Ermənistan tarixi fürsəti boşa verməməlidir
Siyasət

Ermənistan tarixi fürsəti boşa verməməlidir

Bu gün dünyada baş verən gərgin proseslər təəssüf ki, regionumuzdan da təsirsiz ötüşmür. Qonşumuz Gürcüstanı və Ermənistanı etiraz dalğaları bürüyüb. İrəvanda ruspərəst, Tbilisidə isə qərbyönümlü qüvvələr sabitliyi pozur. Ümumiyyətlə, region Qərb və Rusiya arasında savaş meydanına çevrilib. Lakin bu gərginlikdən fərqli olaraq Cənubi Qafqazın digər ölkəsi olan Azərbaycan sabitlik adası missiyasına uğurla davam edir. Ölkəmiz Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bütün kənar təsirlərdən mühafizə olunur. Azərbaycanın beynəlxalq arenada rolu getdikcə artır, ölkəmiz dünyada sülhsevər ölkə kimi tanınır. Noyabr ayında ölkəmizdə keçiriləcək COP29 tədbirinin əsas məqsədlərindən biri də münaqişə tərəflərini sülhə dəvət etməkdir. Ermənistanla 30 ildir davam edən gərginliyin məhz ilin sonlarına yaxın sülh müqaviləsi ilə yekunlaşması gözlənilir.

Sözügedən münaqişənin sülhlə yekunlaşması Cənubi Qafqaz üçün yeni imkanlar yarada bilər. Çünki Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində ötən əsrdən başlayan gərginlik hər iki dövlətə müəyyən qədər mənfi təsir edib. Düzdür, ölkəmiz bu təsirlərdən sığortalanıb, güclü dövlət, güclü ordu və uğurlu xarici siyasət Azərbaycanı tarixinin qızıl dövrünə çatdırıb. Ermənistan isə əksinə 30 ildir ki, iqtisadi böhranlardan xilas ola bilmir. Lakin hər halda münaqişə Ermənistanı dünyada baş verən proseslərdə çox geri atıb. Bu baxımdan, imzalanacaq sülh müqaviləsi iki dövlət üçün də yeni uğur hekayəsi ola bilər. Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə birgə keçirdiyi mətbuat konfransında da Azərbaycan ilə Ermənistan arasında imzalanacaq sülh sazişinin region üçün tarixi fürsət yaradacağını bildirib. Cənab Rəcəb Tayyib Ərdoğan Türkiyə və Gürcüstanın region ölkələri olaraq Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün əməkdaşlığı davam etdirəcəklərini vurğulayıb. Öz növbəsində, Gürcüstanın baş naziri İrakli Kobaxidze isə bildirib ki, Azərbaycan-Gürcüstan-Türkiyə formatı uğurlu əməkdaşlığın çox gözəl nümunəsi ola bilər: "Gürcüstan və Türkiyə arasında bütün sahələrdə strateji əməkdaşlığın daha da inkişaf etdirilməsi vacibdir. Biz hesab edirik ki, regional əməkdaşlığın məqsədi sülh və sabitliyə, eləcə də ölkələrimizin inkişafına kömək etməkdir. Bu baxımdan, Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatı bir-birinin suverenliyinə və milli maraqlarına hörmət edən dövlətlərin necə səmərəli və uğurlu əməkdaşlıq edə biləcəyinə bariz nümunədir".

Həqiqətən də hər üç dövlət daim regionda sabitliyin bərqərar olması üçün ciddi səylə çalışıb. Xüsusilə, Türkiyə və Azərbaycan bu prosesdə daha aktiv iştirak edir və bu gün də analoji vəziyyət hökm sürür. Təəssüf ki, regionun digər dövləti olan Ermənistan isə bu xoşməramlı missiyadan uzaq qalıb. İstər ölkəni idarə edən işğalçı rəhbərlər, istərsə də kənar dairələrin təsirinə düşən qüvvələr rəsmi İrəvanı bölgədə marionet dövlət kimi tanıdıblar. Bu gün də təəssüf ki, eyni vəziyyət davam edir. Ermənistan hökuməti illər boyu müstəqil siyasətinin olmamasından əziyyət çəkir. 30 ildir cinayətkar rəhbərlər dövlətin de-fakto müstəqilliyini şübhə altına salıb. 2018-ci ildə çevriliş nəticəsində hakimiyyətə gələn baş nazir Nikol Paşinyan da ilk vaxtlar kənar qüvvələrin dəyirmanına su töküb. Lakin ölkəmizin 2020-ci ildə 30 illik işğala son verməsi, 2023-ci ildə isə ərazi bütövlüyünü və suverenliyini tam olaraq bərpa etməsi N.Paşinyanı bir qədər geri çəkilməyə vadar edib. Bundan sonra təxribatçı əməllərinin kəsərini azaldan İrəvan hökuməti Azərbaycanın da təşviqi ilə sülhə doğru can atır. Nəhayət, Ermənsitanda hakimiyyət də başa düşür ki, sülhdən başqa yol yoxdur. Cüzi miqdarda sağa və sola meyillənmə ölkəni xaotik vəziyyətə gətirib çıxarır ki, bunun da təsdiqi hazırda ölkədə baş verən proseslərdir. Bu baxımdan, Azərbaycanla sülh sazişi imzalanmalıdır. Ölkəmizlə növbəti mərhələlərdə mümkün ola biləcək hər hansı bir əməkdaşlıq Ermənistanı iqtisadi bataqlıqdan da xilas edə bilər. Göründüyü kimi, dünyanın nəhəng dövlətlərinin havadarlığı ölkəni düşdüyü vəziyyətdən çıxara bilmir. Lakin ölkəmizlə münasibətlərin normallaşması rəsmi İrəvanın ancaq xeyrinə ola bilər. Digər tərəfdən, Ermənistan hakimiyyəti Azərbaycandan balanslı siyasət düsturunu da mənimsəməlidir. Çünki bu dövlətə kənardan edilən hər hansı bir təsir həm də regiona əl uzatmaq deməkdir. Bu isə Cənubi Qafqazda sabitliyin pozulması ilə nəticələnə bilər. Ümumiyyətlə, Ermənistan marionet statusundan çıxmalı, bölgənin etibarlı dövləti olan Azərbaycan və Türkiyə ilə əlaqələrin qurulmasında maraqlı olmalıdır.

Tacir SADIQOV,

"Respublika".