KEYFİYYƏTLİ TOXUM BOL MƏHSULA ZƏMİN YARADIR
İqtisadiyyat

KEYFİYYƏTLİ TOXUM BOL MƏHSULA ZƏMİN YARADIR

Son illər aqrar sahədə aparılan irimiqyaslı layihələr ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfələr verir. Əkinçilikdə bol məhsulun əldə olunması bitkiyə yüksək aqrotexniki qulluq göstərilməsi ilə yanaşı, yüksək reproduksiyalı toxumdan da çox asılıdır. Buna görə respublikada toxumçuluqla məşğul olan müəssisələrin üzərinə böyük məsuliyyət düşür.

Tərtər Bölgə Təcrübə Stansiyasının direktoru Rəşad Familzadə ilə söhbət zamanı bildirdi ki, müəssisə 1933-cü ildən fəaliyyətə başlamışdır. Burada əsasən yüksək reproduksiyalı toxumların istehsalı həyata keçirilir. Əldə olunan toxumlar respublikanın bütün bölgələrində fəaliyyət göstərən iri fermer təsərrüfatlarına təsdiq olunmuş bölgü əsasında satılır (güzəştli qiymətlərlə). Əsasən "Super Elit" və "Elit" toxum növləri istehsal olunur.

Hazırda 400 tona yaxın arpa və buğda toxumlarının satışı həyata keçirilmişdir. Təcrübə stansiyasında hibridləşmə aparılır, bundan sonra fermerlərə keyfiyyətli toxum təklif olunur.

Aparılan düzgün aqrotexniki qulluq nəticəsində cari ildə hər hektardan 60-65 sentner toxumluq buğda və arpa toplanmışdır. Bu toxumdan istifadə edən fermerlər hər hektardan 55-60 sentner məhsul əldə edirlər. Müəssisənin ümumi sahəsi 650 hektar təşkil edir. Mövcud sahənin 470 hektarında səpin aparılır, torpaqlardan növbəli əkin şəklində istifadə olunur.

Cari təsərrüfat ilində 210 hektar taxıl, 110 hektar sahədə pambıq becərilmişdir. Pambığın məhsuldarlığı hər hektardan 35 sentner olmuşdur. Növbəti ilin məhsulu üçün 200 hektar sahədə payızlıq taxıl səpini başa çatdırılmışdır. Eyni zamanda, 30 hektar ərazidə seleksiya təcrübə işləri üçün də səpin aparılıb.

Təcrübə sahəsində bəzi xarici ölkələrdən gətirilmiş məhsuldar toxumlar sınaq məqsədi üçün yoxlanılır, yerli toxumlarla hibridləşmə aparılır. Hazırda 150 hektar sahədə bitiş suvarılması aparılmışdır. Bununla yanaşı, 30 hektar təcrübə sahəsində də suvarma aparılmış, yaxın zamanlarda yekunlaşacaqdır. Suya olan tələbatın ödənilməsi üçün müəssisənin balansında 10 subartezian quyusundan istifadə olunur. Müəssisə kənd təsərrüfatı texnikaları və avadanlıqları ilə tam təchiz olunmuşdur.

Vəli VƏLİYEV,

"Respublika".