Göyçə, Nərimanlı həsrətilə yaşayan Qədir Aslan
Mədəniyyət

Göyçə, Nərimanlı həsrətilə yaşayan Qədir Aslan

Uzaq Nərimanlıdan arzularının arxasınca gələn gənc oğlan Bakıda təhsilini bitirib, doğulduğu torpağa qayıtdı. Min arzu, istək və cavanlıq şövqü ilə işə başladı. Çətin, şərəfli, həm də olduqca maraqlı yolun yolçusu idi. Özü də gözəl bilirdi ki, irəlilədikcə ayağına daşlar, kəsəklər dəyəcək, bəzən də küləklər əsəcək. Amma bütün bunlar onu qorxutmur, əksinə, daha da inadla, inamla işləməyə sövq edirdi. Axı qarşısındakı əzəli düşmənlə mübarizə onun amalı, məqsədi idi. Çörəyimizi yeyib, suyumuzu içib üzümüzə ağ olan erməni xislətini gözəl bilirdi. Onu da anlayırdı ki, erməni xainliyinin dəfələrlə baş tutmayan planı hər an reallaşa bilər. Ona görə də qələminin gücü ilə başlanan mübarizə sadəcə Nərimanlı ilə kifayətlənmədi. Yiyələndiyi jurnalist peşəsi və zəkası sayəsində Qərbi Azərbaycan mətbuatının hərəkətverici qüvvələrindən birinə çevrildi. İradəli, mətin və qətiyyətli gənc yeni nəfəsdə, ruhda yazıb-yaratmağa başladı. Bu fəallığına görə onu doğma elində "komsomol" adlandırırdılar.

Mayın 18-də Əməkdar jurnalist Qədir Aslanın 80 yaşı tamam olur. Xüsusilə Qərbi Azərbaycan mətbuatında öz yeri və dəst-xətti ilə seçilən Qədir müəllim yenə də eyni həvəs, ruhla yazıb-yaradır. Onun yaradıcılıq manevri, auditoriyası o qədər genişdir ki, bəzən harada qərar tutduğunu izləməkdə çətinlik çəkirsən. O, xaricdə yaşayan azərbaycanlılar, Qərbi Azərbaycan İcması, yurd yerlərində qoyub gəldiyimiz tarixi-mədəni abidələr, ocaqlar haqqında ətraflı yazılar hazırlayır. Q.Aslan 1944-cü ildə qədim Göyçənin Basarkeçər rayonunun Nərimanlı kəndində dünyaya gəlib. Bakıda jurnalistika fakültəsini bitirib, ata-baba yurduna - Basarkeçərə dönərək orada "Bolluq uğrunda" qəzetində müxbir kimi işə başlayıb, 20 il məsul katib vəzifəsində işləyib. Ağlına belə gətirməzdi ki, bir gün doğma yerləri tərk etmək məcburiyyətində qalacaq. Ermənistanın uzun illər apardığı işğalçılıq siyasətinin tərkib hissəsi olan deportasiya planı 1988-ci ildə həyata keçirildi. Belə ağır günlərdə Qədir müəllim də ailəsilə birlikdə Bakı şəhərinə üz tutdu. Vətəndən vətənə didərgin düşdü. 24 ildir ki, "Respublika" qəzetinin ən fəal əməkdaşı, diaspor şöbəsinin müdiridir. SSRİ Jurnalistlər İttifaqına Ermənistandan üzv olan ilk azərbaycanlı jurnalistdir.

İllər əvvəl "Respublika" qəzetində işləməyə başlayan Qədir müəllim bu gün də eyni həvəslə çalışır. O, yalnız təcrübəli qələm əhli kimi deyil, həm də doğma, mehriban insan kimi də hamımıza əzizdir. Bəli, başıuca dağların üzərinə çökmüş dumanlardan güc alan, ürəyi Göyçə sevgisi ilə döyünən, "bir gün mütləq qayıdacağıq" ümidi ilə yaşayan Qədir müəllim var...

Jurnalistika sahəsi yaradıcı mühitdir, burada yaxşı, etibarlı dostlar tapmaq o qədər də çətin deyil. Məsləhəti, məşvərəti gen olan belə insanlardan biri də Qədir müəllimdir. Yaşından, təcrübəsindən asılı olmayaraq o, hər birimizə yaxın dost, sirdaşdır. Ömrünün ahıl çağında da öz səliqəsi, zövqü ilə seçilir. Qədir müəllim ağır addımlarla otağa daxil olar, portfelini masanın üzərinə qoyub, divardan asılmış güzgünün qarşısına keçir, saçlarını səliqəyə salır. Hədsiz dərəcədə səliqəli, bir-birilə tam uyğunluq təşkil edən geyimi xüsusilə seçilir.

Qədir Aslan hər birimizə qayğı ilə yanaşır, əgər gözünə kefsiz görünsən maraqlanır, məsləhət verir. O, həm dost, həm həmkar, həm də doğma insandır. Ötən il mayın 10-u idi. Rayondan xəbər gəldi ki, atamın vəziyyəti qəfil pisləşib. Tələsik getməli oldum. Hər gün Qədir müəllim mənə zəng vurur, "narahat olma, başına dönüm, hər şey yaxşı olacaq", - deyirdi. Mənə təsəlli verir, öz mənəvi dayağını əsirgəmirdi.

