Ölkəmizin ən ixracyönümlü tərəvəz məhsulu
İqtisadiyyat

Ölkəmizin ən ixracyönümlü tərəvəz məhsulu

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ötən əsrin 90-cı illərinin ortalarından etibarən həyata keçirilməyə başlayan torpaq islahatları, son illərdə bu siyasətin ardıcıl davam etdirilməsi aqrar sektorda uğurlu nəticələrə səbəb olmuşdur. 2022-ci ilin yekununa görə, ölkədə 11 milyard manatlığa yaxın kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Bu əvvəlki ilə nisbətən 103 faiz artım deməkdir.

Bu artım tendensiyası ötən il də davam etmişdir. 12 milyard 210 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da əvvəlki ilin göstəricisindən 103,4 faiz artıqdır.

Kənd təsərrüfatı məhsulları içərisində ən ixracyönümlü məhsullar "ağ qızıl" (ondan alınan pambıq lifi və ipliyi), fındıq, pomidor, təzə meyvə və tərəvəzlər, meyvə və tərəvəz konservləri, bitki yağları, təbii üzüm şərabları və sairdir. Tərəvəz məhsulları içərisində pomidor öz ixrac qabiliyyətinə görə xüsusilə seçilir.

Əsl vətəni Cənubi Amerika olan pomidor Azərbaycanda XIX əsrin axırlarından etibarən əkilib-becərilməyə başlanmışdır. Ölkəmiz üçün qədim, tarixi bitki sayılmasa da, tezliklə süfrəmizin bəzəyinə çevrilmişdir. Hazırda respublikamızın əksər rayonlarında becərilən pomidorun əkin sahəsi ildən-ilə artır. Məsələn, Xaçmaz, Quba, Şəmkir, Ucar, Sabirabad kimi rayonlarda onun əkin sahələri 800-2 min hektar civarındadır. İndi bu gün pomidor hər bir evdə, ailədə mətbəximizin əvəzedilməz nemətidir.

Nədir onu insanlara bu qədər sevdirən? Əlbəttə ki, ilk növbədə bu "möcüzəni" onun keyfiyyətində, insan sağlamlığına faydasında axtarmaq lazımdır. Mütəxəssislər deyirlər ki, 1 kiloqram pomidorun tərkibində orta hesabla 6-7 faiz quru maddə, 0,8-1 faiz zülal, habelə müəyyən qədər mineral maddələr, şəkər, sellüloza vardır. C, A, B1, B2, PP vitaminləri ilə zəngindir. Odur ki, həkimlər gün ərzində hər bir insana təxminən 300-400 qram pomidor yeməyi məsləhət görürlər.

Həm də qeyd etmək lazımdır ki, Azərbaycan pomidoru öz dad və keyfiyyətinə görə dünyada seçilir. Buna səbəb ölkəmizin zəngin iqlim qurşaqları və münbit torpaqlarıdır. Reallıq odur ki, MDB məkanında, o cümlədən Rusiyanın geniş, çoxsaylı bazarlarında bizim pomidorlarla rəqabətə girə bilən məhsul yoxdur. Elə buna görə də ötən il də ixrac edilən məhsullar içərisində pomidor üstünlük təşkil edib.

Nəriman CAVADOV,

"Respublika".