdı. Lap uşaqlıqdan tələbəliyinə qədər hamıdan seçilirdi. Çox hissiyyatlı, duyğulu, uzaqgörən idi. Yüksək zövqü vardı. Təbiəti çox sevirdi. İndi də ondan yadigar qalmış rəsm əsərlərinə baxanda ürəyim titrəyir. Xatırlayıram ki, Fuad bu əsərləri hansı məqamda işləyib. Həyatım boyu mən bu qədər nikbin, işıqlı adamla rastlaşmadım. Bütün kədərimin, xiffətimin içində həmişə onun işıqlı sifətini yada salıram".

Taleyin onunla amansız oyun oynayacağını bilirmiş kimi, cəmi 34 illik ömür kitabına bir-birindən dəyərli səhifələr yazırdı Fuad və indi bu kitabı vərəqlədikcə sanki ayrı-ayrı sənət sahibi ilə tanış olursan: memar, rəssam, filosof, musiqişünas, ədəbiyyatçı, kino sənətinin bilicisi… Təsadüfi deyil ki, Xalq rəssamı Toğrul Nərimanbəyov bütün bunları özündə cəm edən Fuad Seyidzadəni işıqlı şəxsiyyət adlandırır və deyirdi: "O zaman mən böyük tarixi əsəri tamamladım və azərbaycanlı qəhrəmanın təsviri üçün mənə müasir obraz lazım idi. Mənim prinsipim belədir: əgər tarixi şəxsiyyəti çəkirəmsə, onda mən həmin obrazda müasir konkret insana əsaslanmalıyam. Məhz Fuad öz görkəmində, daxili aləmində məqsədyönlülüyü və romantikanı cəmləyirdi və mən öz qəhrəmanımı onun timsalında seçdim".

F.Seyidzadə incəsənətin bir çox sahələrində özünü sınayıb, istedadını, bacarığını kifayət qədər nümayiş etdirsə də, ulduzu memarlıq sahəsində parlamışdı. Bu səbəbdəndir ki, çoxşaxəli yaradıcılığına baxmayaraq, onu standart memarlığı qəbul etməyən, müasirliklə qədimliyi məharətlə qovuşduran bir-birindən sanballı, dəyərli əsərlər müəllifi, təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda neçə-neçə mehmanxananın, restoranın, möhtəşəm binaların layihələrini hazırlayan, Azərbaycan memarlıq sənətində öz dəst-xətti olan, yenilikçi, yüksək bədii zövqə, yaradıcı təxəyyülə sahib, milli memarlıq sənətimizin inkişafında əvəzsiz xidmətləri olan memar kimi tanıyırıq. Azərbaycan Xalq rəssamı Tahir Salahov qeyri-adi istedada sahib olan memar haqqında deyirdi: "Fuad Seyidzadə çoxəsrlik Azərbaycan memarlığına məkanın, həcmin və müstəvinin müasir tərzdə dərk olunması anlayışını gətirdi, bütün arxitektura elementləri arasında əlaqəni diqqətlə yoxlayaraq onları ahəngdar şəkildə və ümumilikdə, qızıl hissəsinin klassik nisbətləri ilə birləşdirdi". Fuad Seyidzadə Mərkəzi Komitənin təşəbbüsü ilə Bakı Şəhər İcraiyyə Komitəsinin nəzdində yaradılmış Xüsusi Layihə-Smeta Bürosuna rəhbərlik etmiş və bir müddət sonra ulu öndər Heydər Əliyevin tapşırığı ilə İçərişəhərin ərazisi də bu büroya həvalə edilmişdir.

Vaxtilə güclü musiqi duyumu ilə maestro Niyazinin diqqətini cəlb edən Fuad Seyidzadə pianoda dünya bəstəkarlarının - Motsartın, Baxın, Listin əsərlərini məharətlə ifa edir, caz musiqisinə xüsusi maraq göstərirdi. Bəlkə də Vaqif Mustafazadə ilə yaxınlıqları da elə buradan qaynaqlanırdı. Xalq yazıçısı Elçin yazır ki: "Vaqif o zaman "Araz" kinoteatrındakı orkestrdə piano çalırdı. Fuadla kinoteatra gedib, Vaqifi gözləyə-gözləyə konsertə qulaq asırdıq…".

Gözəl musiqi duyumuna, özünəməxsus rəssamlıq dəst-xəttinə sahib olsa da, sənətdəki arzu və istəklərini memarlıq sahəsində gerçəkləşdirməyə qərar verən, istedadı, qabiliyyətilə hər zaman seçilən, alicənablığı ilə böyük hörmət qazanan Fuad Seyidzadənin ömür kitabını vərəqlədikcə, tanınmış memar, əsrarəngiz əsərlərin müəllifi olan rəssam, son dərəcə istedadlı, geniş dünyagörüşə malik övlad, mehriban qardaş, qayğıkeş həyat yoldaşı və ata, könüllərdə özünə abidə ucaldan unudulmaz dost və ən nəhayət, işıqlı əməllər sahibi, xeyirxah bir insanla rastlaşırsan. Onu tanıdıqca, keçdiyi qısa, lakin mənalı ömür yoluna nəzər saldıqca qeyri-ixtiyari fikirləşirsən, işıqlı əməllərin sönməyən ulduzu idi, Fuad…

Mehparə ƏLİYEVA,

"Respublika".