20 ilin zəfər zirvəsi
Gündəm

20 ilin zəfər zirvəsi

"Xatırlayıram, o vaxt bəziləri sual verirdi: Nə üçün, nə üçün biz o vaxt - noyabrın 10-da müharibəni dayandırmağa razılıq verdik. Bu gün bax, burada durarkən bir daha bildirmək istəyirəm ki, biz hər şeyi vaxtında etməliyik və etmişik. Azərbaycan xalqının böyük əksəriyyəti o vaxt da - noyabrın 10-da və ondan sonrakı dövrdə çox yaxşı başa düşürdü ki, biz istədiyimizə nail olacağıq. İstədiyimiz isə bax, burada dalğalanan Azərbaycan Bayrağıdır".

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Dövlət Bayrağını ucaldarkən deyib. Ölkə başçımızın da dediyi kimi, 3 il bundan öncə müharibə dayananda hər birimiz sevinirdik. Çünki cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik və bununla da, ərazi bütövlüyümüzü təmin etdik, regionun qalib xalqına çevrildik. Amma içimizdə bir narahatlıq var idi. Bəs Xankəndi, Xocalı? Axı bizim torpaqlarımızda erməni separatçıları oturub boş xülyalara qapılırdılar. Onlar ərazilərimizdən çıxmadıqları üçün suverenliyimizin bərpası prosesi də başa çatmamışdı. O zaman İlham Əliyev bütün bu narahatlıqları duyur və hər dəfə ona etimad edən xalqını əmin edirdi ki, nəyin nə zaman reallaşdırılacağını bilirəm. Əslində, ölkə başçımız bununla bizə mesaj verirdi ki, Azərbaycanın bütöv olacağı zaman uzaqda deyil. Sadəcə geosiyasi vəziyyət və siyasət qaydaları bizdən bir qədər də səbir tələb edir. Bu müddətdə yalançı kampaniyalar aparanlar, vətəndaşları iqtidara qarşı çıxmağa səsləyənlər də oldu. Amma xalq-dövlət birliyi sarsılmadı, qarşılıqlı etimad hər gün artaraq ən uca səviyyəyə çatdı. Nəticədə, bu il sentyabrın 19-da keçirilən bir günlük antiterror tədbirləri nəticəsində 44 günlük müharibənin 45-ci günü yaşandı və Azərbaycanın suverenliyi, bütövlüyü, tam və qəti şəkildə bərpa edildi. İtirilmiş torpaqları tam bərpa etmək isə son 200 ildə müsəlman aləmində sadəcə İlham Əliyevə nəsib oldu. Yalnız dövlət başçımızın siyasi dühası, dəmir iradəsi, qətiyyəti və qorxmazlığı sayəsində Azərbaycan xalqı tək yumruq kimi birləşə bildi, şanlı ordumuz düşməni darmadağın etdi, millətimizə qarşı cinayət törətmiş canilər bir-bir yaxalanaraq Bakıya gətirildi, ilahi ədalət zəfər çaldı. Prezidentimiz xalqa müraciətində bu məsələyə də toxundu: "Onlar Bakıya gəlmək istəyirdilər, onlar bizi hədələyirdilər, deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq, haqlı çıxdılar. Onların tankları Hərbi Qənimətlər Parkındadır. Onlar deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. Burada da haqlıdırlar. İndi çay içirlər, istintaq təcridxanasında. Özünü "prezident" adlandırmış üç təlxək bax, burada oturub bizə meydan oxuyurdu, bizi hədələyirdi, bizi təhqir edirdi... Bax, burada oturmuş özünü "prezident" adlandıran 3 təlxək bu gün öz layiqli cəzasını gözləyir. Bu binaların birində oturmuş, özünü "baş nazir" adlandıran bir adam görəsən bu gündəmi bizi hədələməyə cürət edəcək? Onun da çayı bu gün istintaq təcridxanasında verilir. Burada özünü "xarici işlər naziri" adlandırmış bir separatçı o vaxt belə kinayə ilə deyirdi ki, Azərbaycan Bayrağını Xankəndidə qaldırmaq istəyirsə, səfirlik açsın bizim ölkəmizdə. İndi onun da çayı orada, təcridxanada verilir. Bizim Bayrağımız isə bax, oradadır. Bu, dərs olmalıdır onlara".

