Hərbi Prokurorluq və Daxili Qoşunların birgə tədbiri
Sosial həyat

Hərbi Prokurorluq və Daxili Qoşunların birgə tədbiri

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ili və ölkəmizdə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Azərbaycan Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının yüksəkrütbəli hərbi qulluqçuları Lənkəran şəhərində şəhər rəhbərliyinin iştirakı ilə birgə tədbir keçirib.

Hərbi Prokurorluqdan verilən məlumatda bildirilir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edilib, onlara rəhmət, qazilərə şəfa arzulanıb.

Hərbi prokurorun böyük köməkçisi - mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev Baş prokuror Kamran Əliyevin və Hərbi prokuror Xanlar Vəliyevin salamlarını şəxsi heyətə çatdırıb. Sonra Firad Əliyev, Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə polkovniki Fərəc Sayılov, Lənkəran hərbi prokuroru, ədliyyə polkovniki Elşən ƏliMəmmədov, polkovnik Telman Həsənov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Cəfərzadə, mütəxəssis Musa Vəliməmmədov və başqaları çıxış ediblər. Onlar müstəqillik yolumuzu və firavan istiqbalımızı nurlandıran dünyaşöhrətli tarixi şəxsiyyət Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı müstəsna xidmətlərindən, vətənpərvər dahinin Azərbaycanın parlaq gələcəyinə hesablanan mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il müddətdə ölkəmizdə görülən misilsiz işlərdən, həyata keçirilən hərtərəfli köklü islahatlardan, bütün sahələrdə qazanılan nailiyyətlərdən, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşdırılmasından, eləcə də ətraf mühitin daha da sağlamlaşdırılmasından və etibarlı qorunmasından danışıblar. Bu uğurların qazanılmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi və xalqın müdrikliyi xüsusi vurğulanıb. Tədbirdə, həmçinin Hərbi Prokurorluğun Silahlı Qüvvələrlə, o cümlədən DİN-in Daxili Qoşunları ilə səmərəli qarşılıqlı işgüzar münasibətlərindən bəhs edilib.

Bundan sonra, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərindən, hüquq və vəzifələrdən, həmçinin ekoloji qanun pozuntularından, ekoloji cinayətlərdən və məsuliyyətdən danışılıb. Daha sonra hüquqi maarifləndirici məzmunlu çıxışlar olub, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb, eləcə də onların qayğı və problemləri ilə maraqlanılıb.

Sonda birgə ağaclar əkilib.

Ü.QARAYEV,

“Respublika”.