YENİ AVTOMOBİL KÖRPÜSÜ İNŞA OLUNUB
Region

YENİ AVTOMOBİL KÖRPÜSÜ İNŞA OLUNUB

Astara

Şiyəkəran kəndini iki hissəyə ayıran Pensərçay üzərindəki körpü uzun illər qəzalı vəziyyətdə olub. Keçən ilin sentyabr ayında intensiv yağışlar nəticəsində güclü sel suları körpünün dayaqlarını zədələmiş, təhlükəli həddə çatdırmışdır.

 Nəqliyyat vasitələrinin körpü üzərində hərəkəti narahatlıq yaradırdı və 6 min nəfərə yaxın sakin üçün ciddi problemə çevrilmişdi. Əhali təsərrüfat işləri ilə məşğul olmaqda, şagirdlər məktəbə getməkdə çətinlik çəkirdilər.

Kənd camaatı vəziyyətlə əlaqədar Astara Rayon İcra Hakimiyyətinə və respublika təşkilatlarına müraciəti cavabsız qalmayıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yeni körpünün tikintisinə başlanıldı. Qısa vaxtda uzunluğu 34 metr, eni 10 metr olan yeni avtomobil körpüsü inşa olundu.

Sakinlər təzə körpünün istifadəyə verilməsini böyük sevinclə, razılıqla qarşılayıblar. Açılış mərasimində Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək bildirdi ki, ölkəmizin hər yerində tikinti, təmir, abadlıq, quruculuq işləri geniş vüsət alıb. Astara rayonunda da təzə məktəb binaları ucaldılır, müasir layihələrə uyğun yollar tikilir,  körpülər salınır, turizm obyektləri inşa olunur. Yaşayış məntəqələrindəki elektrik təsərrüfatları yenilənir, mənzillərə sürətli internet xətti çəkilir, əhalinin rifah halı yüksəlir.

Sakinlər sosial problemlərin həllinə yüksək diqqət və qayğı göstərdiyinə görə dövlətimizin başçısı cənab İlham Əliyevə  dərin minnətdarlıqlarını bildirdilər.

Əlisəfa HƏSƏNOV,

"Respublika".