Muzeylər cəmiyyətin inkişafına xidmət edir
Mədəniyyət

Muzeylər cəmiyyətin inkişafına xidmət edir

Beynəlxalq Muzeylər Şurasının (İCOM) 1977-ci ildə qəbul etdiyi qərara əsasən, 18 may bütün dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Bu əlamətdar gün bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə keçirilir.

Bu günün qeyd olunduğu hər bir ölkədə ictimaiyyətin diqqətini mədəni irsə, muzeylərin vəziyyətinə, bu sahədə mövcud olan problemlərə cəlb etmək əsas məsələdir. İCOM-a görə, muzeylər cəmiyyətə və onun inkişafına xidmət edən qurumlardır. 1946-cı ildə yaradılmış İCOM muzeyləri və muzey mütəxəssislərini təmsil edən qlobal təşkilatdır. Onun fəaliyyəti maddi və qeyri-maddi mənəvi irsin qorunması və tanıdılmasına yönəlib. Bu təşkilatın 138 ölkədən 45 minə yaxın üzvü var. Muzeylərdə maddi və mənəvi mədəniyyət abidələrimiz qorunub saxlanılır, geniş elmi, maarifləndirmə işləri aparılır.

1992-ci ildən bəri "Muzeylər və turizm", "Muzeylər və yaddaş", "Muzey kolleksiyaları birləşdirir", "Muzeylər və cəmiyyətin davamlı inkişafı", "Muzeylər və mədəni mənzərələr", "Muzeylər və mübahisəli tarix: muzeylərdə kompleksdən söhbət", "Hiperkommunikasiya dövründə muzeylər: yeni yanaşmalar, yeni auditoriyalar", "Muzeylər mədəniyyət mərkəzləri kimi: ənənənin gələcəyi", "Muzey bərabər imkanların məkanı kimi: müxtəliflik və inklüzivlik" və s. mövzular ətrafında maraqlı tədbirlər keçirilib.

Qeyd edək ki, Beynəlxalq Muzeylər Günü 2023-cü ildə "Muzeylər, dayanıqlılıq və rifah" devizi altında baş tutub. 2024-cü ilin mövzusu "Muzeylər, təhsil və tədqiqatlar"dır. Bu mövzu mədəniyyət müəssisələrinin vahid təhsil təcrübələrinin təmin edilməsində rolunu vurğulayır və daha şüurlu, davamlı dünyanın yaradılmasına təkan verir. Muzeylər dünya haqqında anlayışımızı formalaşdırmaq üçün təhsil və tədqiqatın bir araya gəldiyi məkandır. Onlar maraq, yaradıcılıq və tənqidi düşüncəni təşviq edən təhsil mərkəzləri kimi də xidmət edirlər. Bununla əlaqədar, bu il İCOM muzeylərdə elmi araşdırmaları önə çəkmək və yeni ideyaların öyrənilməsi və yayılması üçün platforma yaratmaq qərarına gəlib.

Bu bayramda dünyada bir çox muzey insanlara ödənişsiz xidmət göstərir, yeni sərgilər, tematik mühazirələr, ekskursiyalar təşkil edir. Hazırda dünyanın 158 ölkəsindən 37 min muzey bu bayramı qeyd edir. Bu ənənəyə Azərbaycan da sadiq qalır. Respublikada fəaliyyət göstərən muzeylərin demək olar ki, hamısı 18 may tarixini "açıq qapı" günü elan edir.

Aiza ŞABANOVA,

"Respublika".