QƏDİM GƏNCƏNİN TARİXİ İNCİLƏRİ - KARVANSARALAR
Mədəniyyət

QƏDİM GƏNCƏNİN TARİXİ İNCİLƏRİ - KARVANSARALAR

Azərbaycanda ticarət yolları üzərində və mərkəzlərində yüksək zövqlə tikilmiş böyük karvansaralar hələ qədimdən mövcud olub. Belə ki, Şərq və Qərb mədəniyyətlərinin sıx şəkildə əlaqədə olması, ticari-mədəni əlaqələrin genişlənməsi karvansaraların əhəmiyyətini artırırdı. Vaxtilə məşhur Bakı Multani, Qaraçı, Naxçıvan, Qarabağ, Dərələyəz, Şəki və Gəncə karvansaraları həmişə qonaqlı-qaralı olmuşdur. Karvansaraların tikintisi zamanı uzaq ölkələrdən gələn tacirlərin rahatlığı, malının təhlükəsizliyi üçün hər şey nəzərə alınmışdır. Yaraşıqlı və ağır darvazalar qonaqpərvərliklə tacirlərin üzünə açılsa da, bağlandıqda alınmaz bir qalaya çevrilirdi. Əslində hərbi və sərhədlərin müdafiəsi məqsədilə tikilmiş, sonralar daha çox ticarət əhəmiyyəti daşıyan bu binalar - karvansara adlandırılmışdır.

Böyük ticarət mərkəzlərindən sayılan Gəncədə də tacirlərin və qonaqların rahatlığı üçün yaxşı şəraitin yaradılması vacib məsələlərdən olmuşdur. Bu baxımdan, qədim şəhərdə yetərincə yaraşıqlı karvansaralar inşa olunsa da, əfsus ki, onlardan yalnız bəziləri bu günümüzə qədər qalmışdır.

Qədim Gəncənin nadir incilərindən olan "Şah Abbas" Karvansarası şəhərin mərkəzində xoş ansambl yaradıb. Karvansaranın inşasına Şah Abbas Səfəvinin göstərişi ilə başlanılıb. Onun layihələndirilməsinə və tikintisinə şərqin ən böyük memarlarından olan Şeyx Bəhaəddin Amili rəhbərlik edib. Azərbaycan memarlığının şah əsərlərindən sayılan Şah Abbas məscidi və karvansara ümumi memarlıq kompozisiyası, planlaşdırma, konstruktiv və bədii-dekorativ xüsusiyyətlərinə görə orta əsr Azərbaycan memarlığının incilərindəndir. İnsanların təhlükəsizliyi üçün Karvansara, Çökək Hamam və Şah Abbas məscidi ilə yeraltı yollarla əlaqə saxlanılıb. Onu xüsusilə qeyd etmək lazımdır ki, olduqca qədim strateji əhəmiyyətə malik Gəncənin yeraltı və ya yeraltı fayton yolları qədim şəhərdə vaxtilə istifadə edilmiş, lakin sonralar baxımsızlıqdan yararsız hala düşmüşdür. Bu yeraltı yollar sığınacaq, daldalanacaq və şəhərin giriş-çıxışı kimi nəzərdə tutulmuşdur. Mənbələrə görə, bu yollar Aran memarlıq üslubunda inşa edilmişdir. Yollar tağlarla hörülmüş, çirkab sularının axıdılması üçün xüsusi arxlar qazılmış, fayton üçün geniş keçid qoyulmuşdur. Bu yolların inşası zamanı burada faytonların hərəkət etməsi də nəzərə alınmışdır. Görkəmli elm xadimi və tanınmış memar Şeyx Bəhaəddin Amili 1606-cı ildə Gəncə şəhərində aparılan yenidənqurma işlərinə rəhbərlik etdiyi zaman yeraltı yollara xüsusi həssaslıqla yanaşmış, onların qorunmasını təmin etmişdir. Həm də yeraltı yollar əsasən döyüş zamanı hərbi strateji məqsədlər uçun istifadə olunmuşdur. Belə ki, yadellilərin şəhərə hücum və yürüşləri zamanı bu yollardan istifadə etməklə şəhərin mülki əhalisini qorumaq mümkün olmuşdur. Eyni zamanda, burada ərzaq və silah anbarları da yerləşdirilmişdir. Aparılmış tədqiqatlar nəticəsində məlum olmuşdur ki, üç istiqamətdə tikilmiş yollar şəhərin demək olar ki, bütün ərazilərini bir-biri ilə birləşdirmişdir.

