Bakıda 145 il əvvəl “Nobel qardaşları” şirkəti yaradılıb
Maraqlı

Bakıda 145 il əvvəl “Nobel qardaşları” şirkəti yaradılıb

1843-cü ildə İsveçdən Rusiyaya gələn Nobel qardaşlarının atası Emanuel oğulları Alfred, Lüdoviq və Robertlə Krım müharibəsinə cəlb olunmuş çar ordusu üçün silah istehsal etməyə başlayır. Onları Bakıya gətirən səbəb də məhz silah məsələsi olur. Bakı neftindən hələ bixəbər olan qardaşlardan birinci Robert Azərbaycana gəlir. Tüfəng qundağını hazırlamaq üçün onlara daha möhkəm material lazım idi. Bu isə yalnız qoz ağacından ola bilərdi. Ağac axtarışına çıxan Robert Lənkərandan Bakıya gəlir. Burada o, qaynayıb-qarışan bir şəhər görür. Buna səbəb isə əlbəttə ki, qara qızıl - neft idi.

Robert Nobel Bakıda neftlə bağlı geniş biznes imkanları olduğunu görür və qardaşlarına burada şirkət açmağı məsləhət bilir. Onlar 1875-ci ildə Bakıda "Tovarişestvo neftyanoqo proizvodstva bratyev Nobel" - "Nobel qardaşları" şirkətini yaradırlar. Qısa müddət ərzində Abşeronun bir sıra neft mədəninin sahibi olur və bir neçə zavod alırlar. Ardınca isə neft istehsalı üçün şərait yaradırlar. Bütün köhnə neft sənayesini dəyişərək mədənlərə Amerikadan neft avadanlığı və texnologiyalar, nefti müasir üsullarla çıxarmaq üçün isə Pensilvaniyadan Bakıya buruq ustaları gətirirlər. Beləcə, Azərbaycanda böyük biznesin təməlini qoyan qardaşların uğurlu karyerası başlayır. Onların ən böyük nailiyyəti - dünyada ilk neftdoldurma tankerinin yaradılması olur, 1877-ci ildə Nobel qardaşlarının sifarişi ilə İsveçdə ilk neftdoldurma gəmisi "Zoroastr" inşa edilir.

Neft ölkəsi kimi tanınan Azərbaycan artıq XIX əsrin sonlarında neft hasilatı və emalına görə Amerikanı da ötüb keçərək dünyada birinci yerdə qərarlaşmışdı. Ona görə də 1899-cu ildə hasil olunan neftin yarısı artıq Azərbaycanın payına düşürdü. Belə olan halda, XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanın neft sənayesinə xarici kapitalın axını başladı. Həmin dövrdə neft sənayesində çalışan əcnəbilərdən biri də Nobel qardaşları idi. XX əsrin əvvəllərinə yaxın Bakıda fəaliyyət göstərən 20-yə qədər xarici şirkət arasında ən aparıcı yer Nobel qardaşlarına məxsus idi və onların var-dövləti gündən-günə artırdı. Nobel qardaşlarının Bakının neft sənayesinə yeni texnologiyalar gətirməsi burada çox baha başa gələn mürəkkəb təcrübələri sınaqdan çıxarmağa imkan verirdi. Onlar neft sənayesində ilk dəfə olaraq məhz Bakıda buxar maşınından, qazma işlərində isə ilk dəfə olaraq elektrik enerjisindən istifadə etmişlər. Neft istehsalı uğurla aparılsa da, daşınmasında bir çox çətinliklər yaşanırdı. Neft hələ də zavodlara at arabası ilə daşınır və həm vaxt, həm də xərc baxımından çox baha başa gəlirdi. Bu sahədə də ilk addım Nobel qardaşları tərəfindən atıldı. Onlar sahibkarlara müraciət edərək Balaxanıdan Qara şəhərə müştərək kəmər çəkməyi təklif etdilər. Sahibkarlardan heç kimin razı olmadığını görən Lüdoviq Balaxanıdan Qara şəhərə öz hesabına kəmər çəkdirir, xərclədiyi 100 000 manatı isə bir ildə çıxarır. Kəmərin çəkilməsi nəticəsində neftin zavoda daşınması çox ucuz başa gəlir. Çəkilən neft kəməri vasitəsilə hər gün Balaxanıdan Qara şəhərə 24 min pud neft vurulur. Bu, iqtisadi cəhətdən Nobel qardaşları üçün çox əlverişli idi. Balaxanıda neftin pudu 8 qəpik olduğu halda Nobel qardaşları onu Qara şəhərdə 14 qəpiyə satırdılar. Bununla da qardaşlar bir pud neftin kəmərlə daşınması üçün 6 qəpik alırdılar. Arabaçılar isə Balaxanıdan Qara şəhərə neftin pudunu 8 qəpiyə daşıyır və onların daşıdığı bir pud neft 16 qəpiyə başa gəlirdi.

