Azərbaycanın Rus İcması: Cənubi Qafqazda sülhün, inkişaf və tərəqqinin vaxtı gəlib çatıb
Gündəm

Azərbaycanın Rus İcması: Cənubi Qafqazda sülhün, inkişaf və tərəqqinin vaxtı gəlib çatıb

Azərbaycanın Rus İcması ölkə rəhbərliyinin Qarabağın erməni əhalisinin tezliklə çoxmillətli Azərbaycan cəmiyyətinə reinteqrasiyası istiqamətində səylərini tam dəstəkləyir. Qarabağda antiterror tədbirləri və sentyabrın 21-də Yevlax şəhərində keçirilən Azərbaycan Prezidentinin nümayəndələri və Qarabağın erməniəsilli sakinlərinin təmsilçiləri arasında görüş çoxillik münaqişəyə son qoydu. Artıq növbəti gün Qarabağın erməni sakinlərinin nümayəndələrinin sosial-humanitar məsələlərin müzakirəsi kontekstində etdikləri xahişə əsasən, Ağdam-Xanəndi yolu ilə müxtəlif qida məhsulları və gigiyena vasitələri olan iki yük maşını, habelə çörəklə dolu iki avtomobil yola salınıb.

"Respublika" xəbər verir ki bu barədə Azərbaycanın Rus İcmasının Respublika Şurasının bəyanatında bildirilir.

Bəyanatda vurğulanır: “Biz, Azərbaycanın rus əhalisi əminik ki, Qarabağ bölgəsi ermənilərinin sosial-iqtisadi reinteqrasiyası planı respublika Konstitusiyasında təsbit olunmuş bütü hüquq və normalara tam şəkildə uyğundur. Azərbaycan ənənəvi çoxmillətli, çoxmədəniyyətli ölkədir və burada çoxlu etnik qruplar sülh və anlaşma şəraitində yaşayır. Tariximizin bütün dövrlərində milli və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə məskunlaşmış bütün xalqlar arasında sülh şəraiti hökm sürüb. Bütün Cənubi Qafqazda sülhün, inkişaf və tərəqqinin vaxtı gəlib çatıb”.

Rus İcması qeyd edib ki, rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında döyüş meydanında əsl qəhrəmanlıq və vətənpərvərlik nümayiş etdirib və Qarabağın erməni əhalisini uzun illər boyu hakimiyyəti zorla əlində saxlayan hərbi xuntanın cinayətkarlarından xilas edib. Respublika Şurası bəyan edib: “Biz canlarını Vətən uğrunda fəda etmiş qəhrəmanları həmişə xatırlayacağıq. Təəssüf ki, antiterror tədbirləri zamanı şəhidlərimiz olub. Rus İcması həlak olanların ailələrinə başsağlığı verir və yaralıların tezliklə şəfa tapmasını diləyir. Biz, həmçinin regionda sülhün bərqərar olması uğrunda həyatlarını itirən rusiyalı sülhməramlıların ailələrinə başsağlığı verir və səmimi qəlbdən ümid edirik ki, gələcəkdə sülh əbədi olaraq bərpa ediləcək”.