Böyük zəfərdən yeni zəfərlərə
Siyasət

Böyük zəfərdən yeni zəfərlərə

Bu gün böyük fəxr və qürurla qeyd etdiyimiz 8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini özündə əks etdirən mühüm tarixi hadisələrdən biridir. 3 il bundan əvvəl xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən misilsiz qələbənin əbədiləşdirilməsi üçün Prezident İlham Əliyevin imzaladığı Sərəncamla qeyd edilən Zəfər Gününün tarixi əhəmiyyəti bir əsrin hüdudlarına sığmır.

8 Noyabr Zəfəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz iradəsi və böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsidir. Məhz bu tarixdə Azərbaycanın əzəli torpağı olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi xalqımızı uzun illər davam edən məğlubiyyət acısından qurtararaq qalib xalqa çevirib. Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın hərbi birləşmələrini cəmi 44 gün ərzində darmadağın etməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması xalqımızın milli qürur hissini və ləyaqətini özünə qaytardı. Müharibənin ilk günlərindən başlayaraq Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri ilə fəxr etdiyini, onlarla qürur duyduğunu bildirdi. Həm işğal, həm də müharibə dövründə xarici təzyiqlərə və ikili standartlar siyasətinə baxmayaraq, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi ilə tarixi ədalət bərpa olundu. Ermənistan silahlı qüvvələrinin məğlub edilməsi ilə bütün dünya "yenilməz Ermənistan ordusu" mifologiyasına son qoyulduğunu gördü.

Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə 30 ilə yaxın müddətində BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan məlum dörd qətnaməsinin tələbləri yerinə yetirildi, bölgədə yeni geosiyasi və geoiqtisadi reallıq yarandı. Şanlı qələbədən sonra Prezident İlham Əliyevin dediyi kimi: "Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir".

Vətən müharibəsində qələbə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət və Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı ardıcıl, qətiyyətli diplomatik mübarizə ilə sıx şəkildə bağlıdır. Ötən illər ərzində xalqımızın milli maraqlarının təmin olunması sahəsində Prezident İlham Əliyevin apardığı xarici siyasət Azərbaycana beynəlxalq aləmdə çoxlu dost dövlətlər və etibarlı tərəfdaşlar qazandırıb. Cənubi Qafqazın aparıcı dövləti kimi ölkəmizin dünya birliyində mövqeyi möhkəmlənib. Digər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və daxili işlərinə qarışmamaq Prezident İlham Əliyevin siyasətinin əsas prinsiplərindəndir. Bu siyasətin nəticəsində ölkəmizlə dünya dövlətləri arasında qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlıq möhkəmlənir, Azərbaycan vətəndaşlarının firavan və təhlükəsiz şəraitdə yaşayışı təmin olunur.

Prezident İlham Əliyevin apardığı xarici siyasət Azərbaycanı dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli münasibətlərdə vacib tərəfdaş kimi tanıdır, onun BMT, Avropa İttifaqı, ATƏT, MDB, İƏT, Qoşulmama Hərəkatı kimi təşkilatlarla əlaqələrini möhkəmləndirir. 2011-ci il oktyabrın 24-də 155 dövlətin dəstəyi ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi xalqımızın tarixində mühüm hadisədir. Bununla yanaşı, nüfuzlu beynəlxalq tədbirlərə evsahibliyi etməsi Azərbaycanın uğurlu diplomatiyasının nəticəsidir. Xarici siyasət sayəsində əldə olunmuş nailiyyətlər ölkəmizin müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafına mühüm təsir göstərir. Müasir dövrdə beynəlxalq aləmdə baş verən geosiyasi ziddiyyətlərə baxmayaraq, Azərbaycan davamlı inkişaf yolu ilə irəliləyən dövlət kimi dünya ölkələri arasında özünə layiqli yer tutur.

Ermənistan-Azərbaycan münaqişəsinin həllinə nail olmaq üçün ötən illər ərzində dövlətimiz fəal və çevik xarici siyasət həyata keçirib. Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə müfəssəl və dolğun məlumatlar çatdırılıb, Ermənistanın yalançı təbliğatı ildən-ilə fiaskoya uğrayıb. Prezident İlham Əliyev münaqişənin beynəlxalq hüquqi normalar çərçivəsində nizamlanmasına çalışıb, Azərbaycanın prinsipial mövqeyini dəfələrlə BMT, ATƏT, NATO, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi kimi beynəlxalq və regional təşkilatların tribunalarından səsləndirib, Ermənistanı işğalçılıq siyasətindən əl çəkməyə, dünya dövlətlərini isə problemin aradan qaldırılması üçün fəallıq göstərməyə çağırıb. Ermənistanın beynəlxalq hüquqi normalara saymazyana münasibəti və Azərbaycanın haqlı tələblərinə göz yumması uzun müddət davam edə bilməzdi. Vətən müharibəsi başlayarkən dünya ictimaiyyəti Ermənistanın hərbi təcavüzkarlığı və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini bilərəkdən yerinə yetirməkdən boyun qaçırması ilə bağlı kifayət qədər məlumatlara malik idi.

