ABŞ-ın məşhur universitetində Azərbaycanla bağlı təqdimat keçirilib
Diaspora

ABŞ-ın məşhur universitetində Azərbaycanla bağlı təqdimat keçirilib

“Azərbaycanlı Tələbələr və Məzunlar Platforması”nın ABŞ nümayəndəliyinin təşkilatçılığı ilə Merilənd Universitetində müəllim və tələbələr üçün Azərbaycanla bağlı təqdimat keçirilib.

"Respublika" "AZƏRTAC"-a istinadla xəbər verir ki, Azərbaycanın Müstəqillik Günü ərəfəsində keçirilən təqdimatda ölkəmizin tarixi, bu günü, bu ilin noyabrında Bakıda keçiriləcək CO29 tədbiri barədə çıxışlar edilib, müzakirələr aparılıb.

Azərbaycanın ABŞ-dakı səfirliyinin konsulu Ceyhun Novruzov ölkəmiz barədə tədbir iştirakçılarına məlumat verib, ölkənin yerləşdiyi coğrafi mövqe, zəngin mədəni irsi, eləcə də müstəqil dövlət kimi davamlı inkişafı haqqında danışıb.

Daha sonra Azərbaycan Tələbə İcması Platformasının Vaşinqton təmsilçisi Cavid Rəhimli və Merilənd təmsilçisi Fazil Məmmədli ölkə ilə bağlı təqdimatla çıxış ediblər.

Təqdimatlarda Azərbaycanın tarixi, mədəniyyəti, Şuşaya, o cümlədən işğaldan azad olunmuş digər torpaqlara qayıdış və Qarabağda aparılan quruculuq işləri barədə danışılıb. Həmçinin tədbirdə COP29-un ölkəmizdə keçirilməsi ilin mühüm hadisəsi kimi qiymətləndirilib və bu istiqamətdə müzakirələr aparılıb.