Düşmən təxribatı cavabsız qalmır
Siyasət

Düşmən təxribatı cavabsız qalmır

Ermənistan-Azərbaycan şərti sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində bir azərbaycanlı hərbi qulluqçunun yaralanmasına cavab olaraq Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri "qisas əməliyyatı" keçirib.

Əməliyyat nəticəsində əsgərimizə atəş açılan Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, mövqelər susdurulub. Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar var. Artıq Ermənistan mətbuatı da erməni hərbçilərin ölməsini təsdiqləyən xəbərlər yayıb.

Qeyd edək ki, bundan öncə də iki ölkə arasında baş verən hərbi toqquşmalarda Azərbaycan tərəfindən Ermənistan ordusuna ağır zərbələr vurulub. Bu günə kimi bir nəfər də olsun əsgərimizin qanı yerdə qalmayıb. Çünki Azərbaycan Ordusu hər bir təxribata sərt şəkildə cavab verir. Lakin göründüyü kimi, rəsmi İrəvan hələ də bütün bunlardan dərs çıxarmır.

DSX-nın gördüyü son cavab tədbirləri bizə əvvəlki əməliyyatları xatırladır. Hələ o zaman qeyri-qanuni erməni silahlı dəstələri Qarabağ ərazisində fəaliyyət göstərirdilər. 2022-ci ilin avqust ayında həmin qüvvələrin Laçın rayonu istiqamətində atəşkəsi pozması nəticəsində bir azərbaycanlı hərbi qulluqçu şəhid oldu. Bundan sonra Silahlı Qüvvələrimiz elə həmin gün "Qisas-1" əməliyyatını həyata keçirdi. Əməliyyat nəticəsində separatçı erməni quldur dəstələrinin Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərməsinin qarşısı alındı. Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər Azərbaycan bölmələri tərəfindən nəzarətə götürüldü.  Eləcə də ötən ilin iyun ayında ermənilərin törətdiyi hərbi təxribata "Qisas-2" adı ilə layiqincə cavab verildi.  Bir hərbçimizin yaralanmasına cavab olaraq 5 erməni əsgəri məhv edildi. Silahlı Qüvvələrimizin qazandığı bu uğurlar 2023-cü ilin 19-20 sentyabrda keçirilən antiterror tədbirlərindəki qələbəmizə zəmin yaratdı. Lakin görünən odur ki, rəsmi İrəvan yaxın tarixlərdəki məğlubiyyətlərini yaddan çıxarıb.

Son 4-5 ay ərzində sabitliyin hökm sürdüyü, vasitəçisiz sülh danışıqlarının aparıldığı bir ərəfədə Ermənistanın belə bir yola əl atması ilk dəfə deyil ki, baş verir. Bu kimi hallar İrəvan siyasi rəhbərliyinin normallaşma prosesi ilə bağlı verdiyi açıqlamalarda nə qədər qeyri-səmimi olmasını göstərir. Həm də buna Ermənistanı Qərb təhrik edir. Şərti sərhəddə baş verən hadisənin başında da Fransa, ABŞ, Avropa İttifaqı dayanır. Hər kəsə də məlum olduğu kimi, bu cür sərhəd döyüşləri və Ermənistanın ciddi itkilər verməsi Qərb klanının maraqlarına uyğun gəlir. Mütəxəssislər də Ermənistanın növbəti dəfə məğlubiyyətə uğrayacağı təqdirdə KTMT-dən ayrılmasının qaçılmaz olacağını bəyan edirlər. 

Yuxarıda qeyd olunan siyasi mərkəzlər vəziyyəti gərginləşdirməklə mövcudluqlarını Ermənistan vasitəsilə Cənubi Qafqazda saxlamaq istəyirlər. Bu gün Yaxın Şərqdə, Ukraynada gedən müharibələrdə bunun şahidi oluruq. Amma Nikol Paşinyan anlamalıdır ki, ən çətin məqamda onun arxasında heç kim dayanmayacaq. Necə ki, 44 günlük Vətən müharibəsində və Qarabağdakı son əməliyyatlarda Ermənistana ürək-dirək verənlər Azərbaycanın qələbəsinə sədd çəkə bilmədi.

Şərti sərhəddə Ermənistanın eskalasiya yaratmaq planına dəstək verən əsas qüvvələrdən biri də  Avropa İttifaqı müşahidə missiyasıdır. Guya sərhəddə sülh və əmin-amanlığı təmin etmək üçün gələn missionerlər bu günə kimi ciddi bir iş ortaya qoya bilməyiblər. Azərbaycan hərbçisinin snayper atəşilə yaralanmasına münasibət bildirməyən avropalılar baş vermiş hadisəyə səssiz qalmağı üstün tutublar.  Sözügedən missiya  regiona gəldiyi gündən etibarən üzərinə düşən öhdəliyi bir kənara qoyub Azərbaycan əleyhinə təbliğat aparmaqla məşğuldur. 

Musa BAĞIRLI,

"Respublika".