Sakit okean cənnəti, yoxsa barıt çəlləyi?
Siyasət

Sakit okean cənnəti, yoxsa barıt çəlləyi?

XVII əsrdən XX əsrin ortalarına qədər Fransanın müstəmləkəçilik siyasəti dünyanın bir çox yerində dağıdıcı təsirə malik olub. Afrika, Asiya, Amerika və Sakit okeanı əhatə edən Fransa müstəmləkə imperiyası iqtisadi istismar, mədəni assimilyasiya, hətta soyqırımı kimi səciyyələndirilən cinayətlərlə yadda qalıb. Assimilyasiya, iqtisadi istismar və hərbi repressiya siyasəti yerli əhalinin mədəniyyətlərinin məhvinə gətirib çıxarıb.

Fransa əsasən, qərbi, mərkəzi və şimali Afrikada koloniyalar yaradıb. Fransızlar bu ölkələrdə müqaviməti yatırtmaq üçün sərt tədbirlər həyata keçiriblər. 1830-cu illərdə Əlcəzair ölkəsi xüsusi qəddarlıqla ələ keçirilib. Kütləvi qətllər, icmaların köçürülməsi zamanı fransız hərbçiləri yerli əhali arasında aclığa və ölümə səbəb olan torpaqların yandırılması taktikasından da istifadə edib. Bir çox xalq fransız müstəmləkəçiliyinin ağır istismarına və vəhşiliklərə məruz qalıb. Həm də bu, milyonlarla insanın ölümünə səbəb olub. Fransız müstəmləkəçiliyi Hind-Çində (indiki Vyetnam, Laos və Kamboca) mədəni və iqtisadi istismarla nəticələnib. Müstəmləkə siyasətinin tətbiqi nəticəsində ağır vergilər, məcburi əmək və torpaqların müsadirəsi yoxsulluq, şiddətli repressiyalarla müşayiət olunub. Məsələn, 1930-cu ildə Yen Bai qiyamını Fransa hakimiyyəti qanlar bahasına yatıra bilib.

Karib hövzəsində Fransanın Sen-Dominq müstəmləkəsi (indiki Haiti) gəlirli şəkər plantasiyalarına görə ən varlılardan biri olub. Köləliyin şərtləri qeyri-adi dərəcədə ağır idi və müqavimət həddindən artıq şiddətlə qarşılanırdı. Haiti inqilabı (1791-1804) qaradərililərin ilk respublikasının qurulması ilə nəticələndi. Bununla belə, Fransa bölgəyə nəzarəti bərpa etmək cəhdləri edib. Okeaniyada Fransanın müstəmləkəçilik fəaliyyətinə Taiti və Yeni Kaledoniya kimi bir neçə adanın ilhaqı da daxildir. Yeni Kaledoniyada kanak xalqı torpaqlarından məhrum edilib və məcburi əməyə məruz qalıb. Onların müqaviməti hərbi repressiya və kütləvi qırğınlarla qarşılanıb.

Yeni Kaledoniyanın XIX əsrə qədər davam edən uzun müstəmləkəçilik tarixi var. Yerli kanak xalqının müstəqillik uğrunda mübarizəsi daha böyük muxtariyyət və müstəqillik verən referendumun keçirilə biləcəyini vəd edən 1998-ci il Numea razılaşması ilə yekunlaşıb. Son illərdə gərginlik yenidən artıb. Yeni Kaledoniya Fransadan müstəqillik almaq üçün üç referendum keçirib (2018, 2020 və 2021-ci illərdə). Hər dəfə əksəriyyət Fransanın bir hissəsi kimi qalmağa səs verib. Müstəqillik tərəfdarları, ilk növbədə, kanak icması, prosesin status-kvonun saxlanması lehinə olduğunu hiss edərək məyusluğunu ifadə edib. Yerli kanak əhalisi ilə Avropa əsilli köçkünlər (Kaldoçlar kimi tanınır) arasında iqtisadi bərabərsizliklər mövcuddur. Kanaklar iqtisadi cəhətdən təcrid olunublar və Yeni Kaledoniyanın zəngin təbii ehtiyatlarından, xüsusən nikeldən əldə edilən gəlir onların arasında ədalətli şəkildə bölünmür.

Üstəlik, rəsmi Paris kanak mədəniyyətinin, dilinin qorunması və təbliği üçün heç bir iş görməyib, bu da mədəni aşınmaya gətirib çıxarıb. Kanak icmasının torpaqları və resursları adekvat məsləhətləşmələr və ya kompensasiyalar olmadan istismar olunur. Bu, onların həyat tərzinə təsir edən ekoloji deqradasiya yaradır.

Yeni Kaledoniya adasında baş verən iğtişaşların yüzlərlə iştirakçısı həbs edilib. Ali komissar Lui Le Frank keçirdiyi mətbuat konfransında iğtişaşlar zamanı 200 nəfərin həbs edildiyini, 64 jandarm və polisin yaralandığını bildirib. O, jandarm qüvvələrinin adada təxminən 5 min, paytaxt Numeada isə 3-4 min etirazçı ilə qarşılaşdığını söyləyib. Xatırladaq ki, etirazların üçüncü gecəsində dörd nəfərin öldürülməsinə, avtomobillərin yandırılmasına və talançılıq hallarına görə Fransa Yeni Kaledoniyada fövqəladə vəziyyət elan edib. Ərazidə "TikTok" platformasına giriş məhdudlaşdırılıb.

