İqlim dəyişmələrinə qarşı mübarizədə önəmli addımlar
Ekologiya

İqlim dəyişmələrinə qarşı mübarizədə önəmli addımlar

Azərbaycanda ekoloji təhlükəsizliyə, yaşıllıqların salınmasına, biomüxtəlifliyin qorunmasına böyük əhəmiyyət verilir. Hazırda ölkəmizdə iqlim dəyişmələri, ekoloji problemlər, "yaşıl enerji" və s. məsələlərlə əlaqədar görülən işlər diqqət mərkəzindədir.

Dünyanı cənginə alan qlobal iqlim dəyişmələri son illər özünü daha geniş şəkildə büruzə verir. Torpaqların səhralaşması, içməli su çatışmazlığı, Şimal Buzlu okeanda buzlaqların sürətlə əriməsi dünyanın müxtəlif ərazilərində təbii şəraitin kəskin dəyişilməsi, istixana effektinin yaranması, atmosferin zəhərli qazlarla çirklənməsi, tez-tez baş verən meşə yanğınları qlobal iqlim dəyişmələrinə təsir edən əsas göstəricilərdir. Bu səbəbdən də artıq planetimizdə həyacan təbili çalınır, mübarizə yolları axtarılır. Ölkəmiz də bu sahədə xüsusi fəallıq nümayiş etdirir. Cari ilin noyabr ayında Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Beynəlxalq əhəmiyyət daşıyan COP29-un ölkəmizdə keçirilməsi vacib olduğu qədər də qürurverici hadisədir. 

Azərbaycan Prezidenti İlham Əliyev fevral ayında keçirilən XXVII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciəti zamanı demişdir: "Hazırda hökm sürən iqlim dəyişmələri planetimizi təhdid edən başlıca problemlər sırasında yer almaqdadır. İqlim dəyişmələrinin təsirləri artıq həyatın bütün sahələrində özünü büruzə verir. Azərbaycan iqlim dəyişmələri ilə mübarizə məsələlərinə böyük diqqət ayırır, onun mənfi fəsadlarının azaldılması üçün birgə fəaliyyətin təmin olunması istiqamətində səylər göstərir. Təsadüfi deyil ki, dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bütün ölkələrin yekdil qərarı ilə 2024-cü ildə məhz Azərbaycanda keçiriləcəkdir".

Qlobal iqlim dəyişmələrinə səbəb olan amillərdən biri də istixana qazlarının artmasıdır və bu, dünyanı çox narahat edir. Azərbaycan qlobal iqlim dəyişmələrinə aid olan müxtəlif beynəlxalq qurumlara qoşularaq öhdəliklər götürərək ona layiqincə əməl edir. Bu baxımdan ölkəmiz fevralın 28-də qlobal metan emissiyalarının azaldılması üzrə dövlətlərin könüllü olaraq öz üzərinə götürdükləri öhdəlikləri nəzərdə tutaraq "Qlobal Metan Vədi" təşəbbüsünə qoşulduğunu elan edib. Azərbaycan 2030-cu ilə qədər qlobal metan emissiyalarının azı 30 faiz həcmində azaldılmasını hədəfləyən birgə beynəlxalq səylərə qoşulmağa hazır olduğunu bildirib. Metan qazının atmosferin ozon təbəqəsində irimiqyaslı deşiklərin əmələ gəlməsində mühüm rol oynadığı elmə çoxdan məlumdur və gələcəkdə bunun fəsadları ağır ola bilər. Ölkəmizlə yanaşı, dünyanın 155 dövləti bu beynəlxalq öhdəliyə qoşulub və qlobal metan çirklənməsinin təxminən yarısı həmin ölkələrin payına düşür. Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını təsdiqləyib, 2000-ci ildə isə Konvensiyanın Kioto Protokolunu ratifikasiya edib, qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. 2050-ci ilə qədər istixana effekti yaradan qaz emissiyalarının 40 faiz həcmində azaldılması, 2050-ci ilədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dekarbonizasiya zonasına çevrilməsi hədəf olaraq müəyyən edilib.