2020 -ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı nəticəsində başlayan müharibədə xalqımız Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi prinsipial və qətiyyətli mövqeyinin, ən ekstremal şəraitdə belə uğurlu diplomatiya yürütdüyünün bir daha şahidi oldu. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulması, dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi ilə birlikdə son iki yüz ilə yaxın dövrdə Azərbaycan xalqına çoxsaylı milli fəlakətlər gətirən erməni şovinizminə və ekspansionizminə sarsıdıcı zərbə endirildi və xalqımızın tarixi taleyi ilə bağlı olan son dərəcə mühüm bir məsələ həll edildi. Xalqımızın tarixinin parlaq və unudulmaz səhifələrindən birini təşkil edən bu şanlı qələbənin əsasında həm Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, həm də ondan irəli gələrək Azərbaycanın sosial-iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə uğurları, xarici siyasətdə nailiyyətləri dayanır.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış şanlı Qələbə: "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm", - deyən Ulu Öndər Heydər Əliyev dühasının müdrikliyini və uzaqgörənliyini bir daha sübut etdi. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik fəaliyyətini təhlil etdikdə onun güclü siyasi iradəyə və idarəetmə bacarığına malik, xalqına və dövlətinə bağlı müdrik lider olduğunu görürük. Bunun nəticəsidir ki, Azərbaycan davamlı inkişaf və modernləşmə yolu ilə irəliləyən, dünya siyasətində öz yeri və rolu olan dövlət kimi tanınır, xarici ölkələr ona hörmət və ehtiramla yanaşırlar. Bütün fəaliyyətini Azərbaycanın inkişafına və möhkəmlənməsinə həsr edən Lider kimi xalqımızın böyük rəğbətini qazanan Prezident İlham Əliyev xalqımıza verdiyi vədə əməl etdi, özünün də vurğuladığı kimi, ata vəsiyyətini həyata keçirdi. Qarabağı işğaldan azad etməsi ilə 30 illik həsrətimizə son qoyan Ali Baş Komandanın həm siyasi, həm də döyüş meydanında necə güclü diplomat və sərkərdə olduğuna nəinki Azərbaycan xalqı, bütün dünya bir daha şahid oldu. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən birgə Bəyanatın imzalanması Vətən müharibəsində Azərbaycanın hərbi-siyasi qələbəsini təsdiq edən tarixi hadisə idi. Bununla da müharibənin ilk günlərindən etibarən Prezident İlham Əliyevin irəli sürdüyü şərtləri Ermənistan hakimiyyətinin qəbul etməkdən başqa çıxış yolu qalmadı. 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsindəki Qələbəyə həsr olunmuş Zəfər paradı Azərbaycan Ordusunun gücünü və qüdrətini bütün dünyaya göstərdi.

Vətən müharibəsində qələbənin əldə edilməsinin əsasında ciddi siyasi-iqtisadi, hərbi və mənəvi-psixoloji səbəblər dayanır ki, onların da formalaşması və həlledici şərtlər kimi çıxış etməsi müxtəlif mərhələlərdən keçib. XX əsrdə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi xalqımızın həyatında mühüm tarixi hadisədir. Həmin dövrdə xalqımızın milli maraqlarını ifadə edən dövlət siyasətinin aparılması vacib idi. Lakin keçmiş iqtidarların dövləti idarəetmə səriştəsinin olmaması nəticəsində Azərbaycan ağır sosial-iqtisadi və siyasi böhranla üzləşdi, cəmiyyətdə hərc-mərcliyin baş alıb getməsi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına şərait yaratdı. Ziddiyyətli xarakter daşıyan xarici siyasətin nəticəsində Azərbaycan beynəlxalq aləmdə təkləndi, dünya birliyində onun haqqında qeyri-ciddi dövlət obrazı formalaşdı.

