İNKIŞAF VƏ ƏMƏKDAŞLIĞIN IQTISADI HƏDƏFLƏRI
İqtisadiyyat

İNKIŞAF VƏ ƏMƏKDAŞLIĞIN IQTISADI HƏDƏFLƏRI

1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Dahi rəhbər ölkənin iqtisadi yüksəlişi üçün tədbirlər görməyə başladı.

1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Azərbaycan öz tarixində ən önəmli addımlarından birini atdı. "Əsrin kontraktı"nın imzalanması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd etməliyik ki, bütün çətinliklərə baxmayaraq, müqavilə Azərbaycanın milli mənafeyinə uyğun hazırlandı. Öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanan müqavilə təxminən 400 səhifə həcmində və 4 dildə hazırlanıb. "Əsrin müqaviləsi"nin imzalanmasında dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edib. "Əsrin müqaviləsi" sərmayələrin həcminə görə dünyada ən iri sazişlərdəndir. "Əsrin müqaviləsi"nin həyata keçirilməsindən sonra Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə başlandı.

1995-ci ildə ilkin neft hasilatı layihəsi çərçivəsində "Çıraq-1" özülü qərb standartlarına uyğun şəkildə bərpa olundu və böyük mailli quyuların qazılması məqsədilə bu özülün üst modulu modernizə edilərək yeni qazma avadanlıqları ilə təchiz olundu. 1996-cı ildə dünyanın ən böyük qaz yataqlarından biri olan "Şahdəniz" yatağı üzrə kontrakt imzalandı və 1997-ci ildə "Çıraq" yatağından neft hasilatına başlandı. İlk dəfə 25 oktyabr 1997-ci ildə Azərbaycan nefti Novorossiysk limanına (Rusiya Federasiyasına) nəql olundu ki, 1998-ci ildə həmin neft bərpa edilmiş Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməyə başladı. 1999-cu ildə Supsaya Bakıdan neft kəməri çəkilib istifadəyə verildi və artıq Azərbaycan nefti iki istiqamət üzrə dünya bazarlarına çıxarıldı. 2002-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyuldu və 4 il sonra Türkiyənin Ceyhan limanında istifadəyə verildi. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi ilə "Şahdəniz" qazı Türkiyəyə ixrac olundu. 2014-cü ilin sentyabrında "Əsrin müqaviləsi"nin 20-ci ildönümündə Səngəçal terminalında Cənub Qaz Dəhlizi layihəsinin təməli qoyuldu.

 Çətin siyasi və iqtisadi şəraitdə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın iqtisadi inkişafının təməlini qoydu. 2017-ci il sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilib. 14 sentyabr ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gün oldu, "Azəri"-"Çıraq"-"Günəşli" nəhəng neft yatağının işlənilməsində yeni dövr başladı. Bu sazişlə "Azəri"-"Çıraq"-"Günəşli" neft yatağının işlənilməsi 2050-ci ilədək uzadıldı.

Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, bu gün Azərbaycan o ölkələrdəndir ki, öz hesabına yaşayır: "Bizim kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığının azaldılması istiqamətində çox önəmli addımlar atılmışdır və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə hər hansı bir başqa maneə və ya problem yoxdur. Azərbaycan bundan sonra ancaq uğurla inkişaf edəcək, ölkəmizin böyük potensialı var. Son illər ərzində biz bu potensialı gücləndirmişik və bu potensialın inkişafında "Əsrin kontraktı"nın xüsusi rolu vardır. İndi təsəvvür etmək çətindir ki, əgər 1994-cü ildə "Əsrin kontraktı" imzalanmasaydı, biz hansı vəziyyətlə üzləşə bilərdik. Biz bu gün müstəqil siyasət aparan ölkələrdənik. Bunun təməlində bizim həm güclü siyasi iradəmiz və iqtisadi müstəqilliyimiz dayanır. Biz heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparmaq imkanlarımız, ilk növbədə, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanları da bizə "Əsrin kontraktı" yaratdı".

Röya RÜSTƏMLİ,

"Respublika".