Ekoloji problemlərin yaranmasına əhali artımının təsiri
CƏMİYYƏT

Ekoloji problemlərin yaranmasına əhali artımının təsiri

COP29... Dünyanın diqqət mərkəzində olan bu mötəbər toplantının keçirilməsinə az qalır. İndi demək olar ki, bütün dövlət və qeyri-dövlət təşkilatları səfərbər olunub. Məqsəd COP29-un yüksək səviyyədə təşkilini təmin etməkdir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Təşkilat Komitəsinin iclaslarında Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq COP29 üzrə Tədbirlər Planının icrası istiqamətində görülmüş işlər müzakirə edilir. Bütün dünya ölkəmizdə konfransla bağlı aparılan hazırlıq işlərini diqqətlə izləyir, dövlət başçısının inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqlim dəyişmələri kontekstində üzləşdikləri problemlərin həllinin ölkəmizin prioritetlərindən biri olaraq bəyan etməsini rəğbətlə qarşılayır. Bu prioritetlər arasında əhalinin sürətli artımının yaratdığı problemlər də yer alır.

Dünya əhalisinin demoqrafiyası heç zaman sabit olmamış və həmişə dəyişikliyə məruz qalmışdır. Bir-birini əvəz edən ictimai-iqtisadi formasiyalarda bu proses fərqli olmuşdur. Məsələn, kapitalizmdən əvvəlki dövrdə dünya əhalisinin sayı tədricən artırdı, bu isə daha çox aramsız baş verən müharibələr, epidemiyalar, insanların ağır həyat şəraiti ilə əlaqədar idi. Əgər 1900-cü ildə dünya əhalisi 1,6 milyard idisə, 1960-cı ildə 3 milyard, 2000-ci ildə 6 milyard olmuşdur. Demoqrafların hesablamalarına görə, dünya əhalisi bu sürətlə artmağa davam edərsə, 2040-cı ildə yer üzündə 10 milyard insan yaşayacaq. XX əsr dünya əhalisinin sürətli artımı ilə səciyyələnir. XXI əsrin sonuna kimi isə dünya əhalisinin 12-13 milyarda çatacağı və onun nisbətən stabilləşəcəyi gözlənilir. Öz-özlüyündə isə əhali artımı, şəhərlərin böyüməsi ətraf mühitə daha çox təsir edir, ekoloji problemlər yaradır. Müqayisə üçün deyək ki, 1900-cü ildə şəhər əhalisi dünya əhalisinin 5 faizini təşkil edirdisə, 1987-ci ildə bu, 40 faizə çatıb və hazırda 50 faizdən çoxdur.

1999-cu ildə Haaqa şəhərində keçirilən "Qahirə+5" konfransında qarşıdakı illər üzrə müəyyən edilən proqramda əhali ilə bağlı bir sıra problemlər önə çəkilib. Bəzi məsələlər XXI əsr üçün müəyyən olunmuş BMT-nin Minilliyin Məqsədləri, 2016-2030-cu illəri əhatə edən Dayanıqlı İnkişaf Məqsədlərində də öz əksini tapıb.

Ümumiyyətlə, əhali problemi ölkəmizdə daim diqqət mərkəzində olub. Bu sahədə dövlət siyasətinin əsas məqsədi demoqrafik proseslərdə yaranmış neqativ meyilləri aradan qaldırmaq, ölkənin inkişaf strategiyasına uyğun olaraq əhalinin kəmiyyət-keyfiyyət artımını təmin etməkdir. Prezident İlham Əliyevin 2006-cı il 25 iyul tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı" təsdiq edilib. Bu proqram çərçivəsində dövlət başçısının 2007-ci il 19 mart tarixli Fərmanına əsasən Dövlət Miqrasiya Xidməti yaradılıb. Eyni zamanda 2006-cı il dekabrın 28-də "İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı" təsdiq olunub.