Fransanın daxili işlər naziri Jeral Darmanen "France 2" telekanalına müsahibəsində Azərbaycanı Yeni Kaledoniyada iğtişaşlara "müdaxilə etməkdə" ittiham edib. Fransız mediası da öz növbəsində Yeni Kaledoniyada meydana gələn üsyanda ölkəmiz günahlandırıb. Lakin Azərbaycanın məzlum və müstəmləkə xalqlarına dəstəyi onun tarixi təcrübələrinə əsaslanır. Diplomatik səylər, humanitar yardımlar və beynəlxalq təşkilatlarda fəal iştirakla dövlətimiz özünün ədalət tərəfdarı olduğunu nümayiş etdirir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin Fransanın daxili işlər naziri Jeral Darmanenin "France-2" telekanalına müsahibəsində Azərbaycana qarşı səsləndirdiyi iddialarla bağlı şərhində bildirib ki, Fransanın daxili işlər nazirinin səsləndirdiyi növbəti əsassız fikirləri tamamilə rədd edirik: "İlk növbədə, Fransa tərəfinin Azərbaycana qarşı təhqiramiz ifadələrini bir daha qətiyyətlə pisləyir və ermənilərin kütləvi şəkildə qətlə yetirilməsi kimi qəbuledilməz ittihamlarla Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasını dayandırmağı tələb edirik". Həmçinin XİN rəsmisi bəyanatında Fransa tərəfinin Azərbaycanla bağlı son açıqlamasına görə üzr istəməli olduğunu deyib.

Fransanın silahsız mülki əhaliyə qarşı hərbi güc tətbiq etməsi dərin narahatlıq doğurur. Bu ciddi eskalasiyanı əks etdirir və insan haqları ilə bağlı əhəmiyyətli problemlər yaradır. Silahsız mülki şəxslərə qarşı hərbi gücdən istifadə ciddi insan hüquqları pozuntusudur. Fransanın hərəkətləri insan haqları təşkilatları, xarici hökumətlər və beynəlxalq qurumlar tərəfindən qınanılmalıdır. Silahsız mülki şəxslərə qarşı hər hansı hərbi əməliyyatlar dərhal dayandırılmalıdır. Fransa hökuməti dialoqa və münaqişənin sülh yolu ilə həllinə üstünlük verməlidir. Fransanın Yeni Kaledoniyada silahsız kanak xalqına qarşı hərbi güc tətbiq etməsinə qarşı təcili tədbirlər görülməlidir. Beynəlxalq ictimaiyyət, insan haqları təşkilatları və bununla bağlı bütün tərəflər gərginliyi azaltmaq və ədalətli həll yolu tapmaq üçün birlikdə çalışmalıdırlar.

Azərbaycan tarixən müstəmləkə xalqlarının tərəfində olub. Yeni Kaledoniya da daxil olmaqla bir çox xalq bu dəstəyə görə Azərbaycana dəfələrlə təşəkkür edib və etirazlarda Azərbaycan bayrağını daşıyıblar. Qoşulmama Hərəkatının üzvü kimi Azərbaycan inkişaf etməkdə olan ölkələrin maraqlarını müdafiə edir. 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə də ölkəmiz suverenlik, ərazi bütövlüyü və siyasi müstəqilliyin vacibliyini vurğulayaraq üzv dövlətlər arasında həmrəyliyə dəstək verib.

Bakı Təşəbbüs Qrupu və Fransanın son koloniyaları olan Kanaki (Yeni Kaledoniya), Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianası, Martinik, Qvadelupa və Korsikadakı müstəqillik uğrunda mübarizə aparan 14 siyasi hərəkat birgə Bəyanat yayıb. Bəyanatda Fransa hökumətinin Kanaki-Yeni Kaledoniyada seçici sayının artırılması lehinə qanunsuz dəyişiklik etməsi pislənilib, müstəqillik uğrunda ədalətli mübarizəsində kanak xalqına tam dəstək ifadə olunub. Həmçinin Fransanın son müstəmləkələri olan Kanaki (Yeni Kaledoniya), Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianası, Martinika, Qvadelupa və Korsikada müstəqillik uğrunda mübarizə aparan siyasi hərəkatların nümayəndələri Bakı Təşəbbüs Qrupunun çağırışı ilə "Kanak xalqı ilə həmrəylik" adlı videokonfrans təşkil ediblər. Tədbirdə Yeni Kaledoniyadan olan nümayəndələr Fransa polisi və jandarma qüvvələri tərəfindən son günlər paytaxt Numeada və ətraf ərazilərdə törədilən vəhşiliklər barədə ətraflı məlumat veriblər.

Ümumilikdə, Fransanın müstəmləkəçilik siyasəti iqtisadi istismar, mədəni assimilyasiya və hərbi sıxışdırma ilə yadda qalıb. Müxtəlif bölgələrdə təsirlər fərqli olsa da, yerli əhali həmişə əziyyət çəkib. Nəzarət adı altında törədilən vəhşiliklər həmişə etirazlarla qarşılanıb.

Nurcan SÜLEYMANOVA,

"Respublika".