Beynəlxalq təşkilatlar artıq həqiqəti etiraf etməyə başlayır
Gündəm

Beynəlxalq təşkilatlar artıq həqiqəti etiraf etməyə başlayır

Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanın Qarabağ bölgəsini öz istəkləri ilə tərk edərək Ermənistana köçən erməni sakinlərə qarşı pis rəftarla bağlı heç bir fakt qeydə almayıb. Bu fikirləri BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ermənistandakı nümayəndəsi Kavita Belani BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında onlayn çıxışı zamanı bildirib. Kavita Belani həmçinin bildirib ki, indiyədək heç bir insident, pis rəftar halları ilə bağlı heç bir fakt yoxdur: "Bu uzun yoldur, tıxaclar insanlar üçün çətinlik yaradır. Lakin azərbaycanlılar tərəfindən pis rəftar halları qeydə alınmayıb", - deyə qeyd edib. Azərbaycanın göstərdiyi humanizm və reinteqrasiyaya dəvət çağırışları artıq beynəlxalq təşkilatları da danışmağa vadar edir. Ölkəmiz ermənilərin 90-cı illərdə bizə yaşatdığı deportasiya və işgəncələrə öz humanist  addımları ilə cavab verir. Artıq onların havadarları da başa düşür ki, regionda sülh çağırışları reallaşmağa başlayır.

Erməni terrorçularının azərbaycanlılara qarşı törətdikləri ağır cinayətlər əlbəttə ki, unudula bilməz. Cinayətkarlar gec, ya tez öz layiqli cəzalarını alacaqlar. Bu baxımdan, Qarabağı tərk edən ermənilər içərisində gizlincə qaçmağa çalışan əli qanlı terrorçular saxlanılır. Artıq bu barədə nümunələr də var. Digər sakinlər isə sərbəst şəkildə Laçın sərhəd-buraxılış məntəqəsindən keçə bilirlər. Azərbaycan tərəfi Qarabağın erməni sakinləri üçün reinteqrasiya baxımından artıq rəsmi işlərə başlayıb. Rəsmi portal yaradılaraq Azərbaycan, erməni, ingilis və rus dillərində həmin şəxslərə müraciətlər edilib. Lakin burada da separatçı ünsürlərin təsirlərini açıq-aydın müşahidə edirik. Erməni əsilli şəxslərə bəzi terrorçular tərəfindən təsir, təzyiq bəzən isə təhdid olunur.

Hər halda ermənilər seçim etməkdə sərbəstdirlər. Azərbaycanda qalan və vətəndaşlığı qəbul edən ermənilərə konstitusiyamızda göstərildiyi kimi dil, din, seçki azadlıqları veriləcək. Azərbaycan çoxmillətli ölkədir və digər etnik azlıqlar kimi, ermənilər də cəmiyyətin bir parçası ola bilər. Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin məşkunlaşma proqramına 1 milyon dollar vəsait ayrılması barədə Sərəncam imzalaması ölkə vətəndaşlarına göstərilən qayğının təzahürüdür. Belə ki, ermənilərin vaxtilə od vurduqları yaşayış, həmçinin ictimai obyektlərin ölkəmiz tərəfindən restavrasiyası sakinlərin firavan yaşaması üçün atılan addımdır. Bu addımları Ermənistanın havadarları, erməni lobbisi və bəzi ikili yanaşma sərgiləyən qurumlar görməlidir. Dayanıqlı inkişaf üçün rifahın yaxşılaşdırılması Azərbaycan Respublikasının əsas prioritetlərindən biridir.

Təəssüf ki, biz hər zaman BMT və digər ali təşkilatlardan bu cür təqdirəlayiq fikirlər görə bilmirik. Bu il martın 23-də Avropa Parlamentinin (AP) üzvləri, Avropa İttifaqı-Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin AP tərəfdən həmsədri Marina Kalyurand, AP-nin Azərbaycan üzrə daimi məruzəçisi Yelena Zovko və AP-nin Ermənistan üzrə daimi məruzəçisi Andrey Kovaçev tərəfindən Birgə Bəyanat verilmişdi. Bəyanatda bildirilirdi ki, Azərbaycanda erməni əsirlərlə pis rəftar edilməsi ilə bağlı "Human Rights Watch" (HRW) təşkilatının əsassız iddialarını özündə əks etdirən birgə sənəd AP üzvlərinin real vəziyyətlə tanış olmaq əvəzinə bəzi təsisatların qərəzli mövqeyini səsləndirməyə üstünlük verdiklərini nümayiş etdirir. Bu kimi əsassız bəyanatla çıxış etmədən öncə AP məruzəçilərinin mövcud əməkdaşlıq platformalarından istifadə etməklə sözügedən iddialarla bağlı azərbaycanlı həmkarlarından məlumat əldə etmələri daha məntiqli olardı. Bu nümunə bu il Azərbaycanla bağlı səsləndirilən ilk qərəzli fikirlərindən hesab olunur. Bu kimi əsassız çıxışlar isə ötən aylar ərzində kəskin artıb. Həmin təşkilatlar və onları təmsil edən bəzi şəxslər münaqişə ilə bağlı ən kiçik məlumatı belə olmadan, Ermənistanın azərbaycanlı əsirlərlə davranışı barədə kiçik bir araşdırma etmədən diletant fikirlər səsləndirirlər. Azərbaycan tərəfindən bir əsir tutulan kimi dərhal "ulaşan" bəzi qurumlar Azərbaycana qarşı qarayaxma kampaniyasına başlayırlar. Demək olar ki, hər həftə onlara baş çəkməyə gələnlər nədənsə azərbaycanlı əsirlərə qarşı eyni münasibət sərgiləmirlər.

Bütün bunlara baxmayaraq, Azərbaycan Respublikası öz qətiyyətli mövqeyindən  bir an belə dönmür, regionda sülh və əmin-amanlıq şüarı ilə addımlar atır,  ali qurumların sülh çağırışını dəstəkləyir. Oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Azərbaycanla Ermənistan arasında planlaşdırılan görüşdən əvvəl bəzi erməni dairələrinin sülh mesajı verməsi isə regionda çoxəsrlik ədavəti sonlandıra bilər. Beynəlxalq təşkilatlar da öz ikili yanaşmalarından əl çəkib regionda sülhə dəstək verməlidirlər...

Tacir SADIQOV,

"Respublika".