Bişmiş qırmızı kərpiclərdən inşa olunan yaraşıqlı memarlıq nümunəsi olan ikimərtəbəli bina 1613-1614-cü illərdə istifadəyə verilib. İkimərtəbəli karvansaranın həyətində təqribən 114 tikili olub. Dövrünün səyyah və tacirlərini öz gözəlliyi ilə heyran edən karvansarada 54 tək adamlıq, 15 böyük otaq, xəlvətxana, yeməkxana, çayxana, həmçinin digər məqsədlər üçün istifadə olunan otaq, dam və anbarlar olmuşdur. XVII-XVIII əsrlərdə Gəncədə ən nüfuzlu karvansara olan bu abidə 1905-ci ildə ermənilərin Gəncə şəhərində törətdiyi qırğın zamanı yandırılıb və ciddi dağıntıya məruz qalıb.

XX əsrin sonunda karvansaranın binasında Gəncə Humanitar Kolleci yerləşdirilib. Bundan başqa, binanın bir hissəsi Məhsəti Gəncəvi muzeyi kimi fəaliyyət göstərib. Binanın fasadında şairənin heykəli qoyulub. 2011-ci ildən ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq göstərişlərinə əsasən "Şah Abbas" karvansarası əsaslı şəkildə əvvəlki görkəminə uyğun və müasir infrastrukturla təmin edilməklə yenidən bərpa olunub. Tikinti-bərpa işlərində Şəkidə istehsal olunan bir milyon ədəd qırmızı kərpic işlədilib, XVII əsrdə olduğu kimi, əsasən əhəng və qum qarışığından istifadə edilib. Sovetlər dönəmində bir neçə dəfə yöndəmsiz təmirə məruz qalan karvansaranın tarixiliyini qorumaq məqsədilə əvvəllər inşa edilən əlavə tikililər sökülüb. Tarixi abidə möhkəmləndirilib, qəzalı vəziyyətdə olan hissələri təmir olunub, kommunikasiya xətləri çəkilib, dam örtüyü dəyişdirilib, fasadın uçmaq təhlükəsində olan sağ divarı bərpa edilib, həmçinin binanın bütün hücrə və otaqları əvvəlki görkəminə qaytarılıb.

"Şah Abbas" karvansarasına bitişik kiçik frontal kompozisiyalı, birmərtəbəli "Uğurlu xan" karvansarasında tikinti-bərpa işləri aparılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncədə "Şah Abbas" və "Uğurlu Xan" karvansara kompleksinin bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak ediblər. Yaradılan şəraitlə tanış olan ölkə başçısına məlumat verilib ki, şəhərin tarixən formalaşmış mərkəzi hissəsi gəncəlilər tərəfindən "Şah Abbas meydanı" adlandırılan bazar meydanı olub. Özünəməxsus memarlıq elementlərinə görə Gəncənin baş meydanı Azərbaycanın əksər şəhərlərindəki bazar meydanlarından seçilib. Bu meydan XVII əsrdə böyüklüyünə görə yalnız Təbrizin bazar meydanından geri qalırmış. Ehtimal olunur ki, bazar meydanının ətrafında "Şah Abbas" karvansarası 1663-1664-cü illərdə Gəncə bəylərbəyi olmuş Murtuza Qulu xan Ziyad oğlunun qardaşı oğlu Uğurlu xanın vəsaiti ilə memar Şeyx Bahaəddin Məhəmməd Amilinin planı üzrə tikilmiş və xan nəslinə məxsus olmuşdur. Karvansara dövrünün əzəmətli tikililərindən olduğundan Uğurlu xan ona böyük hökmdar Şah Abbasın adını verib. Eyni dövrdə tikilmiş nisbətən kiçik karvansara isə əhali arasında "Uğurlu Xan" karvansarası adlandırılmışdır.

XIX əsrin birinci yarısında Rusiya-İran müharibəsindən sonra Azərbaycanın şimal hissəsinin böyük şəhərlərində rus hərbi qarnizonları yerləşdirilmiş və rus qoşunları tərəfindən bütün xan mülkü kimi karvansaralar da müsadirə edilmişdir. Bu və digər səbəblərdən abidə öz görkəmini itirmişdi. Artıq "Şah Abbas" karvansarası əsaslı şəkildə əvvəlki görkəminə uyğun və müasir infrastrukturla təmin edilməklə yenidən bərpa olunmuş, ətraf ərazi abadlaşdırılmışdır. Gəncəlilər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Gəncəyə göstərilən sonsuz diqqət və qayğıya görə minnətdarlıqlarını bildirirlər.

Zabit XƏLİLOV,

"Respublika".