Cənubi Qafqazda toqquşan qlobal maraqlar
Siyasət

Cənubi Qafqazda toqquşan qlobal maraqlar

Qlobal miqyasda müşahidə edilən geosiyasi proseslər Cənubi Qafqaz regionuna da təsirsiz ötüşmür. Müxtəlif xarakterli hadisələr bu regionda marağı olan qüvvələri narahat edir. Ermənistan təhlükə və risk mənbəyi olaraq radikal qruplar üçün açıq məkana çevrilir. Gürcüstan isə daha çox öz təhlükəsizliyini düşünür.

Azərbaycan isə xarici siyasət kursunu uğurla inkişaf etdirir. Müharibədən sonra ölkəmiz Cənubi Qafqazda daha da gücləndi. 30 ilə yaxın dövrdə işğal altında olan ərazilərini 44 gün ərzində düşməndən təmizləməsi Azərbaycanın qüdrətinin təntənəsi oldu. Lakin uduzan tərəf olaraq Ermənistanın sülhə can atması gözlənilərkən rəsmi Bakının təklif etdiyi sülhə belə qəti cavab verməməsi Ermənistanın məkrli oyunlarının göstəricisidir. Ermənistanın şifahi olaraq Qarabağ da daxil olmaqla Azərbaycan ərazisini 86,6 min kvadratkilometr olaraq tanıması hələ də rəsmi sənədlərdə öz əksini tapmır. Belə çıxır ki, Cənubi Qafqazı daim gərgin vəziyyətdə saxlamaq bu bölgəyə marağı olan geosiyasi qüvvələrin ürəyincədir.

Azərbaycanın Cənubi Qafqazın geosiyasi mənzərəsinin formalaşmasında rolunu ayrıca vurğulamaq gərəkdir. Bakı müstəqil və konstruktiv xarici siyasəti ilə iki aspektdə regionun sabitliyinin təmini üçün böyük töhfələr verir. Onlardan biri iqtisadi inteqrasiyaya xidmət edən əlaqələrin yaradılması və inkişaf etdirilməsidir. Bunun üçün müxtəlif növ nəqliyyat əlaqələri həyata keçirilir. Tarixi torpaqlarımız olan Zəngəzur dəhlizi vasitəsilə bütün türk dünyasının həm iqtisadi, həm də siyasi baxımdan birləşməsi Azərbaycanı Cənubi Qafqazda aparıcı qüvvəyə çevirəcək. Eyni zamanda, bu dəhliz bütün Asiyanı Qərblə birləşdirəcək körpü funksiyasını yerinə yetirəcək. İranın Qafanda konsulluq açmasının ardından Rusiyanın və Fransanın konsulluq açma planları müxtəlif maraqları müdafiə edir.

Avropa dövlətlərinin Cənubi Qafqazda Rusiya kimi güclü dövlət ola-ola güclənmək cəhdləri isə hələlik mistikadan başqa bir şey deyil. Bu baxımdan, Qərbin bu konteksdə atacağı addımlar böyük maraq doğurur.

Cənubi Qafqazda maraqları olan güclərdən biri də heç şübhəsiz, Fransadır. Regionda gedən proseslərə müdaxilə etmək niyyəti güdən Fransanın Ermənistanı himayə etməsi, sülh danışıqlarına zərbə vurma cəhdlərinin kökündə də bu niyyət dayanır. Rəsmi Parisin Rusiya mövzusunda qeyri-stabil davranışları diqqəti cəlb edən ən mühüm məqamlardan biridir. Bir tərəfdən, Ukraynaya dəstək ifadə etdiyi halda, digər tərəfdən də Moskva ilə gizli danışıqlar aparması Makronun hiyləgər siyasətini göstərir. Lakin görünən odur ki, Fransa Cənubi Qafqaz bölgəsində də hər hansı nüfuz əldə edə bilməyəcək. Onun destruktiv mövqeyinə gəlincə, bu pozucu fəaliyyətdən cəsarətlənən Ermənistan sülh gündəliyindən imtina edərək genişmiqyaslı təxribatlara əl atır. "Bacısına" arxalanaraq pozuculuq siyasəti yürüdən Ermənistan bu uydurmalara aldanmamalı və sülh sazişini imzalamalıdır. Bölgənin təhlükəsizliyi naminə bütün fəaliyyət bu istiqamətə yönəlməlidir.

