Cənubi Qafqazın ən müasir ordusunun 106 illik tarixi
Siyasət

Cənubi Qafqazın ən müasir ordusunun 106 illik tarixi

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 106-cı ildönümünü hər bir vətəndaşımız qürurla qeyd edir. Təbii ki, ordumuzun bugünkü səviyyəyə çatması və nəticə etibarilə regionun ən qüdrətli ordusu olması böyük fədakarlıqlar hesabına mümkün olub. 1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində müəyyən addımlar ata bilmişdi.

1918-ci il iyunun 26-da Müsəlman Korpusunun adının dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırılması və bununla da ilk nizami hərbi hissənin yaradılması milli silahlı qüvvələrin formalaşdırılmasında mühüm addım oldu. Bu qərar müsəlman Şərqində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Ardınca 1918-ci il avqustun 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə Azərbaycan Hərbi Nazirliyi təsis edildi və Azərbaycanın ilk müdafiə naziri Xosrov bəy Sultanovun rəhbərliyi altında ordu quruculuğu istiqamətində müəyyən işlər görüldü.

Nəticədə qısa müddətdə Milli Ordu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad etməyə müvəffəq oldu. Lakin təəssüf ki, 1920-ci ildə Azərbaycan sovet işğalına məruz qaldı. Şərqin ilk demokratik respublikası süquta uğradı. Və bununla da hərbi nazirlik ləğv olundu, ordumuzun 15 generalı isə bolşeviklər tərəfindən güllələndi. Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə milli ordu quruculuğu prosesi də təbii olaraq dayandı.

Azərbaycanda ordu quruculuğunun növbəti mərhələsi isə birbaşa ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. SSRİ dövründə azərbaycanlıların hərb sənətinə yiyələnməsi istiqamətində onun misilsiz xidmətləri olmuşdur. 1969-cu ildə hakimiyyətə gəlişindən sonra ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesinə başlanıldı. Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin - görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan Hərbi Liseyin yaradılmasına nail oldu. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına SSRİ rəhbərliyi laqeyd qala bilməzdi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, Heydər Əliyevin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almış, bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı. Təsadüfi deyil ki, C.Naxçıvanski adına Hərbi Lisey Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi. Ulu öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması təmin edildi.

1993-cü ilin yayında ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il yanvarın 20-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması haqqında fərman imzaladı. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşdırılması prosesinin keyfiyyət etibarilə yeni inkişaf mərhələsi sayıla bilər. Ölkə başçısının 2001-ci il 20 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmış və bununla həmin təhsil ocaqlarının respublika üzrə hərbi təhsil müəssisələri sistemində statusu yüksəldilmişdir.

1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına zəmin yaratdı. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə "Planlaşdırma və analiz prosesi" proqramına, 2001-ci ildə isə "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı"na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Silahlı Qüvvələri modern orduya çevrildi.

Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində Müdafiə Sənayesi Nazirliyində 400-dən çox müdafiə təyinatlı məmulatın istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının mühüm göstəricilərindən biridir. Bu, Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqət çəkir.

Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrilib. Təsadüfi deyil ki, nüfuzlu "Global Fire Power" mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer alıb.

Hazırda Cənubi Qafqazın ən qüdrətli ordusu olan Azərbaycan Silahlı Qüvvələri döyüş hazırlığına görə MDB məkanında da ön sıralardadır. Ötən illər ərzində ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan modernləşmə islahatları və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişiklikləri dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin öz vədinə sadiqliyini təsdiq edir. Azərbaycan vətəndaşları Silahlı Qüvvələrimizdə baş verən keyfiyyət və kəmiyyət dəyişikliklərinə ordumuzun keçirdiyi təntənəli hərbi paradlarda şahid olublar. Bunlara misal olaraq, 2011-ci il iyunun 26-da Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə keçirilən hərbi paradı, 2013-cü ildə Silahlı Qüvvələr Gününün yaranmasının 95 illiyinə həsr edilmiş paradı və ən nəhayət, 2018-ci ildə Ordumuzun 100 illiyinə həsr olunmuş paradı, eləcə də Vətən müharibəsindəki zəfərə həsr olunmuş Qələbə Paradın göstərmək mümkündür.

Ordumuzun gücləndirilməsi, maddi-texniki bazasının ən yüksək səviyyəyə çatdırılması istiqamətində aparılan ardıcıl və məqsədyönlü fəaliyyətin nəticəsində bu gün Azərbaycan Ordusu qalib xalqın Müzəffər Ordusu adını daşıyır. Azərbaycanın ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Qarabağ kimi çətin problemi həll edərək Ermənistanı, dünyadakı erməni diasporunu, erməni kilsəsini və onların havadarlarını diz üstə çökdürərək reallığı qəbul etməyə məcbur etdi - işğala son qoyuldu. Bununla da Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında tarixi ədaləti bərpa etdi. Bütün dünya qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına qazanılan şanlı qələbənin şahidi oldu. Azərbaycan Ordusunun Qələbə salnaməsi daim xalqın yaddaşında yaşayacaqdır. Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Şuşa və Şuşadan bir gün sonra 70-dən çox kənd, həmçinin Kəlbəcər, Ağdam və Laçın azad edildi. Bütövlükdə 300-dən çox yaşayış məntəqəsi düşməndən təmizləndi. Düşmən Ordumuzun gücü qarşısında geri çəkilərək kapitulyasiya aktını imzalamağa məcbur oldu. 44 gün ərzində müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan böyük təzyiqlərin, təhdidlərin olmasına rəğmən, Azərbaycan zəfər çaldı. Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəni böyük qürur hissi ilə qeyd etdi.

Yusif BAĞIRZADƏ,

politoloq.