Yeni dövr yeni hədəfləri müəyyən edir
Siyasət

Yeni dövr yeni hədəfləri müəyyən edir

Müasir Azərbaycan daha da qüdrətlənərək böyük zəfərlərə doğru inamla addımlayır

Güclü və qalib Azərbaycan yeni mərhələyə qədəm qoyub. Ölkəmizin qarşısında yeni hədəflər, vəzifələr var. Prezident İlham Əliyevin andiçmə mərasimində açıqladığı bu məqamlar gələcək inkişafımızın əsas konturlarını müəyyənləşdirir. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq: "Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm". Dövlət başçısının çıxışından da göründüyü kimi, yeni dövrün əsas hədəfi yenə də güclü Azərbaycandır.

Azərbaycan beynəlxalq arenada xalq və dövlət maraqlarını diktə edir. Quruculuq işlərinin sürətlənməsi, Qarabağ və Şərqi Zəngəzurda məskunlaşmanın başlanması dövlətin qarşısında duran prioritet məsələlərdən biridir. Həmçinin əhalinin sosial rifahının daha da yaxşılaşdırılması, zəfər qazanan xalqa zəfərə layiq həyat şəraitinin yaradılması, eləcə də tarixi ədalətin bərpa olunması, keçmiş məcburi köçkünlərin didərgin düşdükləri ata-baba yurdlarına qayıdışı istiqamətində uğurlu addımlar atılır. Bütün çıxışlarında Prezident İlham Əliyev işğaldan azad edilən torpaqlarda aparılan quruculuq işlərinə xüsusi diqqət yetirir. Bu fonda Laçın, Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndləri artıq dirçəlir və bu il həmin yaşayış məntəqələrinə keçmiş köçkünlərin qaytarılması davam edəcək.

Dövlətimizin başçısı bu ilin İnvestisiya Proqramının artıq bir neçə dəfə müzakirədən keçdiyini, yaxın günlərdə təsdiqlənəcəyini diqqətə çatdırıb: "Bu il Qarabağ, Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam etdiriləcək. Bu, nəhəng layihələrdir". Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən infrastruktur layihələri nəticəsində bu il daha böyük sayda keçmiş məcburi köçkünlər Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi, Xocalı şəhərlərinə qayıdacaqlar. Həmçinin 2025-ci ildə keçmiş məcburi köçkünlərin Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə qayıtması nəzərdə tutulub. Yaxın gələcəkdə Füzulidəki Köndələnçay Su Anbarı istismara veriləcək. Zabuxçay Su Anbarının inşası bu il tamamlanacaq və bu da böyük ərazini suvarma suyu ilə təmin etməyə imkan verəcək.

Həmçinin özəl sektor tərəfindən artıq Hadrut qəsəbəsində, Daşaltı kəndində və Ağdam şəhərində bir neçə layihə icra edilir.

Qüdrətli Azərbaycan həm də güclü ordu deməkdir. Bu məsələdə əsas diqqət ölkənin müdafiə sənayesinin inkişafına yönəldilib. Ölkəmizdə hazırda çox güclü hərbi sənaye kompleksi yaradılıb, artıq bunun birinci mərhələsi başa çatıb, ikinci mərhələsi isə daha genişmiqyaslı olacaq. Hər bir güclü dövlətin əsas göstəricilərindən biri xarici təhdidlərə qarşı önləyici tədbirlərdir. Bu işdə xüsusi diqqət suveren dövlətin əsas atributlarından sayılan sərhədlərin mühafizəsinə yönəlir. Yeni dönəmdə qarşımızda dayanan əsas vəzifələrdən biri də sərhədlərimizin müdafiəsinin gücləndirilməsidir. Dünyanın 50 ən güclü ordusu sırasında yer alan Azərbaycan Silahlı Qüvvələrinin yeni dövrün çağırışları əsasında komplektləşdirilməsi davam etdirilir. Prezident, Ali Baş Komandan İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesinin daha geniş vüsət aldığını bildirib. Dövlətimizin başçısı qeyd edib ki, müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır və buna böyük ehtiyac var.

Ötən ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra ölkəmiz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi, separatizmin qara səhifəsi birdəfəlik bağlandı. Azərbaycan ədalətli, haqlı tərəf kimi beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq sülh müqaviləsini imzalamağa hazırdır. Amma Ermənistanın qeyri-konstruktiv mövqeyi müqavilənin imzalanmasına imkan vermir. Eyni mövqeni Zəngəzur dəhlizi ilə bağlı məsələdə də görürük.

