Bərpaolunan enerji resurslarına transformasiyaya səy göstərilir
İqtisadiyyat

Bərpaolunan enerji resurslarına transformasiyaya səy göstərilir

"Biz investorlarımızla çox məhsuldar münasibətlər qura bildik. Məhz bunun nəticəsidir ki, bp şirkəti otuz ildir bizim strateji tərəfdaşımızdır və bundan sonra da ən azından otuz il ərzində strateji tərəfdaşımız olaraq qalacaq. 1994-cü ildə Birləşmiş Krallıqdan bp və ABŞ-dan "Amoco" beynəlxalq neft şirkətləri konsorsiumuna rəhbərlik edirdilər və onlar bizə etibar etdilər... Sonra Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi sübut etdi və iqtisadiyyatımızın müxtəlif sahələrinə və əlbəttə ki, enerji sektoruna əlavə investisiyalar yatırıldı". Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin rəsmi açılış mərasimində çıxışı zamanı bu fikirləri söyləyib və qeyd edib ki, SOCAR ilə yaradılmış konsorsium arasında çox etibarlı əməkdaşlıq var idi.

Ötən əsrin sonlarında ikinci dəfə müstəqilliyini elan edən Azərbaycanda çətin və mürəkkəb vəziyyət hökm sürürdü. Respublikada baş alıb gedən özbaşınalıq, həm də sahibsiz bir ölkəyə göstərilən xarici təzyiqlər dövlətin sütunlarını çökdürür, iqtisadiyyatı zəiflədirdi ki, bu da onun müstəqilliyini böyük sual altına qoyurdu. Zəngin təbii ehtiyatlara, yeraltı-yerüstü sərvətlərə sahib olan xalq ağır şəraitdə yaşayırdı. 1993-cü ildə ikinci dəfə respublika rəhbərliyinə qayıdan Heydər Əliyevin göstərişi ilə həyata keçirilən təxirəsalınmaz islahatlar nəticəsində ölkədə siyasi sabitlik bərqərar oldu. İqtisadi gücü, siyasi arenada nüfuzu olmayan Azərbaycanı qəbul etməyən, heç bir əməkdaşlıq əlaqələri qurmayan ölkələr ulu öndər Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti sayəsində artıq respublikamıza maraq göstərir, iqtisadiyyata investisiyalar yatırırdılar. Beləliklə, ümummilli liderin təşəbbüsü ilə 1994-cü ildə "Əsrin müqaviləsi" imzalandı və bununla da respublikamıza xarici ölkələrdən böyük sərmayə axını başladı. Beynəlxalq əhəmiyyətli müqaviləni imzalayan ölkələrdən biri Böyük Britaniya, 13 ən iri aparıcı şirkətlərdən ən başlıcası isə bp şirkəti oldu. 1998-ci il 19 - 24 iyul tarixində ulu öndər Heydər Əliyevin Böyük Britaniyaya rəsmi səfəri çərçivəsində ARDNŞ və bp, RAMCO və Monument Oil şirkətləri ilə üç mühüm sazişin, Azərbaycan Respublikası Prezidenti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri arasında iki ölkənin dostluq münasibətləri və tərəfdaşlıq haqqında birgə Bəyannamənin imzalanması ölkələrarası münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltdi.

bp şirkəti 30 ildir ki, ölkəmizdə fəaliyyət göstərən ən böyük xarici investor kimi beynəlxalq əhəmiyyətli enerji layihələrinin təhlükəsiz, etibarlı və səmərəli şəkildə həyata keçirilməsində yaxından iştirak edir.

Regional inkişafa mühüm töhfə verən Azərbaycanı dəyərli enerji tərəfdaşı kimi qiymətləndirən bp dünyanın ən böyük neft yataqlarından biri olan "Azəri-Çıraq-Günəşli" yatağının və eyni zamanda böyük qaz yatağı hesab edilən "Şahdəniz" yatağının operatorudur. Qeyd edək ki, bu yatağın işlənməsi ilə Azərbaycan təbii qaz idxal edən ölkədən bu gün təbii qaz ixracatçısına çevrilib. Həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, dünyanın qlobal enerji bazarında mühüm rol oynayan ölkəmiz neftlə yanaşı, həm də təbii qaz ixrac edir. Uğurlu enerji siyasəti aparan, dünyada ümumavropa qaz təchizatçısı adlandırılan, ötən il Avropa bazarlarına 12 milyard kubmetr təbii qaz ixrac edən ölkəmizdə bu il 49 milyard kubmetrə yaxın qaz hasilatı gözlənilir ki, bunun da 24 milyard kubmetrinin ixracı nəzərdə tutulur. Təbii qaz ixrac etdiyimiz səkkiz ölkədən altısının məhz Avropa ölkəsi olması bir daha göstərir ki, bu qitədə Azərbaycan qazına böyük tələbat var, eyni zamanda həmin ölkələr respublikamız üçün ən əlverişli bazardır.