Gələn il Fransada Beynəlxalq Olimpiya oyunlarının keçirilməsi planlaşdırılır. Lakin əksər rəylərə görə, bu oyunlar ləğv oluna bilər. Çünki Fransada hazırda Makron hakimiyyətinə qarşı aksiyalar, etirazlar davam edir. Bundan əlavə, ölkədə ədalətdən, tolerantlıqdan əsər-əlamət qalmayıb. Müstəmləkəçi xisləti "uğurla" davam etdirilir. Beynəlxalq Olimpiya Oyunlarının boykot edilməsi ilə əlaqədar petisiyaya başlanılıb. Tarixə nəzər salsaq görərik ki, Versal nümunəsində imzalanan əksər sülhlərin Parisdə baş tutması fonunda Fransa tolerant ölkə olmalıdır. Lakin, iyun ayında 17 yaşlı əlcəzairli gəncin polis tərəfindən qətlə yetirilməsi zamanı yaranan iğtişaşlar heç də bunu deməyə əsas vermir. Bu baxımdan, Olimpiya oyunlarında iştirak edəcək ölkələr əvvəlcədən sabitliyin qarantını istəyirlər ki, bu da başadüşüləndir. Yekun olaraq, rəsmi Paris anlamalıdır ki, Cənubi Qafqazda öz maraqlarını güdərək haqsız tərəfə verilən dəstək ölkənin sonunu gətirə bilər.

Fransa və bəzi Qərb dövlətlərinin Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq cəhdləri "casus belli"yə çevrilə bilər. Qərbdə qeyri-sabitliyin mövcud olduğu, ələlxüsus, Fransada səngiməyən iğtişaşlardan Rusiyanın hər hansı bir formada yararlanacağı təqdirdə, Qərb dövlətlərinin Cənubi Qafqazda, hətta beynəlxalq aləmdə öz gücünü itirəcəyinə səbəb ola bilər.

Cənubi Qafqazı stabilləşdirmək üçün digər bir hal da mövcuddur. Rusiya ilə Qərbin maraqlarının toqquşduğu daha bir bölgə olan Afrika qitəsinə marağın getdikcə artması Cənubi Qafqazın xeyrinə dəyişən amillərdəndir. Dünyanın "çipləşməyə" doğru getdiyi dövrdə çipin hazırlanmasının əsasını təşkil edən maddələrin, materialların Afrikada mövcudluğu nəhəng gücləri bura doğru istiqamətləndirməyə vadar edir. Qitənin aclıq və səfalət içərisində yaşaması heç kimin marağında olmasa da, buradakı təbii sərvətlər maraqlı qüvvələri iştahlandırır. Son günlərdə Afrika dövləti olan Nijerdə hakimiyyətin devrilməsi və xunta rejiminin hakimiyyətə gəlməsi fonunda Putinin qitənin dövlət başçıları ilə səmimi görüşü, Afrikanın taxıl ehtiyacının Rusiyada olduğu mesajı rəsmi Moskvanın regionda güclənmək istəyinin nə qədər ciddi olduğundan xəbər verir. Qərbin Rusiya qarşısında büdrəməsinin əsas səbəbi aparılan səhv siyasətdir. Elə Azərbaycan nümunəsindən də görürük ki, Gürcüstanın Cavaxetiya, Abxaziya və Şərqi Osetiya məsələlərində ağzına su alıb oturan Qərbin Qarabağı işğaldan azad etdikdən sonra əsassız bəyanatlarla çıxış edərək sülhə "ağız-burun" əyməsi, Birinci Qarabağ müharibəsi dövründə yüzlərlə azərbaycanlının ermənilər tərəfindən vəhşicəsinə işgəncə verilib qətlə yetirilməsinə göz yumması, cinayətin əsas iştirakçılarından biri olan Vaqif Xaçaturyanın saxlanılmasına bu cür reaksiyası sadəcə isterikadır.

Yekun olaraq onu da qeyd edək ki, Cənubi Qafqazda gedən oyunlar səbəbindən asılı olmayaraq daim narahatlıq doğurur. Ölkəmizi bu kənar təsirlərdən qorumaq üçün aparılan məqsədyönlü tədbirlər öz bəhrəsini verir. Prezident İlham Əliyevin çıxışlarında Rusiyanın və Qərbin ortaq maraqlarını təmin edən fikirləri, ölkəmiz üçün daima çiçəklənən və proqressiv inkişafın təminatı olan sülhün əldə olunması və qorunub-saxlanılması onun nüfuzunu günbəgün artırır. Bütövlükdə Azərbaycan Cənubi Qafqazda açar rolu oynayan dövlət kimi sabitliyin bərqərar olmasında əlindən gələni əsirgəmir.

Tacir SADIQOV,

"Respublika".