Həyat üçün ən vacib amillərdən biri sayılan meşələr yer kürəsinin "ağ ciyəri" və oksigen mənbəyi hesab olunur. Meşələr havadakı karbon qazını və zəhərli maddələri udur, havanı oksigenlə zənginləşdirir, tozdan, zərərli maddələrdən təmizləyir. Ümumiyyətlə, yer kürəsinin təmiz hava ilə təmin edən meşələr planetin torpaq səthinin üçdəbir hissəsini təşkil edir. Məlumdur ki, dünyada baş verən müharibələr, quraqlıq, yanğın və digər səbəblərdən meşələr, yaşıllıqlar məhv edilir. Bu hal son 30 ildə Azərbaycan ərazisində də geniş şəkil almışdır. Ötən illər ərzində torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi nəticəsində geniş meşə sahələri və bitki örtüyü məhv edilmişdir. Öz gözəlliyi və nadir bitki örtüyü ilə dünyada analoqu olmayan təbiət abidələrindən biri də Kiçik Qafqazın cənubunda, Zəngilan rayonu ərazisində, Bəsitçay hövzəsində yerləşən 117 hektar ərazisi olan təbii çinar meşələridir. Burada yaşı 100-200 il, diametri 80-120 santimetr, hündürlüyü 25-30 metr olan çinar ağacları var. İşğal dövründə meşənin bir hissəsi ermənilər tərəfindən doğranıb məhv edilərək həmin ərazidə hərbi hissə yerləşdirilmişdir. Zəngilanın Rəzdərə və Muğanlı kəndləri ətrafındakı meşələrdə ağac emalı zavodları tikilmiş, çinar, qırmızı palıd ağacları kökündən çıxarılaraq doğranmış, mebel istehsalı üçün istifadə edilmiş və çox hissəsi isə xarici ölkələrə satılmışdır. Beləcə, 30 illik işğal dövründə ermənilər Qarabağın meşə örtüyünün təxminən 20 faizini ekoloji terrora məruz qoymuşlar. Kiçik Qafqazın böyük ərazisinin Ermənistan tərəfindən işğalı, burada aparılan hərbi əməliyyatlar və işğalçıların qadağan edilmiş silahlardan istifadə etməsi nəticəsində meşələrdə qiymətli fıstıq, cökə, vələs, palıd ağacları yandırılmışdır. Meşələrlə yanaşı, su mənbələri, o cümlədən kəhrizlər və suvarma sistemləri düşmən tərəfindən dağıdılmış, zəhərli maddələrlə çirkləndirilmişdir. Bütün bunların nəticəsi olaraq regionda ekoloji tarazlığın pozulması halları baş vermişdir.

Ekoloji tarazlığın qorunması, təbii ehtiyatların, o cümlədən faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi qarşıda duran əsas vəzifələrdəndir. Ölkəmizdə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub. Şübhəsiz ki, rəqabətqabiliyyətli iqtisadiyyatın dayanıqlı inkişafı, ölkənin təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməsi kimi prioritetlərin reallaşması bu addımla daha real görünür. Digər tərəfdən, əsas məqsədlərdən biri də meşələrin seyrəkləşməsinin, torpağın erroziyasının, meşə massivlərinin azalmasının qarşısının alınması ilə bağlı tədbirlərin həyata keçirilməsidir. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə "Hərəmiz bir ağac əkək!" devizi ilə keçirilən aksiyalarda milyonlarla yeni ağac və kol əkilmişdir. Bu kimi tədbir və təşəbbüslərin həyata keçirilməsi həm də ölkəmizdə sağlam, təmiz iqlim mühitinin yaradılması istiqamətində atılan addımlardır.

Ramidə YAQUBQIZI,

"Respublika".