Siyasət

"Mübarizə adası": Yeni Kaledoniyada "fransız çəkmələri"nin izləri

Fransa dövlətinin əsrlərdir davam etdirdiyi neokolonialist siyasəti heç kəsə sirr deyil. 

Qətllər, mina terroru, qanlı əməllər, müstəmləkəçilik siyasəti Fransanın danılmaz keçmişidir. Afrikanın 35 faiz ərazisi 300 il Fransanın əsarətində qaldı, Seneqal, Fil Dişi Sahili və Benin kimi ölkələr o illərdə Fransanın qul ticarəti mərkəzləri kimi istifadə edildi, əsrlərlə davam edən müstəmləkəçilik dövründə milyonlarla afrikalı həyatını itirdi. 1945-ci il mayın 8-də Fransa Əlcəzairdə soyqırımı törətdi ki, bu soyqırımında da 5 milyondan çox müsəlman həyatını itirdi.

Tarixin ən böyük soyqırımlarından biri sayılan və 800 min insanın həlak olduğu 1994-cü il Ruanda soyqırımında da yenə Fransanın barmağı var idi. Bu ölkənin törətdiyi insanlıq və bəşəriyyət əleyhinə cinayətlər tarixin qara səhifələridir. Müstəmləkə illərində Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini kütləvi surətdə qətlə yetirdi. Ümumiyyətlə, Fransanın müstəmləkəçilik siyasəti həyata keçirdiyini təsdiqləyən faktlar çoxdur. Əlcəzair, Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Benin, Kot-d'İvuar, Mərkəzi Afrika Respublikası, Qabon, Toqo, Kamerun, Vyetnam, Qəmər Adaları İttifaqı, Haiti və digər ölkələrdə milyonlarla günahsız insan, o cümlədən qadın və uşaqlar Fransa tərəfindən qətlə yetirilib. Bu, Makronun yürütdüyü irqçi siyasətlə daha da genişləndi. Fransa özü unutsa da, dünya bu qətliamları unutmur.

Bundan başqa, Yeni Kaledoniya illərdir Fransanın ikiüzlü siyasəti ilə qarşı-qarşıyadır. Sakit okeanın cənub-qərb hissəsində adalar qrupundan ibarət olan bu dövlət 1853-cü ildən Fransanın tabeliyindədir. Əslində Yeni Kaledoniya 1986-cı ildən müstəmləkə siyasətindən azad olub müstəqillik mübarizəsinə başlasa da Fransa hələ də onlara qarşı kolonializm siyasətini davam etdirir. Fransanın siyasəti nəticəsində kanakların həyat tərzində, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə müstəmləkəçilik dövrünün problemləri hələ də yaşanır. Kanaklar neokolonializmə qarşı çıxaraq azad gələcək uğrunda mübarizə aparırlar. Bu səbəbdən müstəqillik referendumunun keçirilməsini tələb edirlər. 2021-ci il dekabrın 12-də keçirilən referendum pandemiya ilə üst-üstə düşdüyünə görə Yeni Kaledoniya dövləti onun təxirə salınmasını xahiş edib. Lakin Fransa referendumu keçirib və nəticədə Yeni Kaledoniya əhalisinin 57 faizi burada iştirak edə bilməyib. Fransa tərəfinin ikiüzlülük siyasəti bir daha özünü göstərib.

Ədalət təmsilçisi Azərbaycan haqları tapdanan, Fransa tərəfindən sıxışdırılan dövlətlərin öz sözünü rahatlıqla deyə bilmələri üçün tədbirlər təşkil edir. Ötən il iyun ayının 5-6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşü çərçivəsində "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" adlı konfrans keçirilib. Burada bir çox ölkələrdən nümayəndələr iştirak edib. Öz səslərini beynəlxalq aləmə çatdırmağa şərait yaratdığı üçün iştirakçılar Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Konfransda iştirakçılar tərəfindən Bakı Təşəbbüs Qrupu (BTQ) yaradılıb. Qeyd edək ki, BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir. Bu xüsusda, BTQ ötən il sentyabrın 22-də BMT-də "Dekolonizasiya: Sakit inqilab" mövzusunda konfrans da təşkil olunub. Bundan başqa, 2023-cü il oktyabrın 20-də paytaxtda BTQ-nin təşkilatçılığı ilə "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" adlı beynəlxalq konfrans keçirilib. Toplantıda Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin, həmçinin Korsika təmsilçiləri öz haqlı üsyanlarını dünyaya çatdırmaq üçün iştirak edib. Var gücü ilə Cənubi Qafqazda sülhün və ədalətin bərpasına mane olmağa, Azərbaycana qarşı "təzyiq kampaniyası" yürütməyə çalışan rəsmi Paris bunun qarşılığını alacağını da düşünməli idi.

