Ömrünü xalqa həsr edən görkəmli oftalmoloq-alim
Tarixi şəxsiyyətlər

Ömrünü xalqa həsr edən görkəmli oftalmoloq-alim

Azərbaycanın görkəmli oftalmoloq alimi Zərifə xanım Əliyeva XX əsrin ortalarında tibb elmində inqilabi kəşflərə imza atmışdır. Ötən əsrin 40-cı illərində gözü zədələyən və ağır nəticələrə səbəb olan traxoma infeksion xəstəliyi Azərbaycanda geniş yayılmışdır. Bu xəstəliklə mübarizə tək oftalmologiya sahəsində deyil, ümumilikdə Azərbaycan səhiyyəsi üçün mühüm əhəmiyyət kəsb edirdi. Zərifə xanım Əliyeva bu xəstəliyin müalicəsi istiqamətində aparılan profilaktik tədbirlərin təşkilində yaxından iştirak etməklə yanaşı traxoma xəstəliyinin geniş yayıldığı rayonlara gedərək həkim-oftalmoloqlara məruzələr oxuyurdu.

Görkəmli alim və oftalmoloq Zərifə xanım Əliyeva 1949-cu ildən başlayaraq Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlamış və 1950-ci ildə aspiranturaya daxil olaraq elmi axtarışlarını davam etdirmişdir. Zərifə xanım 1960-cı ildə namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi elmi dərəcəsini almış və onun təklif etdiyi müalicə metodu bütün respublikada tətbiq edilmiş, ölkəmiz bu xəstəlikdən xilas olmuşdur. Bununla da Zərifə xanım Azərbaycan elminə və Azərbaycan xalqının sağlamlığının qorunmasına böyük töhfə verdi.

1960-1967-ci illərdə Zərifə xanım Əliyeva Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışdığı zaman 1963-cü ildə SSRİ Ali Attestasiya komissiyası ona "Oftalmologiya" ixtisası üzrə böyük elmi işçi ixtisası vermişdir. 1967-ci ildə Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna dosent vəzifəsinə dəvət olunur. Bu institut uzun illər həmin kafedraya rəhbərlik etmiş Zərifə xanım Əliyevanın atası Əziz Əliyevin adını daşıyır. Həmin illərdə Zərifə xanım ən mürəkkəb göz əməliyyatları aparmaqla yanaşı bu sahədə fəaliyyət göstərən həkimlərlə də pedaqoji iş aparırdı. Traxoma ilə yanaşı qlaukoma xəstəliyinin öyrənilməsi sahəsində də Zərifə xanım Əliyevanın "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanlarının vəziyyəti" mövzusunda yazdığı dissertasiya işi Moskva Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda yüksək qiymət almışdır. 1977-ci ildə Zərifə xanım Əliyeva tibb elmləri doktoru elmi dərəcəsi almışdır. Doktorluq dissertasiyasını müdafiə etdikdən sonra Zərifə xanım Əliyeva Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru, 1983-cü ildə kafedra müdiri seçilmişdir.

Zərifə xanım Əliyevanın göz xəstəliklərinə aid məqalələri elmi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Zərifə xanım ən aktual mövzuları əhatə edən bir sıra monoqrafiyaların müəllifi olmuşdur. Bu monoqrafiyalar oftalmoloqlarla yanaşı fizioloqların da diqqətini cəlb etmişdir. Müəlliflərindən biri olduğu "Terapevtik oftalmologiya" kitabı müasir dövrdə də oftalmoloqların masaüstü kitabı olaraq qalmaqdadır. Zərifə xanım Əliyeva 150-dən çox elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifidir. 1981-ci ildə oftalmologiya sahəsində ən nüfuzlu mükafat  - SSRİ Tibb Elmləri Akademiyasının akademiki Averbax adına mükafata layiq görülmüşdür. 

Zərifə xanım böyük alim olmaqla yanaşı ictimai işlər də aparır, Azərbaycan ziyalısının ən gözəl nümunələrini özündə təcəssüm etdirirdi.

Zərifə xanım Əliyeva 1982-ci il aprel ayının 15-də Moskvada vəfat etmişdir. 1994-cü ildə Zərifə xanım Əliyevanın cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü ildə Zərifə xanımın 100 illiyinin qeyd edilməsi ilə əlaqədar sərəncam imzalamışdır. 

Kamilə ƏLİYEVA, 
Milli Məclisin deputatı,

professor.