Mənfur qonşumuzun ekoloji terroru region üçün təhlükədir
Ekologiya

Mənfur qonşumuzun ekoloji terroru region üçün təhlükədir

Ermənistanın 30 il ərzində işğal altında saxladığı torpaqlarda törətdiyi ağır cinayətlər sırasında böyük miqyaslı ekoloji terror da yer alır. İkinci Qarabağ savaşında qazandığımız qələbəyə baxmayaraq, düşmənin törətdiyi ekosidin nəticələri bu gün də özünü göstərməkdədir.

Qərb qonşumuzun törətdiyi terror nəticəsində regionun ekologiyası ciddi təhlükələrlə üz-üzə qalıb. Belə ki, həmin ərazilərdə bioloji müxtəlifliyə, flora və fauna növlərinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub, ərazilər yandırılıb, su resursları çirkləndirilib, qiymətli ağac növləri ilə zəngin olan meşələr bütünlüklə məhv edilib. Bundan başqa, yeraltı və yerüstü sərvətlərin məqsədli şəkildə talan edilməsi bölgədəki ekoloji tarazlığın pozulmasına gətirib çıxarıb. Ölkə başçımızın iyulun 11-də Nazirlər Kabinetinin bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirəsindəki çıxışı düşmənin vəhşiliklərinin daha geniş təsviridir: "Qarabağ və Şərqi Zəngəzur ekoloji fəlakət zonasına çox yaxın idi. Çünki Ermənistan həm Ermənistandakı müəssisələrin fəaliyyəti nəticəsində, eyni zamanda, o vaxt işğal edilmiş torpaqlarda - Qarabağda və Şərqi Zəngəzurda təbii resurslarımızın vəhşicəsinə istismarı nəticəsində təbiətimizə böyük zərbə vurub. Təkcə onu demək kifayətdir ki, 60 min hektardan çox meşə fondu ermənilər tərəfindən dağıdılıb, talan edilib, çıxarılıb, satılıb, yaxud parket düzəldiblər və satıblar. Yəni, bütün bu peyk görüntüləri bizdə var".

Qərb qonşumuz ölkəmizə qarşı yürütdüyü təcavüzkar siyasətinə Şuşa şəhəri yaxınlığında yerləşən və dövlət qoruğu hesab edilən Topxana meşəsini qırmaqla başlayıb. Bölgədəki meşələrin kütləvi şəkildə qırılması isə səhralaşmaya və torpaqların eroziyasına səbəb olmuşdur. Həmçinin əvvəllər bu torpaqlarda mövcud olmuş təbiət qoruqları, yasaqlıqlar da ermənilər tərəfindən məhv edilib. İşğal dövründə Ermənistan yeraltı sərvətlərimizi də talan edib.

Düşmənin xain əməlləri torpaqlarımız işğaldan azad edildikdən sonra da davam etmişdir. 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanata baxmayaraq, ermənilər Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edərkən yaşayış evlərinə, ictimai binalara, yaşıllıqlara od vurub yandırmışlar. Bununla yanaşı, xain ermənilər heyvanları tələf etməklə, bu ərazilərin zəngin flora və faunasına ciddi ziyan vurmuşlar. Bu gün də Ermənistan növbəti ekoloji terror fəaliyyətləri ilə gündəmə gəlib. Düşmənin budəfəki xain planı Sədərək rayonu istiqamətində sərhəddə yerləşən Arazdəyən kəndində metallurgiya zavodu inşa etmək və onun zərərli tullantılarını Araz çayına axıtmaqdır.

İri metallurgiya zavodunun tikilməsi Ermənistanın növbəti dəfə beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) kobud şəkildə pozduğu anlamına gəlir. Həmin konvensiyaya müvafiq olaraq, əgər hər hansı bir müəssisəsinin fəaliyyəti digər ölkələrin ərazisinə ekoloji cəhətdən mənfi təsir edə bilərsə, həmin müəssisəsinin tikintisi qarşı tərəfin müvafiq qurumları ilə mütləq şəkildə razılaşdırılmalıdır. Əks halda, müəssisənin tikintisi qadağandır. Ölkə başçımız haqlı olaraq müşavirə zamanı Ermənistandan məhz bunu tələb edib. Bundan başqa, Azərbaycanın qeyri-hökumət təşkilatları da bir sıra beynəlxalq qurumlara, o cümlədən Ermənistan baş nazirinə müraciət ünvanlayaraq düşmənin ekoloji terroruna son qoyulmasına çağırıb. Çox təəssüf ki, Avropa dövlətləri bu məsələyə ikili standartlarla yanaşırlar. Müəyyən səbəblərdən bir çox ölkələr, eləcə də beynəlxalq təşkilatlar ermənipərəst mövqe tutublar. Bəziləri isə Ermənistandan vasitə kimi istifadə edirlər. Amma dünya dərk etməlidir ki, qərb qonşumuzun bu fəaliyyəti bütün region dövlətlərini təhlükə altında qoyur.

Nəzrin ELDARQIZI,

"Respublika".