Onda atama bənzər nişanələri bəzən aşikar, bəzən də gizlin izləyirəm. Hər səhər: "Qədir müəllim, necəsiniz?" deməsəm, o günü rahat olmuram. Bəzən də o bizim otağa gəlir, hal-əhval tutur. Artıq bu, bir ənənə halını alıb. Hətta iş yoldaşlarım mənim yan otağa keçdiyimi görəndə: "Qədir babanı axtarırsan?" - deyə sual edirlər. Əslində Qədir müəllimi hər gün görüb, onun: "başına dönüm, necəsən?" deməsinin arzusundayam desəm, daha doğru olar. Çünki bu söz ailəmizdə, atamdan ən çox eşitdiyim kəlmə idi. Qədir müəllim haqqında çox danışmaq, yazmaq olar. Ömür yolu bir məktəb, canlı əfsanə olan Qədir Aslan ötən günləri xatırlayaraq deyir:

"Nərimanlıdan gələndə 44 yaşım var idi, indi 80. Ömrümün bu çağında istəyərdim ki, günlərin bir günü gəldiyim yerlərə bir də dönüm. Ötüb keçdiyim həmin cığırlarla qayıdım. Bu, mənim ən böyük arzumdur. Bu yaşımda Göyçə həsrəti çəkirəm. Bütün bunlara baxmayaraq, ümidlə yaşayıram ki, yurda sarı yol alan köç karvanları Qərbi Azərbaycana da üz tutacaq. Qəribsəmiş yurd yerləri yenidən canlanacaq.

Artıq 55 ildir bu sahədəyəm, işlədiyim müddətdə 11 kitabım nəşr olunub, ötən illər ərzində özümə çoxlu dost-tanış qazanmışam. Dost sevənəm. İstəmərəm kimsə məndən narazı qalsın. Yadıma gəlmir ki, bir nəfər məndən incisin, küssün.

Yazıb-yaratmasam elə bilərəm qollarım qandallanıb, hərəkət edə bilmərəm. Hər gün, hər saat fikirləşirəm ki, qarşıdan hansı əlamətdar günlər, vacib məsələlər gəlir. Onları işıqlandırmaq lazımdır. Nəyi, nədən yazmalıyam. Elə yazı olur ki, bir həftə, 10 gün əvvəldən hazırlayıram. İşdən evə gedərkən nəvə-nəticələrimlə vaxt keçirdikdən sonra yenə də iş başına keçir, yeni mövzular haqqında düşünürəm.

Rayon qəzetində 20 il çalışmışam. O vaxt uşaqlarım da görürdülər ki, gecə-gündüz çalışıram. Onlarda da bu sahəyə maraq yarandı, sevdilər bu sənəti. 4 övladımdan ikisi peşəkar jurnalistdir. Oğlum Mövsüm uzun illər AzTV-nin Ukrayna və Şərqi Avropa ölkələri üzrə xüsusi müxbiri işləyib. Qızım Esmira isə hazırda "Respublika" qəzetinin Türkiyə üzrə müxbiridir.

2001-ci il noyabr ayında "Respublika" qəzeti redaksiyasına gəlmişəm. Həmin ərəfədə, noyabrın 9-da Dünya Azərbaycanlılarının Qurultayı keçirilirdi. Mərhum Teymur Əhmədov məni qurultaya göndərdi. O vaxt xaricdə yaşayan azərbaycanlılarla sıx əlaqələrimi nəzərə alıb, Diasporlarla iş üzrə şöbə yaradıldı və mən həmin şöbənin müdiri təyin edildim. Bütün diaspor rəhbərləri ilə münasibətim və əlaqələrim var. Eyni zamanda Qərbi Azərbaycan İcmasının üzvüyəm.

Onu da qeyd edim ki, felyeton janrında yazmağı çox sevirəm. Hələ rayon qəzetində işləyəndə məlumat gəldi ki, Daşkənd tibb məntəqəsinə yeni müdir təyin edilib, özü də ermənidir. Həm də verilən məlumatlara görə, müdir gəldiyi gündən tibb məntəqəsini qumarxanaya çevirmişdi. Qəzetin baş redaktoru Yunus Abdullayev mənə vəziyyəti öyrənməyi tapşırdı. Getdim, həqiqətən də məntəqədə 10-a yaxın cavan erməni qumar oynayırdı. Müşahidə apardıqdan sonra işə qayıtdım, vəziyyətin deyildiyi kimi olduğunu bildirdim. Gördüklərimlə bağlı felyeton yazdım. Redaktor bir nəfər erməni əməkdaşa tapşırdı ki, felyetonu erməni dilinə tərcümə etsin. Yazı qəzetdə "Xəstəxana, yoxsa qumarxana" adı ilə hər iki dildə dərc edildi. Böyük səs-küy yaradan felyetonla bağlı rayon partiya komitəsinin bürosunda müzakirə aparılıb tədbir görüldü. Həmin müdirə şiddətli töhmət verilməklə işdən azad edildi".

Qədir müəllim hər zaman aktual mövzulara toxunur və qələmə aldığı hər bir yazı oxucunu maraqlandırır, düşündürür. Bu mənada bütün ömrünü jurnalistikaya həsr edən qocaman Qədir Aslan hər birimiz üçün bir məktəb, canlı ensiklopediyadır.

Ramidə YAQUBQIZI,

"Respublika".