Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Lavrenti Beriya

Tarixdə adı müxtəlif ədalətsiz qərarların qəbul edilməsində, böyük cinayətlər törətməkdə hallanan, Kremldə kifayət qədər nüfuz və söz sahibi olan, "Stalinin sevimli cəlladı" kimi tanınan sovet dövrünün siyasi xadimi Lavrenti Beriya... Kim idi o əslində cəllad, yoxsa Vətən xilaskarı?

Bəzi tarixçilər Beriyanın nəzarəti ilə uğurla həyata keçirilən Sovet atom bombasının sınağından ağızdolusu danışırlar. Bu tarixçilərə görə, o, kommunizm cəngavəri idi. Əksəriyyətin yaddaşında isə Lavrenti Beriya siyasi fəaliyyətində, şəxsi həyatında təhlükəli, müəmmalı və amansız bir siyasətçi kimi qalıb. Stalinin hakimiyyəti dövründə onun fəallığı və bu fəallığın arxasında gizlənən bir çox məqamlar illər ötəndən sonra bəlli olub...

Abxaziyada sadə bir kəndli ailəsində dünyaya göz açan Beriya siyasi fəaliyyətə çox erkən yaşlarından başlayıb. Hələ 16 yaşı olarkən Zaqafqaziyada inqilabi hərəkata qoşulub. Əksinqlabçılara qarşı mübarizədə fəallıq göstərən gənc Lavrenti artıq 21 yaşında Azərbaycanda Fövqəladə komissiyanın tərkibində xidmətə başlayıb. Beriya təhsilini də Bakıda, inşaat mexanika peşə məktəbində alıb.

Onun çevikliyi, təşkilatçılıq bacarığı, insanlara təsir göstərmək qabiliyyəti siyasi karyerasında mühüm rol oynayıb. Bu məziyyətlərinə görə Beriya Gürcüstanda xalq daxili işlər komissarı vəzifəsinə təyin olunub. SSRİ rəhbərliyinin, şəxsən İosif Stalinin diqqətindən yayınmayan Beriya yuxarıdan gələn rəsmi və qeyri-rəsmi göstərişlərin icrasını ən yüksək səviyyədə yerinə yetirib. Təbii ki, həmin dövrdə bu dərəcədə icraçılıq qabiliyyətinə malik insanlara böyük ehtiyac olub. Ən başlıcası isə Beriya Moskvaya sadiqliyini ustalıqla nümayiş etdirməyi bacarıb. Bu bacarıq növbəti dəfə onu bir az da irəli aparıb. Belə ki, Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsi Beriyaya həvalə olunub. Məhz bu dövrdə Stalinlə Beriya arasında daha sıx münasibətlər yaranıb. Gürcüstana rəhbərliyi dövründə Lavrenti Beriya respublikanın iqtisadi vəziyyətində dönüş yaradıb, Gürcüstan sovetlər birliyində ən inkişaf etmiş respublikalardan birinə çevrilib.

Nəhayət, 1938-ci ildə SSRİ rəhbərliyi tərəfindən Beriyanın Moskvada fəaliyyət göstərməsi məqsədəuyğun sayılaraq onu xalq daxili işlər komissarının müavini vəzifəsinə təyin ediblər. Cəmi üç aydan sonra isə o, NKVD-yə başçılıq edib. Əslində ilk vaxtlar Yejov kimi qaniçəndən sonra Beriyanın bu təşkilata rəhbərliyə gətirilməsi insanlarda NKVD xofunu bir az azaldıb. Amma NKVD yenə də əvvəlki kimi Stalinin tapşırığı ilə repressiya maşını funksiyasını yerinə yetirib. Yəni məzmun eyni olub, sadəcə format dəyişib.

Beriya Stalin üçün ən etibarlı silahdaş olub. Rəhbərin bir çox məxfi tapşırıqlarını o icra edib. Bunun müqabilində Beriya öz maraqlarını həyata keçirməkdə problem yaşamayıb. O təkcə SSRİ-də deyil, mürəkkəb və qəliz xarakteri ilə dünya liderlərinin də diqqətini çəkib. Hər addımda Beriya Stalinin etibarını öz üzərində hiss edib. Faşizmə qarşı müharibə illərində o,  Dövlət Müdafiə Komitəsinin üzvü, daha sonra isə Stalinin zəmanəti ilə komitənin sədr müavini təyin edilib. Həmin illərdə SSRİ üçün taleyüklü bütün məsələlərdə Beriyanın iştirakı vacib sayılıb. Ən ağır dövrdə Stalin SSRİ-nin atom silahı ilə bağlı layihəyə rəhbərliyini də Beriyaya həvalə edib.

Lavrenti Beriyanın Moskvadakı siyasi fəaliyyəti dövründə onun təşəbbüsü ilə iki dəfə kütləvi amnistiya aktı imzalanıb. Bu amnistiyalarda yüz minlərlə insan türmələrdən azad olunub. Ancaq bununla yanaşı, həbsxanalar onun yeni repressiya qurbanlarının hesabına yenidən dolub.

Deyilənlərə görə, Beriya hakimiyyət hərisi olduğu kimi, qadınlara da hədsiz dərəcədə maraq göstərib. Öz ehtirasının əsiri olan bu adam ağına-bozuna baxmadan, kimliyindən və harada olmasından asılı olmayaraq istənilən addımı atıb. Elə bu səbəbdən də onu "qadın manyakı" adlandırıblar. Hətta həyat yoldaşı evdə olanda da qadınları evə gətirməkdən çəkinməyib. Beriya repressiya olunmuşların həyat yoldaşlarına, bacılarına, qızlarına da tamah salıb. Bunun müqabilində isə həmin xanımların həbsdə olan yaxın adamlarının azad ediləcəyinə söz verib və vədinə əməl edib. Onun məşuqələri arasında hətta məmurların həyat yoldaşları da olub.