Azərbaycanı üzləşdiyi bu böhrandan Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı xilas etdi. Şərəfli və mənalı ömür yolunu müstəqil Azərbaycan dövlətinin qurulmasına, onun dünya ölkələri arasında layiqli yer tutmasına, xalqımızın xoşbəxt və firavan həyat şəraitində yaşamasına həsr etmiş Ümummilli Lider Heydər Əliyev siyasi hakimiyyətə gələrkən Azərbaycanda total böhran vəziyyəti hökm sürürdü. Cəmiyyətin bütün sahələrində Azərbaycan xalqının maraqlarına uyğun olmayan vəziyyət mövcud idi. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz müstəqilliyinin dönməzliyini təmin etdi, eyni zamanda regionda öz mövqelərini möhkəmləndirdi, sosial, mənəvi və iqtisadi sahələrdə böyük uğurlar qazanmağa başladı. Heydər Əliyev ictimai-siyasi sabitliyin yaradılması və sosial-iqtisadi böhranın aradan qaldırılması üçün müdrik siyasət həyata keçirdi. Demokratik siyasi sistem və bazar iqtisadiyyatı münasibətləri inkişaf etdi. Cəmiyyətin bütün sahələrinin inkişafını nəzərdə tutan məqsədyönlü siyasətin nəticəsində Azərbaycanın dünya birliyində mövqeyi gücləndi. Heydər Əliyev Azərbaycanın xarici siyasətini beynəlxalq hüquqi normalar, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, daxili işlərinə müdaxilə edilməməsi kimi prinsiplər əsasında qurdu. Xarici siyasət aparılarkən Azərbaycanın geosiyasi vəziyyəti, onun dünya ölkələri ilə ayrı-ayrılıqda və çoxtərəfli formatda münasibətlərinin xüsusiyyətləri nəzərə alındı. Regional və beynəlxalq təşkilatlarla əlaqələr yaradıldı və xalqımızın mənafeyi naminə onların imkanlarından istifadə olunmağa başlanıldı. Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı, Müstəqil Dövlətlər Birliyi, GUAM, İslam Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, NATO və digər nüfuzlu qurumlarla Azərbaycanın əlaqələri möhkəmləndi.

Ermənistan-Azərbaycan münaqişəsinin həllinə nail olmaq Heydər Əliyevin apardığı xarici siyasətin əsas istiqamətlərindən birini təşkil edib. Ümummilli Lider BMT Təhlükəsizlik Şurasının qətnamələr qəbul etməsinə nail olub, münaqişə ilə bağlı Azərbaycanın prinsipial mövqeyini dəfələrlə BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və digər təşkilatların tribunalarından səsləndirib, beynəlxalq birliyi problemin aradan qaldırılması üçün fəallıq göstərməyə çağırıb.

Milli Ordunun yaradılması Ulu Öndər Heydər Əliyevin başladığı dövlət quruculuğu siyasətində mühüm yer tuturdu. 1993-cü ilə qədər hakimiyyətdə olan iqtidarların heç biri vahid komandanlığa tabe olan, təşkilatlanmış milli ordu yarada bilməmişdi. Lakin Heydər Əliyevin prinsipial siyasətinin nəticəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələri yaradıldı və bununla da düşmənin hücumlarının qarşısı alındı.

Heydər Əliyevin digər sahələrlə yanaşı, ordu quruculuğu istiqamətində apardığı siyasət Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən illər ərzində Prezident İlham Əliyevin ordu quruculuğu sahəsində apardığı məqsədyönlü siyasətin nəticəsində müasir tələblərə tam cavab verən, yüksək mənəvi-psixoloji hazırlıqlı, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Azərbaycan Silahlı Qüvvələri daha da güclənmişdir. Prezident İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli sərəncamı ilə Müdafiə Sənayesi Nazirliyinin yaradılması ordu quruculuğu sahəsində atılan mühüm addımlardan biridir.

Vətən müharibəsi başlamazdan əvvəl Ermənistanın hərbi təxribatlarının qarşısını Azərbaycan Silahlı Qüvvələri qətiyyətlə alırdı. Hələ 2016-cı il Aprel döyüşlərində Lələtəpənin və Talış yüksəkliyinin azad edilməsi ilə başlayan ilk qələbə addımları böyük Zəfərə gedən yolun təməlini qoydu. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə ölkəmizin düşmənlə təmas xəttində yerləşən mövqeləri və yaşayış məntəqələri Ermənistan tərəfindən intensiv atəşə məruz qalanda Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatı ilə təxribatların qarşısını aldı, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyini və Cocuq Mərcanlını, Goranboy rayonunun Gülüstan kəndini və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqeləri işğaldan azad etdi. 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi, dövlət sərhədi boyunca əlverişli strateji yüksəkliklər işğaldan azad edildi, İrəvan-Gorus-Laçın yolu nəzarətə götürüldü. 2020-ci ilin iyul ayında baş vermiş Tovuz döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri böyük qəhrəmanlıq göstərərək Ermənistanın törətdiyi hərbi təxribatların qarşısını qətiyyətlə aldı.