Yeni dövrün tələblərindən biri də bərpa oluna bilən enerjidən istifadə məsələsidir. Ona görə də Azərbaycanda 2024-cü il "Yaşıl dünya naminə həmrəylik İli" elan edilib. Bu da ölkəmizin regionda, həmçinin bütün dünyada sülhün bərqərar olunmasında və planetin ekoloji balansının qorunmasında aktiv fəaliyyətinin təzahürüdür. Qarabağ regionunda "yaşıl enerji zona"sı yanaşması uzaqgörən siyasətin, düzgün strategiyanın nümunəsidir. Ölkəmiz həm də "yaşıl kənd təsərrüfatı", "yaşıl nəqliyyat", "ağıllı şəhər"lər, "ağıllı kənd"lər kimi yanaşmaları tətbiq edir. Azərbaycanın 2024-cü ildə ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 isə ölkəmizin əldə etdiyi növbəti nailiyyətlərdən biridir. İndiyədək dövlətimizin və xalqımızın gələcəyi ilə bağlı bütün faydalı və səmərəli təşəbbüsləri böyük uğurla həyata keçirən Prezident İlham Əliyevin növbəti prezidentlik dövründə türk xalqlarının ən müqəddəs arzusu olan birlik ideyasını gerçəkləşdirəcəyi də şübhə doğurmur.

Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətləri var. Dövlətimizin başlıca məqsədi məhz Türk Dövlətləri Təşkilatını gücləndirməkdən ibarətdir. Təbii ki, TDT böyük coğrafiyanı əhatə edir. Bu, eyni zamanda ümumi güc, hərbi amil, iqtisadiyyat, mühüm nəqliyyat yollarının qovşağı deməkdir. Bütün bu amillərin Türk Dövlətləri Təşkilatının qlobal arenada başlıca aktora çevrilməsini təmin edəcəyinə əminlik yaradır. Eyni zamanda Azərbaycan hər zaman özünün dost və tərəfdaşlarına böyük hörmət, ehtiramla yanaşır. Bu da qarşılıqlı maraqlar əsasında sıx əməkdaşlıq konsepsiyasına əsaslanır. Məhz bu effektiv siyasətin nəticəsində ölkəmiz yerləşdiyi coğrafiyada və onun hüdudlarından kənarda böyük nüfuza, hörmətə sahibdir. Vətən müharibəsindəki qələbə ilə Türkiyə-Azərbaycan qardaşlığı yeni mərhələyə qədəm qoyub. Bundan sonra qardaşlıq əlaqələri daha da güclənəcək və bu Qələbə ilə yeni körpülər qurulacaq.

Daxili və xarici siyasətdə ideoloji norma və prinsiplərin yenilənməsinə və yeni milli prioritetlərə ehtiyac hiss olunur. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq məfkurəsi ölkəmizdə birliyin, həmrəyliyin möhkəmlənməsinə, dilindən, etnik-milli mənsubiyyətindən, irqi, dini kimliyindən asılı olmayaraq, hər kəsin dövlət və dövlətçilik naminə birləşməsinə gətirib çıxardı. Azərbaycançılıq ideologiyası ən uğurlu inkişaf modeli kimi ölkəmizə qarşı çirkin planlar həyata keçirən qüvvələrin arzusunu ürəyində qoydu. Vətən müharibəsində Ermənistan parlamentində ölkəmizdəki etnik azlıqlara təsir etməklə milli savaşımızdan diqqəti yayındırmağa yönəlmiş çağırışlar və cəhdlər edilsə də, uğursuz oldu.

Beləliklə, Azərbaycanı güclü edən ordu quruculuğu sahəsində görülən mühüm işlər, hərbi sənayenin qurulması və inkişaf etdirilməsi, iqtisadi inkişaf, güclü iqtisadi sistemin formalaşdırılması, maliyyə sabitliyi, enerji, ərzaq təhlükəsizliyi kimi məsələlərin həlli, ən əsası isə cəmiyyətdə sabitlik və təhlükəsizliyin hökm sürməsi, ölkəmizin sabitlik adasına çevrilməsidir. Onun gücünə güc qatan mühüm məqamlardan biri də cəmiyyətin konsolidasiyası, xalq-iqtidar birliyi, vahid ideya ətrafında birləşməsidir. Növbəti prezident seçkilərinin nəticələri də xalqın öz liderinə sonsuz inamını və yüksək dəstəyini göstərdi. Qarşıya qoyulan bütün hədəflərə nail olan Azərbaycanın bundan sonra daha da qüdrətlənərək yeni zəfərlərə doğru inamla addımlayacağını vurğulayan dövlət başçısı deyib: "Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub".

Mustafa KAMAL,

"Respublika".