Beriyanın siyasi karyerası 1953-cü ilin ortalarından tənəzzülə uğrayıb. Təbii ki, təhlükəli Beriyanın mövcudluğu Xruşşova narahatlıq gətirib və gələcəkdə onun lider olmaq ehtimalı Baş katibi düşünməyə vadar edib. Həmin ilin ortalarında Nazirlər Sovetinin iclasında Nikita Xruşşov Beriyanın fəaliyyətini kəskin tənqid edərək onu dövlət əleyhinə çıxmaqda və cəsusluqda ittiham edib. Bunu gözləməyən Beriya özünə haqq qazandırmaq istəsə də Jukovun onun qollarına vurduğu qandal hər şeyə son qoyub. Bu həmin Jukov olub ki, Beriya dəfələrlə onu həbs etməyə cəhd göstərib. Beriyanın təhlükəli və hiyləgər olmasını nəzərə alaraq onu adi təcridxanada yox, Moskva hərbi dairəsinin bunkerində saxlayıblar. Beriya həbs olunandan sonra onun bütün tərəfdaşlarını, o cümlədən həyat yoldaşı və oğlunu da həbs ediblər. SSRİ Ali Məhkəməsinin hökmü ilə ona güllələnmə cəzası kəsilib. Deyilənlərə görə, o elə həbs olunan gün güllələnib, qapalı keçirilən məhkəmədə isə müttəhimlər kürsüsündə onun oxşarı əyləşibmiş...

İvan Şişkin

"Təbiət hər zaman yenidir!" söyləyən İvan Şişkin rus təsviri sənət tarixinin tanınmış mənzərəçi rəssamı, rəngkarı və qravüra ustası olmuşdur. Onun adı "mənzərə" anlayışı ilə qırılmaz tellərlə bağlıdır. Tablolarında daha çox təbiət mənzərələrinə yer verən bu rəssam rus meşələri haqqında möhtəşəm epopeyaların müəllifidir. Təbiətin füsunkar və gizli gözəlliklərini, insan ayağının dəymədiyi nadir sıx meşəlikləri tərənnüm edən İvan Şişkin erkən yaşlarından sənətə böyük maraq göstərmişdir.

Rəssam Vyatka qubernatorluğunun (indiki Tatarıstan Respublikası) Alabuqa şəhərində tacir ailəsində dünyaya gəlib. O, Moskva Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq Məktəbini bitirib və üç il vətənindən kənarda ömür sürüb. Qürbətdə olduğu illərdə daim qızıl çovdar zəmiləri, bolsulu çayları, yamyaşıl meşələri olan ucsuz-bucaqsız rus təbiətinin həsrəti ilə yaşayıb.

İvan Şişkin təkrarolunmaz rus təbiətini dərindən duyur, hiss edir və bir alim kimi analiz edərdi. Doğma təbiətinin vurğunu olan rəssam kol, bitki və çəmənlərin xarakterik xüsusiyyətlərini mənimsəmiş, bir analitik kimi ağac və yarpaqların fərqliliklərini duyaraq bu özəllikləri tablolarında əks etdirmişdir. Şişkini nə klassik, nə də romantik rəssam adlandırmaq olmaz, o, əsl realist rəssam idi. Əgər Levitanın mənzərələrində "əhvali-ruhiyyə", Savrasovun tablolarında "liriklik" duyulursa, Şişkinin mənzərələri təbiətin gerçək çılpaqlığını əks etdirirdi. Rəsmə xüsusi diqqət ayıran Şişkin naturadan işləməyi üstün tuturdu. O düşünürdü ki, naturadan yaradılan təbiət təsvirlərində fantaziyaya yer verilməməlidir. Rəssamın tablolarında daha çox küknar, şam, palıd, tozağacının təsvirinə rast gəlinir. Palıdın məğrurluğu və əzəməti, şam ağacının zərifliyi onu valeh edirdi.

İnsan fiqurlarına rəssamın tablolarında az rast gəlinir. O, təbiəti təsvir etməyi daha üstün tutduğundan, insan fiqurları epizodik xarakter daşıyırdı. Çox vaxt bu işdə ona rəssam dostları kömək edirdilər. Doğma təbiətinə vurğun olan Şişkin bütün ömrü boyu Rusiyanı qarış-qarış gəzərək füsunkar rus təbiətinin hər detalını öyrənmiş və təbiətin ruhunu duymuşdur. Məhz bu səbəbdən Şişkini Rusiyanın milli mənzərəçi rəssamı adlandırırlar. Müəllifin "Şam meşəsində səhər" əsəri rus incəsənətinin simvolu hesab edilir.

İki dəfə ailə quran rəssam faciəli ömür yaşayıb: iki sevimli xanımını, oğullarını torpağa tapşırıb. Amma onun həyat eşqi ilə çağlayan bənzərsiz mənzərələrinə tamaşa edəndə, bütün bunların dərdli adamın məhsulu olduğunu düşünmək çətindir. Qəribə bir paradoksdur, amma bəlkə də sadəcə böyük sənətkarın fırçasından çıxmış bir ovsundur. Şişkinin mənzərələrində insan təsvir olunmasa da onun varlığı daim hiss olunub. Onun tablolarına baxan tamaşaçı özünü bu mənzərənin içində təsəvvür edir.

Rəssam yeni bir əsər üzərində işləyərkən 66 yaşında qəflətən vəfat edib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".