İlham Əliyev özünü "prezident" adlandıran 3 təlxək dedikdə, Bako Saakyan, Robert Qukasyan və Arayik Harutyunyanı, "baş nazir" olduğunu iddia edən Ruben Vardanyanı, "xarici işlər naziri vəzifəsini daşımış" separatçı dedikdə isə Davit Babayanı nəzərdə tutur. Bu şəxslərin indi Bakıda dəmir barmaqlıqlar arxasında olması tarixin gedişinin Azərbaycanın xeyrinə dəyişməsinin ən parlaq nümunəsidir. Bəli, erməni separatizminə Prezident İlham Əliyev son qoydu, Azərbaycanın üçrəngli və müqəddəs bayrağını Xankəndidə ucaltdı. 15 Oktyabr isə 200 illik erməni zülmünün və məkrli oyununun rəsmən bitdiyi gün oldu. Heç bir sözə sığmayan milli qürurun və milli iradənin təntənəsi olan bu tarix isə təsadüfi deyil. Belə ki, oktyabrın 15-də cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 ili tamam oldu. Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müvəffəqiyyətlə keçdiyi bu 20 il ölkəmiz və xalqımız üçün şərəfli və qürurlu anlarla doludur. Bu ilin hər günü Azərbaycanın inkişafına, güclənməsinə, dünyada söz sahibi olan və hörmət edilən ölkəyə çevrilməsinə həsr edildi. 2003-cü ilin oktyabrın 15-də Azərbaycanın Prezidenti seçilən İlham Əliyevin tək milli qayəsi, strateji hədəfi və qarşısına qoyduğu ali məqsəd bir milləti geosiyasi maraqların əleyhinə olaraq yenidən dirçəltmək, heç kimdən asılı olmayan və özünə güvənən güclü dövlət və güclü millət yaratmaqdan ibarət idi: "Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və "Qurani-Kərim"ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi... İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik".

Cənab Prezident bu ali məqsədə çatmaq üçün müəyyən etdiyi "Güclü Millət və Güclü Dövlət Quruculuğu Konsepsiyası"nı dəqiqlik, siyasi ustalıq və qətiyyətlə həyata keçirməyi bacardı. Əvvəlcə, ölkənin iqtisadiyyatı gücləndirildi, Azərbaycanın beynəlxalq nüfuzunun artması, dünyanın aparıcı nəqliyyat və logistika mərkəzinə çevrilməsi üçün çox böyük layihələr və işlər həyata keçirildi. Eyni zamanda son 20 ildə Azərbaycanın müdafiə xərclərinin artım dinamikasına nəzər salmaq bəs edir ki, bu sahəyə dövlət diqqətinin mahiyyətini dərk edəsən. Qeyd edilən illərdə Azərbaycanın hərbi büdcəsi 135 milyon ABŞ dollardan 5,3 milyard manat vəsaitədək yüksəlib. Bu, Azərbaycanın müstəqilliyini elan etdiyi 1991-ci ildən bəri ən böyük hərbi büdcəsidir. İlham Əliyevin hakimiyyəti illərində ölkənin hərbi quruculuğunun tərkib hissəsi olan milli və hərbi təhlükəsizliyin konseptual əsaslarını özündə əks etdirən strateji xarakterli bir sıra sənədlər - "Milli təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının Qanunu, Milli Təhlükəsizlik Konsepsiyası, Hərbi Doktrina, Dəniz Təhlükəsizlik Strategiyası, Silahlı Qüvvələr haqqında Qanun qəbul edilib. Həmin qanunlarda ölkəmizin hərbi sahədə maraqları və müdafiə siyasəti yer alıb. Azərbaycan-Rusiya hərbi-texniki əlaqələrinin inkişafı nəticəsində əvvəllər Rusiya Azərbaycanın bir nömrəli silah təchizatçısına çevrilmişdi. Lakin Azərbaycan paralel olaraq, İsrail və Türkiyə ilə hərbi əməkdaşlığı da inkişaf etdirdi. Məhz bu əməkdaşlıq sahəsində Azərbaycan Vətən müharibəsində işğalçı Ermənistan üzərində inamlı qələbə qazandı. Postmüharibə dövründə də Azərbaycan ordu quruculuğunu inkişaf etdirib və türk ordu modelinə keçib, Türkiyə və Rusiya ilə müttəfiqlik haqqında sənəd imzalayıb. Ölkəmizdə komando tipli hərbi hissələr yaradılıb. Ümumilikdə, İkinci Qarabağ müharibəsindən sonra 200-ə yaxın hərbi təyinatlı obyekt əsaslı təmir edilib və ya yenidən inşa olunub. Bir ay öncə, Azərbaycanın apardığı lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunması Silahlı qüvvələrimizin beynəlxalq reytinqdə daha da irəliləməsinə zəmin yaradacağı şübhə doğurmur.

Azərbaycan XXI əsrin yeganə dövlətidir ki, ərazi bütövlüyünü və suverenliyini dünya tərəfindən tanınan sərhədləri çərçivəsində bərpa edə bildi. Bu isə Prezident İlham Əliyevin sərkərdəliyi, ağlı, zəkası, diplomatik məharətinin hesabına oldu. Artıq Azərbaycan güclüdür, ölkəmiz dünya miqyasında özünə layiq yeri tutur. Dünyanın hegemon ölkələri regional məsələlərdə Azərbaycanla hesablaşır. Bununla belə, ölkəmiz artıq sadəcə regional deyil, həm də dünya miqyasında önəmli siyasi-iqtisadi və hərbi güc mərkəzidir.

Jalə QASIMZADƏ,

"Respublika".