Fındıqçılıq super intensiv texnologiyalarla inkişaf etdirilir
İqtisadiyyat

Fındıqçılıq super intensiv texnologiyalarla inkişaf etdirilir

Son illər ölkəmizdə meyvəçiliyin, o cümlədən fındıqçılığın inkişafına diqqət artmışdır. Ölkə başçısının tapşırığına əsasən fındıq sahələri genişləndirilmiş, məhsul istehsalı xeyli yüksəlmişdir. Fındıqçılıqla məşğul olan fermer və  sahibkarlar qarşısında bağların vəziyyətinin əsaslı surətdə yaxşılaşdırılması və məhsuldarlığın daha da artırılması vəzifələri qoyulmuşdur. Məhsul istehsalının artırılması bu sahədə yeni texnologiyaların tətbiqini zəruri edir. Məhsul istehsalçıları ilə bərabər, bu işdə bağçılıqla məşğul olan elmi-tədqiqat müəssisələrinin üzərinə də böyük vəzifələr düşür.

Respublikamızda fındıqçılıqda müasir texnologiyalardan istifadə olunması və əldə olunan yüksək nəticələr barədə Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik, Çayçılıq Elmi Tədqiqat İnstitutunun meyvə bitkilərinin becərmə texnologiyası şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, "Əməkdar Kənd Təsərrüfatı işçisi" Vahid Əliyev deyib: Hazırda respublikamızda fındıq bağlarının ümumi sahəsi 81,5 min hektar təşkil edir. Fındıqçılıqla əsasən Quba-Xaçmaz, Şəki-Zaqatala iqtisadi zonalarına daxil olan rayonlar məşğuldur. Ölkə başçısının kənd təsərrüfatına göstərdiyi daimi qayğı nəticəsində fındıqçılığın inkişafında əsaslı dönüş yaranmış, ixrac yönümlü bu məhsulun super intensiv yolla istehsalına başlanılmışdır. 2016-cı ildən indiyədək fındıq bağlarının ümumi sahəsi 48,8 min hektar artırılmış, orta hesabla bir  hektar sahədən məhsuldarlıq 13,9 sentnerə çatdırılmışdır. Bu da əsasən bağlarda yeni texnologiyaların tətbiqi nəticəsində mümkün olmuşdur.

İnstitutumuz bu sahədə inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsindən də geniş istifadə edir. Yaxşı təcrübəyə malik Avropa ölkələrinin nailiyyətlərindən yararlanmaq və respublikada bu sahəni daha da inkişaf etdirmək məqsədilə 2020-ci ilin iyul ayında İnstitut ilə İtaliyanın "Ferrero" şirkəti arasında elmi əməkdaşlıq müqaviləsi bağlanılmışdır. Müqavilə çərçivəsində ölkəmizə 3 yeni (Tonda di Ciffoni, Tonda Gentile Romana və Nocchione) fındıq sortları və 5x4 m əkin sxemi ilə əkiləcək təkgövdəli bağsalma və eləcə də tingyetişdirmə texnologiyaları gətirilmişdir.

Qeyd olunmuş bu texnologiya və sortlar üzrə institutun Zərdabi adına Elmi Təcrübə Bazasında 2 hektar, Qəbələ Dayaq Məntəqəsi və Zaqatala Dayaq Məntəqələrinin hər birində 2 hektar, Xaçmaz rayonunun müxtəlif özəl fermer təsərrüfatlarında isə 9 hektar sahədə yeni fındıq nümayiş bağları salınmışdır. Zaqatala Dayaq Məntəqəsində İtalyan texnologiyası üzrə ting yetişdirmək üçün 1,0 hektar sahədə tinglik sahəsi yaradılmışdır. Hazırda bu şirkətlə, "Fındıq bitkisinin fenologiyası", "Fındıq  suyunun öyrənilməsi" və "Fındıq ləpəsində aflatoksinin toplanması səbəbləri və onun aradan qaldırılması yolları" mövzuları üzrə birgə tədqiqatlar yerinə yetirilir.

İtalyanların "Ferroro" şirkəti ilə yanaşı, 2022-ci ilin oktyabr ayında Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə İngiltərənin "Miosis" şirkəti, Xorvatiyanın "Qospodarstvo Moylus" və Ukraynanın Akademik Unanov adına fermer təsərrüfatları arasında birgə elmi əməkdaşlıq müqaviləsi imzalanmışdır. Müqavilə çərçivəsində fındıq bitkisinin becərilməsi üzrə birgə işlənilmiş superintensiv becərmə texnologiyası əsasında institutun Zərdabi adına Elmi Təcrübə Bazasında 2023-cü ilin yazında 2 hektar sahədə nümayiş bağı salınmışdır.

2022-ci ilin fevral ayından başlayaraq BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun həyata keçirdiyi "HEKTARZER" layihəsi çərçivəsində İnstitutun Zaqatala Dayaq Məntəqəsində yerləşən fındıq bitkisinin kolleksiya və seleksiya hibrid bağlarında olan 100-ə yaxın fındıq  sortları deskriptorlar əsasında öyrənilmiş, ölkəmizin 11 fındıq sortunun molekulyar analizi  aparılaraq onların genetik pasportları hazırlanmışdır.

Əməkdaşlarımız tərəfindən hər il fındıqçılıqla bağlı fermer və sahibkarların maarifləndirilməsi məqsədilə mütəmadi olaraq dövri mətbuatda elmi məqalələrlə çıxışlar edilmiş, Qəbələ, Zaqatala, Balakən, Şəki, Quba və Xaçmaz rayonlarında təlim seminarları keçirilmiş, tarla səfərləri təşkil edilmişdir. Keçirilmiş hər bir təlim seminarı və tarla səfərlərində 35-45 nəfər fermer və sahibkar iştirak etmiş və onların hər birinə əyani təşviqat materialları, kitab, kitabça və bukletlər çatdırılmışdır.

Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən fermer və sahibkarların maarifləndirilmə işini yüksək səviyyədə həyata keçirmək məqsədilə institut tərəfindən Zaqatala Dayaq Məntəqəsində "Təlim mərkəzi" inşa edilmiş, mərkəz ofis mebeli və lazımlı avadanlıqlarla tam təchiz edilərək fermerlərin istifadəsinə verilmişdir.

Hazırda əməkdaşlarımız tərəfindən elmi-tədqiqat və təcrübə işləri davam edir.

Ziyafəddin BAYRAMOV,

"Respublika".