Müstəqil Azərbaycanın uğurlu neft-qaz siyasəti var. Ölkəmizin təsdiqlənmiş qaz ehtiyatları 2,6, proqnozlaşdırılan ehtiyatlar isə təxminən 3 trilyon kubmetrdir. "Şahdəniz" və "Abşeron" yataqları böyük potensialı olan qaz mənbələridir. Qarşıdakı 100 ildə ölkəmizin karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı kimi çıxış edən "Ümid" yatağının potensialı isə 200 milyard kubmetrdən çoxdur. "Şahdəniz", "Azəri-Çıraq-Günəşli" layihələrinin operatoru olan bp şirkəti ilə birgə icrasına başlanan "D 230" bloku və "Şəfəq-Asiman" qaz yatağının işlənilməsi istiqamətində işlər davam edir. Ölkəmizin strateji tərəfdaşı olan bp şirkəti ilə dərin qatlardan qaz hasilatı üzrə əhəmiyyətli layihələrin reallaşdırılması, eyni zamanda enerji səmərəliliyi və bərpa olunan enerji sahəsində uğurlu nəticələr Avropa bazarlarına qaz nəqlini artırmağa imkan verir. Bu baxımdan, təkcə Avropa ölkələri deyil, dünyanın bir çox inkişaf etmiş dövləti ən etibarlı və uzunmüddətli tərəfdaş olaraq təbii qaz təchizatı coğrafiyasını genişləndirən ölkəmizlə əməkdaşlıq etmək arzusundadır. Təsadüfi deyil ki, alternativ enerjidən istifadəyə böyük önəm verən ölkə başçımız qazıntı yanacağının uzun illər təkcə ölkəmiz üçün deyil, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Son illərə qədər yalnız neft-qaz ölkəsi kimi tanınan Azərbaycan bu gün qazıntı yanacağından bərpa olunan enerji resurslarına transformasiyada böyük səy nümayiş etdirir. Ölkəmizin enerji təhlükəsizliyinin tam təmin olunmasında neft və qaz təchizatı əsas amil kimi çıxış etsə də, bu gün "yaşıl enerji"yə transformasiya prioritetdir. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur əraziləri nəhəng hidroelektrik potensialına malikdir. Postmüharibə dövründə həmin ərazilərdə artıq 270 meqavat həcmində hidroelektrik stansiyalar istifadəyə verilib və yaxın gələcəkdə bu rəqəmin 500 meqavata çatdırılması nəzərdə tutulur. Bərpaolunan enerjinin həcminin 1 qiqavata çatdırılması isə yarım milyard kubmetr qaza qənaət etməyə imkan verəcək.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə enerji sahəsində əməkdaşlıq əlaqələri bu gün yeni mərhələyə yüksəlib. "Yaşıl enerji"yə keçid istiqamətində birgə fəaliyyət ölkəmizdə qeyri-neft sahəsində əlaqələrin şaxələnməsində böyük əhəmiyyət kəsb edir. O cümlədən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Masdar" şirkəti tərəfindən tikilən 230 MVt gücündə günəş elektrik stansiyası, Səudiyyə Ərəbistanının "ACWA Power" şirkətinin tikdiyi 240 MVt gücündə Xızı-Abşeron külək elektrik stansiyası 2030-cu ilə qədər ölkəmizin enerji sistemində bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılmasında mühüm rol oynayacaq. İşğaldan azad olunmuş ərazilərin 2050-ci ildə sıfır tullantılı zonaya çevrilməsi nəzərdə tutulur.

29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin rəsmi açılış mərasimində çıxışı zamanı ölkəmizin bərpa olunan enerji sahəsində sürətli inkişafına diqqət çəkən dövlətimizin başçısı deyib: "Ötən ilin oktyabrında "Masdar" şirkəti 230 meqavat gücündə günəş elektrik stansiyasını istifadəyə verib. İndi isə daha 1 qiqavat enerji həcmi əlavə edilir. Hazırda iki layihə işlənilməkdədir - onlardan biri inşaat mərhələsindədir, digərinin tikintisi isə tezliklə başlanacaq. Bununla da Azərbaycanın bərpaolunan enerji potensialı 2 qiqavata yaxın olacaqdır. Buraya təkcə günəş və külək enerjisi daxildir. Qarabağ və Şərqi Zəngəzurda hidroelektrik stansiyalarla bağlı gördüyümüz işləri əlavə etsək görərik ki, 2027-ci ilədək 2 qiqavat həcmində bərpa olunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir. Bir daha təkrar edirəm ki, bu, sadəcə, başlanğıcdır".

Mehparə ƏLİYEVA,

"Respublika".