Əsas məqsəd birlik və həmrəylikdir
Siyasət

Əsas məqsəd birlik və həmrəylikdir

Prezident İlham Əliyevin dünyanın aparıcı televiziya kanallarına verdiyi müsahibələr, müxtəlif aspektlərlə bağlı səsləndirdiyi fikirlər hər zaman böyük maraq doğurur və yüksək qiymətləndirilir. Çünki bu müsahibələr özündə bir çox məsələlərlə yanaşı, həm də ölkəmizin hədəflərinin dünyaya çatdırılması və rəsmi mövqeyinin təqdimatı baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.

Prezidentin "Euronews" televiziyasına son müsahibəsi də bu baxımdan kifayət qədər əhatəli və yaddaqalan oldu. Müsahibədə ölkəmizin "yaşıl enerji" gündəliyi bir daha dövlət başçımız tərəfindən təqdim olundu. Azərbaycanın nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedici olduğu diqqətə çatdırıldı. Bu istiqamətdə "Masdar" şirkəti ilə birgə görülən işlərin xüsusi olaraq qeyd edilməsi isə özündə həm də digər tərəfdaş qismində çıxış etmək istəyən şirkətlərə də mesajın ötürülməsini ehtiva edirdi.

Məlumdur ki, "Masdar" Azərbaycanın bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır. Ötən ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı oldu. Perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və anlaşma memorandumlarının icrası gözlənilir.

Azərbaycanın bərpaolunan enerji ehtiyatları təbii olaraq bir sıra ölkə və şirkətləri ciddi şəkildə maraqlandırır. Bu marağı doğuran ən mühüm amillərdən biri də ölkəmizdə sərmayə mühitinin olmasıdır.

Dövlət başçısının da qeyd etdiyi kimi, bu gün ölkəmiz çox aktiv şəkildə ənənəvi enerjidən əldə etdiyi gəlirləri bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi "yaşıl enerji"yə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir. Bu hədəflərə doğru irəliləyən ölkəmiz təbii olaraq böyük tərəfdaşlarla işləyir. "Masdar"ı qeyd etdim. Həmçinin "ACWA Power" və bp də bu gün sərmayədarlarımız sırasındadır. Amma bu, son deyil. Elə ölkə başçısı da müsahibədə bildirdi ki, bu istiqamətdə Azərbaycanla işləməyi planlaşdıran digər ölkələr və bir çox şirkətlər mövcuddur.

Dövlət başçısı həmçinin bərpaolunan enerjinin ötürülməsindən də danışaraq ölkəmizə planlaşdırdığı qədər bərpaolunan enerjinin lazım olmadığını və elə bu səbəbdən hədəfimizin ixrac olduğunu bildirdi. Bu isə təbii ki, milli enerji şəbəkəmizi gücləndirməyi tələb edir. Bərpaolunan enerji hesabına maksimum elektrik enerjisi istehsalına nail olmaq həm də təbii qaza qənaət deməkdir. Demək ki, biz bərpaolunan enerji istehsalını stimullaşdırmaqla, həm də qənaət edilmiş təbii qazı Avropa istiqamətində yönləndirmək imkanı əldə edəcəyik ki, bu da Avropa İttifaqı ölkələri üçün olduqca vacibdir.

Cənab Prezident həmçinin COP29-dan gözləntilərini də ifadə edərək ölkəmizin əsas məqsədinin birlik və həmrəylik yaratmaq olduğunu bildirdi. Azərbaycan COP29 zamanı və ondan sonrakı dövrdə elə müsbət mühit qurmaq istəyir ki, ölkələr və şirkətlər bir-biri ilə əlaqəli, qarşılıqlı iddiaları kənara qoyaraq planetin qorunması istiqamətində birgə və səylə işləsinlər.

Yusif BAĞIRZADƏ,

politoloq.