Əhalinin sürətlə artımı ərzağa, yanacağa və başqa məhsullara tələbatı artırır, məskunlaşma sürətlənir, ekoloji problemlər çoxalır. Bu gün dünya əhalisinin ikidəbir hissəsi aclıqdan əziyyət çəkir, xüsusilə uşaqlar doyunca yemirlər. Əsasən bitki mənşəli qida qəbul etdiyi üçün əhalinin 75-80 faizi kalori çatışmazlığına məruz qalır. Bu səbəbdən də dünyanın bir sıra mütərəqqi alimləri biosferin məhsuldarlığını optimallaşdırmaq üzərində çalışırlar. Bu tədqiqatlarda azərbaycanlı alimlər, mütəxəssislər, ekoloqlar da iştirak edirlər. Hazırda dünya əhalisinin sayına 2 faktor daha çox təsir edir: təbii və mexaniki artım.

XX əsrin 60-cı illərində əhalinin təbii artımında əsas sıçrayış 2 faizdən çox olub (hər 1000 nəfərə 20 nəfərdən çox). Sonralar bu göstərici 2-1,5 faiz, (yəni hər min nəfərə görə 10-15 nəfər) təşkil edib. Azərbaycanda isə hər min nəfərə təbii artım 19-20 nəfərdən 8-9 nəfərə enib. (Onu da qeyd edək ki, təbii artım doğulanların sayından ölənlərin sayını çıxmaqla hesablanır və hər min nəfərə görə promillə ölçülür). Əhalinin sosial vəziyyətinin, tibbin, elmin, təhsilin səviyyəsinin yüksək olduğu ölkələrdə təbii artım olduqca aşağıdır. ABŞ, Albaniya istisna olmaqla, Avropa ölkələri, Kanada, Yaponiya, Avstraliya, Rusiya birinci tip ölkələrdir. Təbii artımın ikinci tipində, yəni ənənəvi növündə yüksək doğum, orta ölüm, yüksək artım müşahidə olunur. Bu tipə Afrika, Okeaniya, Asiya, Latın Amerikası daxildir. Dünya əhalisinin sayı da əsasən bu ölkələrin hesabına artır.

Dünya əhalisinin demoqrafik vəziyyətinə təsir edən ikinci faktor mexaniki artımdır. Mexaniki artımda əhalinin miqrasiyası nəzərdə tutulur. Miqrasiya isə olduqca geniş anlayışdır və o, əhalinin bir yerdən digər yerə hərəkətidir. Onun da iki növü var: daxili və xarici miqrasiya. Daxili miqrasiya ölkə daxilində bir bölgədən digər bölgəyə köçməkdir. Bir ölkədən başqa bir ölkəyə getmək isə xarici miqrasiya adlanır. Xarici miqrasiya isə öz növbəsində 2 yerə ayrılır: emiqrasiya və imiqrasiya.

Son dövrlərdə dünyanın müxtəlif bölgələrində baş verən münaqişələr, müharibələr insanların didərgin düşməsinə səbəb olur. Bəzən qaçqınlar sığınacaq tapdıqları ölkələrdə təhqir olunur, onların haqları, hüquqları tapdalanır. Təbiət hadisələri, iqlim dəyişmələrinin yaratdığı problemlər səbəbindən öz ölkələrini tərk edənlərin sayı da durmadan artır. Sel, daşqın, fırtına, ərzaq, su çatışmazlığı dünyanın bir çox bölgələrində yaşamağı çətinləşdirir. Təəssüf ki, insanların dinlər üzrə təsnifatı da fərqin yaranması üçün əsas olur. Müstəmləkə dövlətlərinin zəbt etdikləri torpaqlarda yeraltı-yerüstü sərvətlərin qanunsuz şəkildə istismarı nəticəsində təbiətə ciddi ziyan dəyir. Dünya güclərinin zəif inkişaf edən, istismara, işğala məruz qalan ölkələrin ərazilərində apardıqları sınaqlar təkcə yerli əhaliyə deyil, bütünlüklə Yer kürəsinə mənfi təsir göstərir. Buna görə də sadə dillə desək, indi Yerin, Göyün dərdi böyükdür.

COP29 hər kəsə anladacaq ki, hər bir millətin, insanın yaxşı yaşamaq haqqı var: Yaşamaq və Yer üzünü qorumaq. Bunun üzərində düşünməyə dəyər.

Zümrüd QURBANQIZI,

"Respublika".