Deputat: “Ermənistan üçün tribunal təşkil edilməlidir”
Gündəm

Deputat: “Ermənistan üçün tribunal təşkil edilməlidir”

“Ölkəmizin işğaldan azad edilmiş ərazilərində kütləvi insan məzarlıqlarının aşkarlanması davam edir və sonuncu belə bir məzarlıq 17 nəfər şəxsin qalıqlarının aşkar edildiyi Şuşa türməsinin ərazisindədir”.

Bu sözləri “Respublika”ya verdiyi açıqlamada deputat Tural Gəncəliyev bildirib.

Deputat qeyd edib ki, Azərbaycan tərəfi dəfələrlə Qərb qonşumuzdan 30 il ərzində Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş 4 min nəfər şəxs barədə və yaxud da ki, onların basdırıldığı yerlər haqqında məlumatların təqdim edilməsini tələb edib:

“Təəssüflər olsun ki, Ermənistan bu məlumatları təqdim etməkdən boyun qaçırıb. Burada da məqsəd aydındır - böyük ehtimalla, Ermənistan həmin dörd min nəfər mülki və hərbi şəxslərimizin edam edilməsini həyata keçirib və kütləvi formada torpağa basdırıb. Buna görə də Ermənistan törətdiyi müharibə cinayətlərinin, bəşəriyyət, insanlıq əleyhinə olan cinayətlərin açılmasını istəmir. Törətdiyi bu qədər cinayətlərin, şəhərlərimizin dağıdılması, torpaqlarımızın məhv, viran edilməsi, əlavə olaraq, mülki və hərbi şəxslərin, müharibə əsirlərinin girov götürüldükdən sonra öldürülməsi və basdırılmasını təbii ki, Ermənistanı gizlətməyə çalışırdı. Ancaq artıq bu gizlədilmiş cinayətlər də üzə çıxır. Vaxt yetişdi ki, həmin o cinayəti törədən şəxslərin Azərbaycanın yurisdiksiyası çərçivəsində ədalət məhkəməsi qarşısına çıxarılması məsələsinə baxılmalıdır”.

Tural Gəncəliyev vurğulayıb ki, müharibə cinayətləri törədən şəxslər beynəlxalq cinayət tribunalları, ədalət məhkəməsi qarşısına çıxarılmalıdırlar:

“Beynəlxalq ictimaiyyət, təşkilatlar, Beynəlxalq Ədalət Məhkəməsi, bəzən onun hansısa keçmiş hakimləri, prokurorları və digər rəsmiləri ədalətsiz, hansısa bir erməni siyasi dairələri ilə yaxınlığının nəticəsi olaraq sərsəm bəyanatlar səsləndirirlər. Yaxşı olar ki, onun əvəzinə bu konkret faktlarla, sübutlarla, ortaya qoyulmuş müharibə cinayətləri törədən şəxsləri Ermənistan dövlətini məzəmmət etsinlər və bununla bağlı ittiham edərək həmin şəxslərin məzarlıqları haqqında məlumatın verilməsini tələb etsinlər. Ermənistan üçün beynəlxalq cinayət tribunalı qurulmalıdır. Biz bilirik ki, beynəlxalq hüquqdan, hətta müasir dövrümüzdə XX əsrin sonlarında keçmiş Yuqoslaviya, Ruanda, Serra Leone üzrə və digər törədilmiş bəşəriyyət əleyhinə cinayətlərə qarşı müxtəlif tribunallar təşkil edilib. Belə bir tribunal Ermənistan üçün də təşkil edilməlidir. Hesab edirəm ki, Vaqif Xaçaturyan, onun havadarları və bu cinayətlərin törədilməsində əli olan digər şəxslər, hətta Ermənistanın keçmiş rəsmiləri belə  Xaçaturyan kimi tutulmalı, həbs edilməli və ədalət məhkəməsi qarşısına çıxarılmalıdır. Bunlar Ermənistanın keçmiş prezidentləri, əlləri Azərbaycan xalqının qanına batmış Koçaryan, Sarkisyan olmaqla, kukla xunta rejiminin, cinayətkarların əsas rəhbərləri olmuş Bako Sakyan, Samvel Babayan, hazırkı Arayik Artunyan kimi, bütün Azərbaycan xalqına, uşaqlara, qadınlara, yaşlılara qarşı cinayətlərin törədilməsi, onların öldürülməsində iştirak etmiş və yaxud da ki, əmr vermiş şəxslərdir”.

Töhfə SƏMƏDOVA,

"Respublika".