Azərbaycan ictimai fikrinin böyük nümayəndəsi
Tarixi şəxsiyyətlər

Azərbaycan ictimai fikrinin böyük nümayəndəsi

Onu ən böyük türkçü ideoloqlardan hesab edirlər. Azərbaycan ədəbi-mədəni, elmi-siyasi fikir tarixinin nümayəndələrindən olmaqla yanaşı, həm də XIX əsrdə Avropada təhsil almış az sayda ziyalılardan, zəngin elmi biliyə malik mütəfəkkirlərdəndir. O, çoxşaxəli fəaliyyəti ilə, təkcə vətəni Azərbaycana deyil, həm də bütöv türk dünyasına xidmət etmişdir. Dünya miqyasında böyük bir coğrafiyanı əhatə edən türk xalqlarının maariflənməsi və inkişafı istiqamətində bütün varlığı ilə çalışmışdı. Hələ gənc yaşlarından ərəb, fars, rus, yunan, latın, ingilis, alman və fransız dillərini öyrənmişdir. Milli, siyasi fikir tariximizdə adı fəxrlə, qürurla çəkilən şəxsiyyətlərdən biri olan Əhməd bəy Mirzə Həsən oğlu Ağayev (Ağaoğlu) 1869-cu ilin dekabr ayında Şuşada zadəgan ailəsində dünyaya gəlib.

Şuşanın ən məşhur alimlərindən biri - babası Mirzə İbrahim gözəl xəttat olmaqla yanaşı, həm də türk dilində şeirlər yazarmış. Atası Mirzə Həsən bəy Qarabağın Qurdlar elinə mənsub varlı pambıqçı fermer olub. Pənahəli xanın nəslindən olan Əhməd bəy xatirələrində yazırdı ki, mükəmməl təhsil almasında anasının və əmisinin rolu böyük olub. Məhz anasının sayəsində təhsil istiqamətini Nəcəfdən, Kərbəladan Peterburqa, Parisə doğru dəyişib. VI sinfə kimi Şuşanın Realnı məktəbində oxuyan Əhməd bəy təhsilini Tiflisdəki 1 saylı gimnaziyada davam etdirir. Həmin gimnaziyada təhsil alan yeganə türk şagird Əhməd bəy idi. Tiflisdə təhsilini uğurla başa vuraraq Şuşaya qayıdır və ali təhsil almaq üçün 1887-ci ilin avqustunda Peterburqa yola düşür. Burada tanış olduğu dörd türk tələbədən biri sonralar Azərbaycanın Parisdə təmsilçisi olan Əlimərdan bəy Topçubaşov, digəri isə keçmiş Qafqaz Şeyxülislamının nəvəsi Əli bəy Hüseynzadə idi. Əhməd bəy Ağaoğlu bütün imtahanları uğurla verir. Ancaq sonuncu riyaziyyat imtahanında müəllimi onu yəhudi bilərək düzgün cavabını qəbul etmir və Ağaoğlu bu hadisədən çox üzülür. Qarşılaşdığı haqsızlıqla barışa bilməyən Əhməd bəy Ağaoğlu 1888-ci il yanvar ayının 8-də Peterburqdan Parisə gəlir və Sorbonna Universitetində hüquq təhsili alır. Təhsillə yanaşı, yaradıcı fəaliyyətlə də məşğul olan Əhməd bəyin 1891-1893-cü illər ərzində "La Nouvelle Revue" jurnalında "İran cəmiyyəti" başlıqlı silsilə yazıları çap olunur.

1894-cü ildə Fransada təhsilini bitirdikdən sonra Tiflisə qayıdaraq yerli gimnaziyaların birində iki il fransız dilindən dərs deyir. Eyni zamanda "Kavkaz" qəzeti ilə də əməkdaşlıq edir. 1896-cı ildə Şuşaya, doğma şəhərinə geri dönür. Şuşa Realnı məktəbində fransız dilindən dərs deməklə yanaşı, həm də şəhərdə ilk kitabxana, qiraətxana açır. Bu səbəbdən də el arasında ona Firəng Əhməd ləqəbi verilir. Əhməd bəy Ağaoğlu fikirlərini çatdırmaq üçün qəzet çapını çox önəmli hesab edirdi. 1891-ci ildə "Kəşkül" qəzeti bağlandıqdan sonra Qafqaz Senzura Komitəsi tərəfindən Azərbaycan dilində qəzetlərin çap olunmasına qadağa qoyulur. Lakin həmin dövrdə çar Rusiyası ərazisində erməni və gürcü dilində 19 qəzet fəaliyyət göstərirdi. Yalnız 1896-cı ildə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev şəxsi təşəbbüsü ilə "Kaspi" qəzetini alıb, Azərbaycan ziyalılarının öhdəsinə verir. 1897-ci ildə Əhməd bəy Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə "Kaspi" qəzetində fəaliyyət göstərmək üçün Bakıya gəlir. Qəzet Əhməd bəyin həyatında böyük rol oynayır. Yazdığı məqalələrdə əsasən müsəlman cəmiyyətindəki problemlərə, qadınların üzləşdiyi çətinliklərə toxunur. Eyni zamanda Əhməd bəy məqalələrində milli qurtuluşa gedən yolun mədəniyyətin və təhsilin inkişafından keçdiyini bildirirdi. O, "İslam dünyasında qadın" məqaləsində "azad qadınsız inkişaf ola bilməz" yazırdı. Böyük ziyalının bu çıxışları əlbəttə ki, din xadimləri, mollalar tərəfindən kəskin etirazlara səbəb olurdu. Oğlu Səməd Ağaoğlunun yazdıqlarına görə Əhməd bəy 6 ay evə qapanır, evini isə polislər mühafizə edir.

