Hayastanın növbəti oyunu - saxta qaçqın iddiası
Siyasət

Hayastanın növbəti oyunu - saxta qaçqın iddiası

Oktyabrın 26-da Nikol Paşinyan hökumət iclasında Qarabağdan gələn ermənilərə "müvəqqəti müdafiə" statusu verəcəyini açıqlayıb. Amma həmin statusun əsas mahiyyəti, eləcə də onun hansı kriteriyalarla müəyyən ediləcəyi barədə məlumat verilməyib.

Baş nazir bildirib ki, sözügedən məsələ ilə bağlı yekun qərar Ermənistan hökumətinin növbəti iclasında veriləcək. Paşinyanın sözlərinə görə, artıq hazırlanmış qərar layihəsi bir neçə dəfə müxtəlif formatlarda müzakirə də olunub. Əslində, Nikol Paşinyan publik şəkildə elan etməsə də, Qarabağı tərk edərək Ermənistanda yaşamağı seçən ermənilərə qaçqın statusu verilməsinin nəzərdə tutulduğunu dolayı yolla açıqlayıb. Çünki o, "müvəqqəti müdafiə" adı altında Qarabağ ermənilərinə veriləcək bu statusun həm milli, həm də beynəlxalq səviyyədə onların hüquqlarının maksimum dərəcədə müdafiəsinə imkan verəcəyini qeyd edib.

Qarabağdakı ermənilərin böyük əksəriyyəti xaricdə de-yure Ermənistan vətəndaşı kimi qəbul edilir. Bununla yanaşı, Ermənistanın istər pasport verdiyi, istərsə də vermədiyi Qarabağdan köçən ermənilərə qaçqın statusu verməsi absurddur. Çünki bu status yaşadığı yerdən məcburi şəkildə köçən şəxslərə verilir. Amma ermənilər sözügedən əraziləri məcburi şəkildə deyil, könüllü olaraq tərk ediblər. Həmin şəxslər qovulmayıb, əksinə, onlara bölgədə qalmaq təklif edilib. Bir məqamı da qeyd edək ki, qaçqın anlayışı "Qaçqınların statusu haqqında" 1951-ci il Konvensiyasında öz əksini tapıb. Belə ki, sözügedən konvensiyaya müvafiq olaraq həmin şəxslər "beynəlxalq sərhədi keçən insan"lar hesab olunur. Yəni Ermənistan qaçqın məsələsini bir daha qabartmaqla öz saxta iddialarını yenidən ifşa edir. Çünki Ermənistanın Qarabağdan gələn ermənilərə qaçqın statusu verməsi bu anlama gəlir ki, onların gəldiyi ərazilər digər ölkəyə, yəni Azərbaycana məxsusdur. Paşinyan bununla ermənilərin vaxtikən Azərbaycan-Ermənistan sərhədini keçdiyini rəsmən təsdiqləyir.

Burada diqqətçəkən digər bir məqam isə Ermənistan hökumətinin 100 min qaçqının olması barədə saxta iddialarıdır. Qarabağ iqtisadi rayonunda yaşamış ermənilərin kateqoriyaları müəyyən olunmayıb. Paşinyan hakimiyyəti bir daha özündən saxta rəqəmlər uydurmaqla səriştəsizliyini göstərir.

Ölkəmizin zamanla xalqımıza qarşı vəhşiliklər törədən cinayətkarları cəzalandırdığı məlumdur. Azərbaycanın sentyabr ayında keçirdiyi lokal antiterror tədbirlərindən sonra Qarabağdakı separatçı rejim tarixin arxivinə gömüldü. Məhz bu hadisədən sonra xunta rejiminin "liderləri"nin verdikləri açıqlamalar da Ermənistan hökumətinin yalanlarını ifşa etdi. Belə ki, onların verdiyi ifadələrdə Qarabağda Ermənistan ordusunun vaxtikən 15 minə yaxın hərbçisinin olduğu bildirilib. Həmin şəxslərin ailə üzvləri ilə birlikdə ümumi hesablama aparsaq, bu rəqəmin maksimum 40 min olması ehtimalı var. Bu isə Ermənistan hökumətinin iddia etdiyi rəqəmlərin saxta olduğunu bir daha təsdiqləyir.

Digər bir fakt isə məskunlaşmış şəxslərin əksəriyyətinin başqa dövlətlərin vətəndaşları olmasıdır. Ermənistan tərəfi iddia edir ki, Qarabağdan Ermənistana gəlmiş şəxslərdən artıq 10 mini xarici ölkələrə gedib. Bu isə o deməkdir ki, həmin şəxslərdə başqa ölkələrin pasportları var. Bütün bunlar bir daha Qarabağda əvvəldən yaşamış şəxslərin sayının təxminən 30-35 minə yaxın olduğunu və qaçqın statusunun yalnız bu sayda şəxsə verilə biləcəyini söyləməyə əsas verir. Ümumilikdə, hələ işğal dövründə Ermənistan Qarabağda yaşayan şəxslərin sayını süni şəkildə artırmaqla xaricdən böyük həcmdə ianələr, yardımlar dilənirdi. Hazırda isə "maliyyə dəstəyini itirən" Ermənistan başqa metodla - qaçqınlara yardım adı ilə yenə daimi "pul axını" təşkil etmək niyyətindədir. Elə bu səbəbdən, bu gün qaçqın statusu veriləcək şəxslərin sayının süni şəkildə artırılması Ermənistan üçün sərfəlidir.

Nəzrin ELDARQIZI,

"Respublika".