Sərhədlərin tanınması etimad mühiti yaradır
Siyasət

Sərhədlərin tanınması etimad mühiti yaradır

"Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik. Bizə müharibə lazım deyil, bizə torpaqlarımız lazım idi... İkinci Qarabağ müharibəsindən sonra biz Ermənistana demişik ki, gəlin, sərhədi ədalətli müəyyən eləyək. Yox, istəmirsinizsə, onda biz deyəcəyik, harada istəyirik orada da sərhəd olacaq... Həm Azərbaycan xalqına, həm də bu bölgəyə maraq göstərənlərə bir daha demək istəyirəm ki, bizimlə hesablaşmadan burada bir addım da atılmamalıdır bundan sonra. Əminəm ki, mənim sözümü eşidirlər, bilirlər mən nəyi deyirəmsə, onu da edirəm". Bu fikirləri Prezident İlham Əliyev Şuşada birinci yaşayış kompleksinin açılış mərasimində şəhərə köçmüş ilk sakinlərlə görüşü zamanı söyləyib.

İkinci Qarabağ müharibəsində düşmənə yerini göstərən, bu torpaqların əsl sahibinin kim olduğunu döyüş meydanında  ona  anladan Azərbaycan bütün dünyaya sübut etdi ki, onunla heç bir dövlət təzyiq dilində danışa, ya da diktə edə bilməz. Azərbaycan haqqa, ədalətə, beynəlxalq hüquqa əsaslanan müstəqil siyasət yürüdür və öz maraqları naminə bütün maneələri dəf etməyə qadirdir. 30 il bəzi dövlətlərin ikili münasibətlərinə səbir və təmkin göstərərək haqlı mübarizəsini siyasi müstəvidə aparan müstəqil dövlətimiz bütün səylərin heç bir nəticə vermədiyi təqdirdə münaqişəni hərbi yolla həll etməli oldu. 44 günlük müharibədə illərlə davam edən işğala son qoyulduqdan sonra ölkəmiz ard-arda qalibiyyətlərə imza atdı: ərazi bütövlüyünü, suverenliyini tam təmin etdi, artıq qonşu ölkə ilə sərhədlərin delimitasiya və demarkasiya işləri aparılır.

Nəinki yerləşdiyi regionda, bütün dünyada sülh, əmin-amanlıq carçısı olan Azərbaycanın Prezidenti əsla münaqişə, müharibə tərəfdarı olmadığını, xalqların birgəyaşayışına önəm verdiyini hər zaman həyata keçirdiyi humanist siyasətlə nümayiş etdirib. İkinci Qarabağ müharibəsi bitdikdən sonra da Prezident İlham Əliyev bölgədə təhlükəsizliyin, sabitliyin təmin olunması üçün mühüm təklif və təşəbbüslərlə çıxış edib, iki ölkə arasında sərhədin delimitasiyası və demarkasiyasının, kommunikasiyaların açılmasının vacibliyini bildirib. Lakin bu istiqamətdə müəyyən addımlar atılmasına baxmayaraq, himayədarlarının diktəsi ilə hərəkət edən, müstəqil siyasəti olmayan Ermənistan Qərb blokunun Cənubi Qafqazda yerləşmək uğrunda apardığı mübarizədə siyasi alətə çevrilmişdir. Regionda sabitliyin, təhlükəsizliyin bərqərar olmasını istəməyən güclər Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına imkan vermir, sülh sazişinin imzalanması istiqamətində aparılan danışıqlara vasitəçilik etməklə gedişata "töhfə" verməyə çalışırlar. Lakin məlumdur ki, müharibədən sonra  beynəlxalq vasitəçilərin təşəbbüsü və təşkilatçılığı ilə aparılan danışıqlar 3 il müddətində heç bir nəticə vermədi. Müharibə başa çatsa da qızışdırılıb ortaya atılan Ermənistanın təxribatları, yeni münaqişə cəhdləri bitmədi.

Ədalətli, haqlı mübarizəsində öz məqsədinə çatmaq üçün iradə, qətiyyət nümayiş etdirən Azərbaycan böyük uğurlara imza atır. Qalib ölkəmizin sülh təklifini müharibədən ötən 3 il müddətində müsbət dəyərləndirməyən Ermənistan dövlətimizin məqsədyönlü siyasəti sayəsində artıq anlayır ki, Azərbaycan müharibə deyil, regionda illərdir hökm sürən gərginliyə, münaqişələrə son qoymaq istəyir, yenidən qan tökülməsinin, müharibə olmasının qəti əleyhinədir. Odur ki, işğal altında saxladığı kəndləri öz sahibinə qaytarmaqdan başqa yolu qalmadı. Çünki Azərbaycan lideri bir qarış torpağın belə düşmənə verilməyəcəyini yüksək kürsülərdən dəfələrlə bəyan edib. 44 günlük müharibə, Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması, 23 saatlıq antiterror tədbirləri bu prinsipiallığın, qətiyyətin ən bariz nümunəsidir. Düşmənə görk olan bu uğurlar qələbələrimizin sırasına daha bir qələbə gətirdi. İkinci Qarabağ müharibəsində zəfərimizi təsdiqləyən 10 noyabr Bəyannaməsinə əsasən bir güllə atılmadan geri qaytarılan Ağdam, Laçın, Kəlbəcər kimi Qazaxın Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri də dinc yolla azadlığına qovuşdu. Belə ki, bu il aprel ayının 19-da Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların səkkizinci görüşündə Qazax rayonunun anklav olmayan dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə olundu. Qazax rayonu ərazisində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edildi. Artıq 6,5 kvadratkilometr ərazi Azərbaycanın nəzarətinə keçib, Azərbaycan və Ermənistan sərhədinin demarkasiyasına məhz Qazaxdan başlanıb.

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında vasitəçi olmaq istəyənlər əslində öz maraqlarından çıxış edirlər. Regionda vəziyyətin gərginləşdirilməsinə, yenidən münaqişə ocağının alovlandırılmasına səy göstərilməsi iki ölkə arasında sülh sazişinin imzalanmasını istəməyən Qərbin ikibaşlı oyunlarının təzahürüdür. Artıq Ermənistan da bunun fərqindədir və anlayır ki, havadarları sülh prosesinə vasitəçilik etmir, əksinə maneçilik törədirlər. Belə ki, ötən ilin sonlarında üçüncü tərəfin iştirakı olmadan keçirilən görüş zamanı verilən bəyanatda əsirlərin dəyişdirilməsi məsələsinin vurğulanması və dekabrın 13-də Azərbaycan tərəfindən 32 erməni hərbçisinin, Ermənistan tərəfindən 2 azərbaycanlı hərbçinin qaytarılması, həmin ölkənin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək Azərbaycanın namizədliyini dəstəkləməsi bunu bir daha təsdiq edir. Odur ki, artıq Ermənistan Azərbaycanın təşviq etdiyi sülh prosesinə münaqişə ilə deyil, diplomatik yolla adekvat cavab verir ki, bu da iki ölkə arasında etimad mühitinin formalaşmasına, sülhün, əmin-amanlığın bərqərar olmasına imkan yaradır. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması isə birmənalı olaraq Cənubi Qafqazda inkişafa, iqtisadi əlaqələrin möhkəmlənməsinə, uzunmüddətli, dayanıqlı sülhə töhfə verəcək.

Mehparə ƏLİYEVA,

"Respublika".