Ə.Hüseynzadə ilə birlikdə "Həyat" qəzetinə redaktorluq edən Əhməd bəy Ağaoğlu 1905-ci ildə Bakı Şəhər Dumasının üzvü seçilir. Həmin il mart ayının 15-də Azərbaycan ziyalıları xalqın tələb və təkliflərini Peterburqa çatdırmaq üçün nümayəndə heyəti seçirlər. Həmin nümayəndə heyətinə Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə daxil idilər. Peterburqda Əhməd bəy 1905-ci il hadisələri ilə bağlı "Sankt Peterburqskie vedomosti" qəzetində "Bakı hadisələri ilə bağlı həqiqətlər" adlı məqalə dərc etdirir. 1905-ci il aprel ayının 16-da Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə və Əlimərdan bəy Topçubaşovun imzaları ilə Qafqaz canişininə məktub göndərilir. Məktubda ziyalılar Azərbaycan dilində "Həyat" qəzetinin çap olunmasına icazə istəyirdilər. Qəzet çox ziddiyyətli və təlatümlü bir dövrdə fəaliyyətə başlayır. Həmin dövrü və "Həyat" qəzetini mətbuat tarixinin fikir, düşüncə və mübarizə salnaməsi adlandırırlar. Sözsüz ki, qəzetin fəaliyyət istiqamətində məsuliyyəti öz çiyinlərində layiqincə daşıyan qələm adamlarından biri də Əhməd bəy idi. "Həyat" qəzetindən sonra Əhməd bəy Ağaoğlu İsa bəy Aşurbəyovun maliyyə dəstəyi ilə gündəlik "İrşad" qəzetini təsis edir.

1905-ci ildə Qafqaz canişini təyin edilən İllarion Vorontsov ermənilərə dəstək verir. Bakı neft mədənlərində baş vermiş böyük yanğından sonra guya mədənlərin təhlükəsizliyini təmin etmək məqsədilə sənaye bölgəsində yerləşən Bakı kəndlərinin köçürülməsi təklif olunur. Yerli əhalinin maraqlarını qorumaq üçün Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov Sankt-Peterburqa yollanırlar. Onların gərgin əməyi sayəsində Bakı kəndlərinin köçürülməsinin qarşısı alınır.

1906-cı ilin avqustunda Şuşaya gələn Əhməd bəy çar hökumətinə və daşnak ermənilərə qarşı mübarizə aparmaq üçün gizlin "Difai" təşkilatını qurur. Çar hökuməti tərəfindən həbs olunmamaq üçün bir müddət yaxın dostlarının evində yaşayan Əhməd bəy 1908-ci ilin sonlarında İstanbula köçür.

Əhməd bəy Ağaoğlu Türk Ocağı milli hərəkatının aparıcı siması olaraq hərəkat tərəfindən keçirilmiş konqresə prezident seçilir. İstanbul Universitetində türk-monqol tarixindən və rus dilindən dərs deyir. Süleymaniyyədə kitabxana direktoru, "Türk yurdu" jurnalının redaktoru olur. İstanbulda yaşadığı müddətdə jurnalistik fəaliyyətini davam etdirir, 1909-cu ildən "Kaspi" qəzetində "Türkiyədən məktublar", "Türkiyədə milli sual" mövzusunda silsilə məqalələr çap etdirir. O, həmçinin 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin köməyinə gəlmiş Qafqaz İslam Ordusu komandanının siyasi müşaviri olur. 1918-ci il 26 dekabr tarixində Ağaoğlu bitərəf nümayəndə kimi Zəngəzur qəzasında Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilir. 1918-ci il dekabrın 28-də Cümhuriyyət tərəfindən Paris Sülh Konfransında iştirak etmək üçün göndərilən nümayəndə heyətinin tərkibində Əhməd bəy Ağaoğlu da var idi. Lakin İstanbula çatanda İttihad və Tərəqqi Partiyasının digər rəhbərləri ilə birgə ingilislər tərəfindən həbs edilərək Malta adasına sürgün edilmişdir.

Sürgündən qayıtdıqdan sonra Ankaradakı Mətbuat İnformasiya İdarəsinə rəhbərlik etmiş, "Hakimiyyət milliyyə" qəzetinin baş redaktoru olmuş, ikinci və üçüncü çağırış Türkiyə Böyük Millət Məclisinə deputat seçildikdən sonra isə Mustafa Kamal Atatürkün xarici məsələlər üzrə siyasi məsləhətçisi olmuşdur. O, 1933-cü ildə Türkiyə cəmiyyətində liberal dəyərləri təbliğ etmək üçün "Akın" qəzetini təsis etmişdir. Ömrünün son günlərində Əhməd bəy Ağaoğlu yataq xəstəsi olur. Ürək çatışmazlığı və qaraciyər iltihabından əziyyət çəkən böyük ziyalı 19 may 1939-cu ildə İstanbulda dünyasını dəyişir. Feriköy məzarlığında həyat yoldaşının yanında dəfn olunur.

Ramidə YAQUBQIZI,

"Respublika".