Vətən müharibəsi dövründə düşmən əlverişli coğrafi mövqe tutmasına və yerləşdiyi ərazinin relyefinin ona böyük üstünlük verməsinə baxmayaraq, Azərbaycan Silahlı Qüvvələrinin qarşısında tab gətirə bilmədi, 10 min nəfərdən çox erməni əsgər və zabit fərarilik edərək döyüş meydanından qaçdı. Ermənilərdən fərqli olaraq, Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri isə döyüşlərdə qəhrəmanlıq və fədakarlıq göstərərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdilər ki, bununla da tarixi ədalət zəfər çaldı. Azərbaycan hərbçilərinin canı-qanı bahasına torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə şücaət göstərmələri, bu yolda şəhidlik zirvəsinə ucalmaları və qazi olmaları yenilməzlik, mətinlik, qəhrəmanlığın parlaq təzahürüdür.

Vətən müharibəsi erməni faşizminin iç üzünü bir daha dünyaya göstərdi. Müharibə dövründə düşmən döyüş meydanında məğlub olarkən yenə də insanlığa sığmayan ən çirkin əməllərə əl atdı. Ermənistan qadağan olunmuş silahlardan və ballistik raketlərdən istifadə edərək ölkəmizin şəhər və kəndlərinə müntəzəm olaraq atəş açmağa başladı. Lakin düşmənin bu cür mənfur hərəkətlərinin qarşısını İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Silahlı Qüvvələri aldı.

Vətən müharibəsində məğlub olan Ermənistanın 10 noyabr üçtərəfli Bəyanatının müddəalarına zidd olaraq, Azərbaycanın Qarabağ bölgəsində silahlı birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi olaraq qalırdı. Vətən müharibəsindən sonra Ermənistan, eləcə də onun dəstəyi ilə ərazilərimizdə qurulan xunta rejimi Azərbaycanın sülhsevər siyasətini adekvat dəyərləndirmədi. Ötən üç il ərzində rəsmi İrəvan üzərinə düşən öhdəliklərin icrasını ləngitməyə, gələcək revanşist iddialarının gerçəkləşəcəyi ümidi ilə status-kvonu saxlamağa və beləliklə, iki ölkə arasında sülh müqaviləsinin reallaşmamasına çalışırdı.

Nəhayət, bütün bu qanunsuz əməllərin qarşısının alınması məqsədilə sentyabrın 19-20-də keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olundu. Bu qələbələr Azərbaycan tarixinin şanlı səhifəsini təşkil edir. Son 200 ildə ilk dəfə olaraq Azərbaycan itirilmiş torpaqlarını azad etməklə tarix yazdı. İndi Azərbaycan bayrağı Qarabağın bütün ərazilərində - Xankəndi, Əsgəran, Xocalı, Ağdərə və Xocavənddə dalğalanır ki, buna məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsində nail olunmuşdur.

Vətən müharibəsində qələbənin nəticəsi olaraq, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış layihələrinin sürətlə həyata keçirilməsi Azərbaycan dövlətinin gücünü və qüdrətini bir daha göstərir. Bu ərazilərdə keçmiş məcburi köçkünlərin məskunlaşmasının təmin edilməsi məqsədilə geniş quruculuq işləri aparılır, yollar salınır, enerji stansiyaları istifadəyə verilir, hava limanları fəaliyyətə başlayır. Bütün bunlar hər birimizdə böyük qürur və fəxarət hissi yaradır. Vətən müharibəsi dövründə dünya birliyi Azərbaycanın öz suverenliyini qorumağa qadir qüdrətli dövlət olduğunu bir daha gördü. Hamıya aydın oldu ki, Vətən müharibəsindəki şanlı qələbə Prezident İlham Əliyevin milli maraqlara söykənən uzaqgörən siyasətinin, güclü lider kimi beynəlxalq aləmdə yüksək nüfuzunun və xalq-dövlət-ordu birliyinin parlaq təcəssümüdür.

Mübariz QURBANLI,

Dini Qurumlarla İş üzrə Dövlət

Komitəsinin sədri,

YAP İdarə Heyətinin üzvü.