Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Bu xəstəliyə ən çox varlılar tutulur

Finlandiyanın Helsinki Universitetinin alimləri belə qənaətə gəliblər ki, zəngin insanlar aşağı gəlirli olanlarla müqayisədə xərçəngə daha çox yaxalanırlar.

Yüksək gəlirli ölkələrdə yayılmış 19 xəstəlik arasındakı əlaqəni araşdıran alimlər, təxminən 280 mindən çox 35-80 yaş arası insanın genomik və sağlamlıq məlumatlarını toplayıblar. Araşdırmalar göstərib ki, zənginlərin döş, prostat və digər xərçəng növlərinə tutulma riski daha yüksəkdir. Aşağı gəlirli insanlar isə genetik olaraq daha çox diabet, depressiya, alkoqolizm və ağciyər xərçənginə qarşı həssas olurlar.

Araşdırmanın nəticələri Almaniyanın Berlin şəhərində keçiriləcək Avropa İnsan Genetika Cəmiyyətinin illik konfransında təqdim ediləcək. Tədqiqatçılar xüsusi peşələr və xəstəlik riski arasındakı əlaqəni öyrənmək üçün daha çox araşdırmalara ehtiyac olduğunu söyləyirlər.

Meymunlar da zarafatlaşa bilirmiş...

Bu yaxınlarda aparılan araşdırmada meymunların da insanlar kimi yumor hissinə malik olduğu ortaya çıxıb. Aparılan müşahidələr zamanı dünyada insana ən çox bənzəyən bu canlıların da bir-biri ilə zarafat etdiyi məlum olub.

Primatoloqlar dörd böyük meymun növündə yumor və sarkazmın ilkin formalarını aşkar ediblər. Alimlər primatlarda olan bu xüsusiyyətin 13 milyon il əvvəl inkişaf etmiş ola biləcəyini ehtimal edirlər.

"Böyük meymunlar bizimlə yaxından əlaqəli olduqlarına görə, onlarda zarafat elementlərinin görünməsi təbii haldır", - deyə araşdırma müəllifi İsabelle Laumer qeyd edib.

Qeyd edək ki, müşahidələr zamanı Oranqutan, Qorilla, Şimpanze və Bonoboların hərəkətlərində 18 fərqli zarafat, yumor elementi müəyyən edilib.

Dünyanın ən cəlbedici dili seçildi

Böyük Britaniya, Fransa, İspaniya, İtaliya, Almaniya və ABŞ-dan olan 6 min insanın iştirakı ilə keçirilən sorğu nəticəsində dünyanın ən cəlbedici dili müəyyən edilib. Araşdırmalara görə, dünyada ən cəlbedici dil artıq fransız deyil, italyan dilidir...

Xatırladaq ki, 2017-ci ildə keçirilən sorğuda fransız dili ən cəlbedici dil olaraq müəyyən edilmişdi, lakin yeni araşdırma ilə sıralama dəyişdi. "Daily Mail"də yayımlanan xəbərə görə, italyan dili də ən cəlbedici, romantik dil olaraq xarakterizə edilib. İngilis dili "ən nəzakətli", alman dili isə "kobud" dil olaraq birinci yerdə qərarlaşıb.

İtalyancanın bir çox insan tərəfindən cəlbedici hesab edilməsinin səbəbi bu dildə danışarkən səs tonunda yaranan dəyişiklərdir. Belə ki, italyanca danışarkən səsin yüksəlməsi və azalması musiqi ahəngi yaradır ki, bu da insanların böyük əksəriyyətinin xoşuna gəlir. Bəzi fonetik xüsusiyyətlər, məsələn, bu dildə "r" səslərinin yumşalması onu daha da cazibədar edir.

Okeanlar haqqında bunları bilirdinizmi?

Tarix boyu sirli tərəfləri ilə bəşəriyyətin diqqətini çəkən, hələ də tam olaraq araşdırılmayan mövzulardan biri də okeanlardır. Bir çox canlı növünə ev sahibliyi edən okeanlar, öz dərinliyi və böyüklüyü ilə ağlın hüdudlarından kənara çıxır.

Uzun illərdir aparılan araşdırmalara baxmayaraq, onların 95 faizi hələ kəşf edilməmişdir. Bunun səbəbi isə orada suyun təzyiqinin yüksək olmasıdır. İnsanların çoxu günəş işığının okeanın dibinə qədər çata biləcəyini düşünür. Lakin araşdırmalar göstərir ki, günəş işığı okeanın səthindən maksimum 200 metr dərinliyə çata bilir. Bu dərinlikdən sonra olan ərazi tamamilə qaranlıqdır.

Dünyanın ən uzun dağ "zənciri" okean dibində yerləşir. Atlantik okeanın mərkəzindən keçən bu dağ silsiləsinin uzunluğu təxminən 40 min kilometr təşkil edir. Onun üzərində Alp dağları zirvəsindən hündür dağ zirvələri mövcuddur.

Planetimizdə oksigenin böyük hissəsini okeanda yaşayan mikroskopik canlılar - fitoplanktonlar istehsal edir. Hesablamalara görə, bir millilitr okean suyunda 1 milyon bakteriya və 10 milyon virus növü mövcuddur. Onların böyük əksəriyyəti zərərsizdir.

Bütün okeanları qurutsaq yerdə qalan duzdan Yer kürəsinin ətrafına hündürlüyü 230 kilometr və eni 2 kilometr olan divar çəkmək olar. Ehtimallara görə, onların dibində planetin bütün muzeylərindəki tarixi abidələrdən daha çox artefakt var. Ekspertlərin fikrincə, okeanlarda təxminən 20 milyon ton qızıl var.

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".