Özbəkistan Azərbaycanla ticarət dövriyyəsində liderdir
İqtisadiyyat

Özbəkistan Azərbaycanla ticarət dövriyyəsində liderdir

Ölkəmizin nüfuzu günbəgün artır. İstər regionda, istərsə də digər dövlətlərlə qurulan əlaqələr, imzalanan müqavilələr bunu əyani şəkildə sübut edir. Azərbaycanın zəngin təbii sərvətlərə, keyfiyyətli neft-qaz resurslarına malik olması dövlətimizin əhəmiyyətinin artmasında mühüm rol oynayır.

Azərbaycanla Özbəkistan arasında münasibətlər böyük inkişaf yolu keçib. Hazırda bu əlaqələr iki ölkə liderinin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində şaxələnməkdədir. Bu baxımdan, Orta Dəhliz kimi böyük layihələrdə ölkələrimizin dost qismində böyük işlər həyata keçirməsi də təsadüfi deyil. Özbəkistan da, həmçinin mineral yanacaqlarla zəngindir və bu təbii sərvətdən əldə olunan gəlirlər liman, yol və dəmir yolu infrastrukturuna əhəmiyyətli dərəcədə sərmayə qoymağa əlverişli şərait yaradır. Məlum olduğu kimi, avqustun 22-də Azərbaycanın Energetika Nazirliyi ilə Özbəkistanın Energetika Nazirliyi arasında 2023-2025-ci illər üçün enerji sektorunda əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsi imzalanıb. Sənəddə Azərbaycan və Özbəkistan arasında enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulur. İmzalanma mərasimi  Azərbaycan Respublikasının  energetika naziri Pərviz Şahbazov və ölkəmizdə səfərdə olan Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş zamanı baş tutub.

Mövzu ilə bağlı danışan iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, Özbəkistan bütün ölkələri geridə qoyaraq Azərbaycanla ticarət dövriyyəsinin son 6 illik artım dinamikasında lider mövqeyə yüksəlib. Azərbaycanla ticarət sahəsində əməkdaşlıq edən 240-dan çox dövlətdən təxminən  100-ü ilə illik dövriyyə 1 milyon dollardan çoxdur. Özbəkistan məhz bu 100 ölkə arasında son 6 ildə Azərbaycandakı ticarət dövriyyəsini 1200 faizdən çox artırıb. Yəni 2016-cı ildə 15,3 milyon dollarlıq dövriyyə qeydə alınmışdısa, göstəricilər 2022-ci ildə 183,3 milyon dollara qədər yüksəlib. Bu göstəriciyə müvafiq olaraq yalnız Avstraliya bəzi hallarda Özbəkistanı üstələyir. Amma bu, dinamik şəkildə baş vermir, müəyyən səbəblərdən belə artımlar müşahidə olunur. Özbəkistanla əlaqələrimizin bu inkişaf tempi dövlət başçılarının, səlahiyyətli nümayəndələrin vaxtaşırı baş tutan görüşlərinin uğurlu nəticəsidir. Həmin intensivləşmə isə iki ölkə arasında 170-dən çox sənədin imzalanmasına gətirib çıxarıb ki, bu da Azərbaycan-Özbəkistan arasındakı əlaqələrin, o cümlədən türk dünyasının inkişafına mühüm töhfə verəcək. O ki qaldı, enerji əməkdaşlığı üzrə Yol Xəritəsinə, sözügedən sənəd çox vacibdir. Çünki iki ölkə arasında mövcud olan iqtisadi, siyasi eləcə də digər sahələr üzrə əlaqələr genişləndikcə iqtisadiyyatın mühüm bir qolu olan enerji əməkdaşlığının istiqamətini müəyyənləşdirməyə də ehtiyac var. Bu sənəd, həmçinin Azərbaycanın nəinki özünün, hətta ölkəmizin Avropanın enerji təchizatındakı rolunu, bundan başqa, tranzit ölkə olaraq əhəmiyyətini daha da artıracaq. Düşünürəm ki, enerji əməkdaşlığı geniş spektri əhatə edəcək.

Qeyd edək ki, ümumilikdə 14 istiqaməti əhatə edən Yol Xəritəsi hər iki ölkədə karbohidrogen resurslarının geoloji kəşfiyyatı və hasilatı, birgə müəssisələrin yaradılmasına dair əməkdaşlığı nəzərdə tutur. Bundan başqa, sənədə müvafiq olaraq hər iki ölkə bərpaolunan enerji, enerji sektorunda islahatlar, enerji resurslarından səmərəli istifadə, enerji keçidi, dekarbonizasiya, hidrogen istehsalı ilə bağlı informasiya və təcrübə mübadiləsi üzrə də əməkdaşlıq edəcək. Bir məqamı da qeyd edək ki, 2023-cü ilin 26 iyul tarixində "Özbəkistan Milli Elektrik Şəbəkəsi" SC ilə "Azərenerji" ASC arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq hər iki ölkənin sistem operatorları arasında əməkdaşlığın davam etdirilməsi də əsas fəaliyyət istiqamətlərindən biri kimi Yol Xəritəsində öz əksini tapıb.

Nəzrin ELDARQIZI,

"Respublika".