"Nobel qardaşları" şirkətinin əsas rəhbərliyi Lüdoviqin əlində cəmlənmişdi. Digər qardaş Alfred təsisçilər siyahısına daxil edilsə də, şirkətin işində iştirak etmirdi. O, İsveçdə yaşayan görkəmli alim idi. Elmi əsərlərinə görə kimya elmləri doktoru, bütün dünyada dinamitin və tüstüsüz barıtın ixtiraçısı idi. Alim hər zaman qardaşlarına öz dəyərli məsləhətləri ilə kömək edirdi. 1879-cu ildə "Nobel qardaşları" şirkəti təsis edilərkən Alfred Nobelin adına cəmi 115 min rubl məbləğində səhm alınmışdı. Şirkətin əsas kapitalının (3 milyon rubl) cəmi 3,8 faizinə bərabər olan bu rəmzi "səhm paketi"nin dəyəri 17 il ərzində artaraq 3 milyon 740 min İsveç kronuna çatır. Alfred Nobelin ümumi sərvətinin 12 faizinin Bakı neftindən əldə etdiyi gəlirlər təşkil etdiyi üçün vəsiyyət edir ki, hər beş ildən bir onun sərvətindən gələn gəlir insanlara xidmət edən şəxslərə mükafat kimi verilsin. Bu gün "Nobel mükafatı" kimi məlum olan həmin mükafat 1901-ci ildən etibarən elm xadimlərinə təqdim olunur.

Beləliklə, neft istehsalının 20 faizini, ağ neft emalının 40 faizini verən "Nobel qardaşları" şirkəti Rotşildə məxsus "Mazut cəmiyyəti" ilə birləşib "Nobel-Mazut" inhisar birliyi yaratmışdılar. Xəzər dənizi vasitəsilə Rusiya bazarlarına daşınan duru yanacağın 57 faizi, sürtgü yağlarının 57,5 faizi və ixrac olunan neftin 60 faizi bu şirkətlərin əlində idi. Həmin dövrdə Rusiyada baş qaldıran inqilabi hərəkat Bakıda da fəhlələrin tətillərinə, iğtişaşlara gətirib çıxardı. Peterburqda yaşayan Nobel qardaşlarından biri real vəziyyətlə bağlı yazırdı: "Elə gün olmur ki, mədən və zavodlarımızda fəhlələr iğtişaş salıb, maşın və avadanlıq sındırmasınlar. Ürəyimiz Bakıdadır. Bizi iflic vursa, Bakıdan vuracaq". Demək ki, Bakı Nobel qardaşları üçün olduqca əhəmiyyətli və mühüm məkan idi. Bakı neftinə marağı bolşeviklər 1920-ci ilin aprel ayında Bakını işğal edirlər və nəticədə, neft sənayesi milliləşdirilir. Doğrudur, bundan sonra Nobel qardaşlarının milyonları batmır, çünki onlar xarici banklarda idi. Lakin onların Bakı dövrü artıq başa çatmışdı. Zamanında Nobel qardaşları Azərbaycanda neft sənayesinin inkişaf etdirilməsində olduqca mühüm rol oynayıblar. Onların neft emalı sənayesinə gətirdiyi innovativ texnologiyalar Bakının qısa bir müddət ərzində dünyanın neft mərkəzlərindən birinə çevrilməsinə şərait yaratmışdı. "Nobel qardaşları" şirkətinin Bakı neftindən əldə etdiyi yüksək gəlirlər prestijli Nobel mükafatları fondunun əsasını qoymağa imkan yaratsa da, həmin mükafat nədənsə Azərbaycanı təmsil edən heç bir alimə verilməyib.

Ramidə YAQUBQIZI,

"Respublika".