Son günlərin hadisələri göstərir ki, Fransanın əbədi "müstəmləkə arzuları" ürəyində qalacaq. Kanaklar zülmə etiraz edərək ayağa qalxıb və bu aksiyalar şiddətli toqquşmalara çevrilib. İğtişaşlar üç nəfərin ölümünə də gətirib çıxarıb. Gərginliyi azaltmaq yerinə şiddəti artıran polis nümayişçiləri gözyaşardıcı qazla dağıtmağa çalışıb, hətta odlu silahdan atəş açılıb. Hadisələrlə bağlı Yeni Kaledoniyaya təxminən 1800 polis və jandarm göndərilib və adada 10 günlük fövqəladə vəziyyət elan edilib.

Öz gözündə çöpü görməyən Fransa belə bir vaxtda Azərbaycana qarşı əsassız iddialar irəli sürür. Fransanın daxili işlər naziri Jeral Darmanen Bakını Yeni Kaledoniyadakı iğtişaşlara "müdaxilə etməkdə" ittiham edib. 4 ildir ki, qərəzli və separatçı mövqeyi ilə özünü daha da pis vəziyyətə salan, erməniləri boş yerə qızışdıran, sülhə və sabitliyə mane olan Fransanın ölkəmizi ittiham etməsi gülüncdür. Hazırda qarşıdurmaların şiddətlənməsinin səbəbi Fransanın seçki və digər məsələlərdə üstünlük yaratmaq istəyidir. Bununla razılaşmayan yerli əhali aksiyalar təşkil edir, etirazlarını bildirirlər. Sözügedən məsələlərdə Fransanın başqa dövlətləri günahlandırması onun acizliyinin göstəricisidir.

"İlk növbədə Fransa tərəfinin Azərbaycana qarşı təhqiramiz ifadələrini bir daha qətiyyətlə pisləyir və ermənilərin kütləvi şəkildə qətlə yetirilməsi kimi qəbuledilməz ittihamlarla Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasını dayandırmağı tələb edirik. Fransa daxili işlər nazirinin öz ölkəsinin uzun illər həyata keçirdiyi müstəmləkəçilik siyasətinin tərkib hissəsi kimi yerli xalqlara qarşı insanlıq əleyhinə cinayətlər törətməsini, milyonlarla günahsız insanın vəhşicəsinə qətlə yetirilməsi tarixini xatırlaması daha münasib olardı". Bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Fransanın daxili işlər naziri Jeral Darmanenin "France-2" telekanalına müsahibəsində Azərbaycana qarşı səsləndirdiyi iddialarla bağlı söyləyib. O bildirib ki, Azərbaycan müstəqilliyini bərpa edəndən bəri daim demokratik dəyərlərə sadiq cəmiyyət kimi formalaşıb və inkişaf edib. "Azərbaycan müxtəlif etnik və dini mənsubiyyətə mənsub insanların mehriban, təhlükəsiz şəraitdə yaşadığı ölkədir. Fransa tərəfi bu açıqlamaya görə üzr istəməlidir. Əks təqdirdə, bu, Azərbaycan-Fransa münasibətlərinə daha mənfi təsirlərə gətirib çıxaracaq".

Fransa tarixdə daim müstəmləkəçilik siyasətini həyata keçirən, hər zaman öz sərhədlərindən çox uzaq ərazilərə göz dikən bir dövlət kimi mövcud olub. Fransa tarix boyu həyata keçirdiyi müstəmləkəçilik, soyqırımı siyasətinin nəticələrindən utanmalıdır.

Röya RÜSTƏMLİ,

"Respublika".