Beynəlxalq məsələlərin həlli üçün uğurlu platforma
Siyasət

Beynəlxalq məsələlərin həlli üçün uğurlu platforma

Azərbaycan xarici siyasətində beynəlxalq təşkilatlarla fəal əməkdaşlığa üstünlük verir. Bu gün ölkəmizin milli maraqlara söykənən xarici siyasət kursu nəticəsində dünya dövlətləri və bir sıra nüfuzlu təşkilatlar Bakını etibarlı tərəfdaş kimi qəbul edir.

Ötən il martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü baş tutub

Dövlətimiz, öz növbəsində üzvü olduğu qurumların fəaliyyətində aktiv iştirak edir, təşkilatdaxili münasibətlərin daha da genişlənməsi, əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atır. Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatına üzv dövlətlərlə əlaqələrin daha da şaxələndirilməsi bunu bir daha təsdiqləyir. BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatının əsas məqsədi BMT Nizamnaməsinin məqsəd və prinsiplərini, eləcə də əsas insan hüquq və azadlıqlarını qorumaqdır. Bununla yanaşı, böyüklüyündən asılı olmayaraq, dövlətlərin ərazi bütövlüyü və suverenliyini, bütün irqlərin və xalqların bərabərliyini tanımaq, digər ölkələrin daxili işlərinə qarışmaqdan çəkinmək, BMT Nizamnaməsi çərçivəsində hər bir dövlətin özünü fərdi və ya kollektiv şəkildə müdafiə etməsi hüququna hörmət etmək də bu beynəlxalq təşkilatın əsas məqsədlərindədir. Qoşulmama Hərəkatı bununla yanaşı, böyük dövlətlərin xüsusi maraqlarına xidmət etmək üçün kollektiv müdafiə tədbirlərinin istifadəsindən, həmçinin digər dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı yönəlmiş hər hansı bir fəaliyyətdən, eləcə də güc tətbiq etməkdən çəkinmək, BMT Nizamnaməsinə uyğun olaraq bütün beynəlxalq mübahisələri sülh yolu ilə həll etmək, qarşılıqlı maraq və əməkdaşlığı təşviq etmək, ədalətə və beynəlxalq öhdəliklərə hörmətlə yanaşmaq kimi prinsipləri özündə ehtiva edir.

2011-ci ilin may ayında Azərbaycan Qoşulmama Hərəkatına üzv seçilib. Ölkəmiz həmin gündən etibarən qurumun işində daim fəal iştirak edib. 2019-cu il oktyabrın 25-26-da isə Bakı Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə görüşünə ev sahibliyi edib. BMT-nin 120 üzv dövlətinin, o cümlədən 42 beynəlxalq təşkilatın yüksək səviyyəli nümayəndələrini, iştirakı ilə baş tutan tədbirdə hərəkata sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına həvalə olunub. 2021-ci ildə təşkilatın üzvləri tərəfindən Azərbaycana müraciət ünvanlanması və sədrliyin əlavə bir il müddətinə uzadılması beynəlxalq aləmdə ölkəmizə olan etimadın sübutu, həmçinin hərəkat üzvləri tərəfindən Prezident İlham Əliyevin qlobal liderlik səylərinə verilən yüksək qiymətdir.

Qeyd edək ki, Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, o cümlədən 5 ölkənin - Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq, Liviyanın prezidentləri, BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri və digər nazirlər, nazir müavinləri, səfirlər və s. iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə çıxış edib və dünyada gedən proseslər, eləcə də yeni geosiyasi düzənin formalaşması kontekstində ortaya çıxan yeni məqsədlər barədə danışıb. Ölkəmizin başçısı söyləyib ki, indi dünya "Soyuq müharibə"nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasına şahidlik edir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur. Prezident İlham Əliyev, eyni zamanda hazırda bəşəriyyəti narahat edən neokolonializm məsələsinə də toxunub. Dövlət başçısı Fransanı vaxtilə müstəmləkə altında saxladıqları xalqlara qarşı cinayətlərinə görə həmin xalqlardan üzr istəməyə çağırıb: "Təəssüf ki, bu gün biz neokolonializm meylinin artdığını müşahidə edirik. Tarixi müstəmləkəsizləşdirmə prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində səylərini birləşdirməlidir". Ölkəmizin beynəlxalq arenada bu cür məsələləri işıqlandırması bir daha niyə digər dövlətlərin Azərbaycana bu qədər etimad göstərdiyi sualına aydınlıq gətirir.

Bir məqamı da qeyd edək ki, Qoşulmama Hərəkatı respublikamızın sədrliyi ilə dünya ictimaiyyətini pandemiya ilə mübarizəyə səfərbər etdi. 2020-ci ilin mayında dövlətimizin başçısının təşəbbüsü ilə Qoşulmama Hərəkatının COVID-19 ilə mübarizəyə həsr edilən onlayn sammiti baş tutdu. Həmin ilin dekabrında isə BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən Xüsusi Sessiyası çağırıldı. Bu sessiya pandemiya ilə mübarizədə ən qlobal tədbir kimi qiymətləndirilə bilər. Eyni zamanda Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasında və BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair bir sıra qətnamələr qəbul olundu. Görüş çərçivəsində Prezident İlham Əliyev bir sıra yeni təkliflərlə çıxış etdi, Azərbaycanın Ermənistanın mina terrorundan əziyyət çəkdiyini xatırlatmaqla haqq səsimizi bir daha dünya ictimaiyyətinə çatdırdı. Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif etdi.

Nəzrin ELDARQIZI,

"Respublika".