Əsgərlərini qoruyaraq canını fəda etdi
CƏMİYYƏT

Əsgərlərini qoruyaraq canını fəda etdi

Hər kəsin bir həyat hekayəsi var. Kimi öz hekayəsinin qəhrəmanı olur, kimi də bütün el-obanın. Şəhid mayor Vidadi Əhmədov da el qəhrəmanı olaraq yaddaşlara köçdü.

Vətən müharibəsində salyanlı həmvətənlərimiz də böyük hünər göstərərək adlarını hərb tariximizə qızıl hərflərlə yazıblar. Tarix yazan qəhrəmanlarımızdan biri, müharibənin od-alovlu günlərində sinəsindən qəlpə yarası alaraq şəhid olan mayor Vidadi Əhmədov 1979-cu il iyulun 12-də Salyan şəhərində dünyaya gəlib. Atası Murad kişi taksi sürücüsü, anası Bağdagül xanım isə evdar qadın olub. Hər ikisi bir neçə il əvvəl dünyasını dəyişib. Vidadigil ailədə iki qardaş, bir bacı olublar. Qardaşı Xəqani Əhmədov da hərbçidir və mayor rütbəsində ehtiyata buraxılıb. Bacısı Nuranə Hacıyeva Salyan şəhərindəki 2 saylı orta məktəbdə müəllim işləyir.

Vidadi 1996-cı ildə Salyan şəhərindəki 1 saylı orta məktəbi bitirib. Elə həmin ildə də H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Hərbi təhsilini 2000-ci ildə zirehli tank və avtomobil texnikasının istismarı ixtisası üzrə mühəndis kimi bitirib. 2000-2002-ci illərdə zabit kimi Murovdağda xidmət edib. Gənc zabit 2002-2005-ci illərdə İraqda sülhməramlı qüvvələrin sıralarında xidmət edib. 2005-2011-ci illərdə Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində kapitan rütbəsində bölük komandiri kimi qulluq edib. 2011-2014-cü illərdə Ali Hərbi Məktəbdə müəllim işləyib. 2014-2016-cı illərdə Tərtərdəki hərbi hissələrdən birində komandirin şəxsi heyətlə iş üzrə müavini olub. Aprel döyüşlərində iştirak edib. 2014-cü il yanvar ayının 1-də 20 il qüsursuz xidmətinə görə ehtiyata buraxılıb. Mayor Vidadi Əhmədovun Silahlı Qüvvələrin sıralarında qüsursuz xidməti layiqincə qiymətləndirilib, dəfələrlə medallarla təltif olunub. Son illər Salyan Peşə Liseyində texniki işçi kimi işləyib.

İkinci Qarabağ müharibəsi başladıqda 29 sentyabr 2020-ci il tarixində könüllü səfərbərlik çağırışı ilə döyüşlərə qatılıb. Füzuli istiqamətində gedən ağır döyüşlərdə iştirak edib. Döyüşlərin birində top mərmisinin partlayışı nəticəsində sinəsindən aldığı qəlpə yarasından şəhid olub. Şəhid mayorun həyat yoldaşı Zəhra xanım ali təhsilli müəllimdir, Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. Əvvəllər Salyan şəhərindəki 3 saylı orta məktəbdə müəllim işləsə də, sonralar hərbçi olan həyat yoldaşının iş yeri ilə əlaqədar Bakıya köçüblər. Həmin vaxtlar Zəhra xanım Naxçıvanski adına Hərbi Məktəbdə informatika müəllimi işləyib. Hazırda isə Salyan Peşə Liseyinin müəllimidir.

Zəhra Əhmədovanın Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş həyat yoldaşı haqqında xatirələri: "Vidadi çox intizamlı, gülərüz və mehriban insan idi. Bu intizamı ailəmizə də gətirmişdi. İki qızımızı - Yasəmən və Gülü birlikdə "güllərim" deyə çağırardı. Vətəni canından çox istəyirdi. Uşaqları da vətənpərvərlik ruhunda tərbiyə edirdi. Ətrafda baş verənlərə çox soyuqqanlı görünməyə çalışsa da bir dəfə evə gəlib hönkür-hönkür ağlamışdı. Dostu general Polad Həşimov şəhid olmuşdu o gün... Oktyabr ayının 5-də zəng vurub dedi ki, "məndən bir müddət xəbər olmasa, narahat olma, irəliyə gedirik". Mənə həmişə deyirdi ki, "sən qorxma, düşmən məni nə üzbəüz, nə də snayperlə vura bilməz. Məni yalnız onda vura bilərlər ki, göydən yanıma nəsə atsınlar...". Elə belə də oldu...Vidadi düşmənin top mərmisi nəticəsində oktyabr ayının 8-də şəhid oldu. Ayın 12-də canından artıq sevdiyi torpağa tapşırıldı. Arzularımız çox idi, qismət olmadı. Vətən sağ olsun...".

Şəhidin qardaşı Xəqani Əhmədov bildirir ki, atam hər ikimizi hərb sənətinə yönəltmişdi: "İkimiz də hərbçi idik. Vidadi İkinci Qarabağ müharibəsində könüllü olaraq səfərbərlik başlayanda gedib adını yazdırdı. O qədər vətənpərvər idi ki, əsgərlərindən irəlidə, onları qorumaq üçün özünü, canını fəda etdi, Vətən uğrunda həlak oldu".

Şəhidin bacısı Nuranə Hacıyeva vurğulayır ki, Vidadi uşaqlıqdan mərd, qorxmaz, igid idi. "Mən hər zaman onunla fəxr etmişəm. Bu gün də onun şəhidliyi, o zirvəyə yüksəlməsi ilə qürur duyuram".

Şəhidin qızı Yasəmən Əhmədova atası haqqında: "Bizim vətənpərvər vətəndaş olmağımız üçün əlindən gələn hər şeyi edirdi. Düzdür, nə qədər kövrəlsək də onunla fəxr edirik, qürur duyuruq. Prezidentimiz, ordumuz, atam kimi qeyrətli hərbçilərimiz sayəsində indi torpaqlarımız azaddır".

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən 3-cü dərəcəli "Rəşadət" ordeni, "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda", "İgidliyə görə" medalları ilə təltif edilib.

Müşfiq MİRZƏ,

"Respublika".