Azərbaycanın ədalətli və sülhpərvər mövqeyinə qarayaxmalar xələl gətirə bilməz
Siyasət

Azərbaycanın ədalətli və sülhpərvər mövqeyinə qarayaxmalar xələl gətirə bilməz

Ölkəmizin etibarlı tərəfdaş kimi tanınması bunu təsdiq edir

İkinci Qarabağ müharibəsində düşmən üzərində qalibiyyəti ilə regiona yeni ab-hava gətirən Azərbaycanın təhlükəsizliyin, sabitliyin təmin olunmasına verdiyi töhfələr beynəlxalq aləmdə təqdir olunur, dövlətimiz tərəfindən irəli sürülən təşəbbüslər, verilən qərarlar rəğbətlə qarşılanır. İqtisadiyyatının dinamikliyini təmin etməklə sürətli inkişaf mərhələsinə çatması, öz gücü ilə ərazi bütövlüyünü, suverenliyini təmin etməsi, işğaldan azad etdiyi torpaqlarda heç bir yardım almadan genişmiqyaslı bərpa-quruculuq işləri aparması Azərbaycana dostla yanaşı, düşmən də qazandırıb. Fransa, Almaniya kimi dövlətlər qarşılıqlı faydalı əməkdaşlığa, iqtisadi-ticari əlaqələrin inkişafına böyük önəm verən müstəqil dövlətimizin əleyhinə əsassız, qərəzli qətnamələrin qəbul edilməsinə, ölkəmizə qarşı sanksiyaların tətbiq olunmasına cəhd göstərir, Ermənistanla münasibətlərin normallaşmasına mane olur, bəzi nüfuzlu qurumları, beynəlxalq təşkilatları da bu çirkin niyyətlərinə ortaq edirlər.

Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin bərqərar olmasını istəməyən, mütəmadi olaraq bölgədə sülhü təhdid edən addımlar atan Fransa 2022-ci il 19-20 noyabr tarixlərində Tunisin Cebra şəhərində keçirilən XVIII sammitdə Frankofoniya Təşkilatı vasitəsilə Azərbaycana təzyiq etmək üçün xüsusi sənəd layihəsi hazırlamış və təşkilata üzv dövlətlərin fikirlərini nəzərə almadan zirvə görüşünə təqdim etmişdir. BFT-nin zirvə görüşünün yekun sənədləri olan Cebra Bəyannaməsinin və Frankofoniya ərazisində böhran vəziyyətinə həsr olunmuş qətnamə layihəsinin ilkin mətnlərinə Fransanın xüsusi səyi ilə Azərbaycanın əleyhinə qərəzli, həqiqəti əks etdirməyən ifadələr salınmışdır. Lakin qətnamənin müzakirəsi zamanı Azərbaycana dost olan, onun haqlı mövqeyini müdafiə edən üzv dövlətlərin nümayəndələrinin etirazı ilə bu ifadələr qətnamədən çıxarılmışdır.

Həmin ilin mart ayında Avropa Birliyinin üç vacib qurumundan biri olan Avropa Parlamentində yüksək səs çoxluğu ilə qəbul edilmiş, erməni yalanlarını özündə əks etdirən "Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi haqqında" qətnamədə guya Azərbaycanın bölgədə erməni mədəni irsini inkar və məhv etdiyi, tarixi saxtalaşdırdığı, beynəlxalq hüquq normalarını pozduğu, erməni kilsələri üzərindəki yazıları sildiyi vurğulanırdı. Erməni məkri ilə hazırlanan sənəddə qeyd olunurdu ki, ermənifobiya, ermənilərə qarşı kin, nifrət bəsləyən azərbaycanlılar "erməni mədəni irsin"in silinməsi siyasəti həyata keçiriblər. Nə qədər absurd olsa da, bu mənasız kağız parçası 635 nəfərin lehinə, 2 nəfərin əleyhinə, 42 nəfərin isə bitərəfliyi ilə qəbul olunmuşdu. Azərbaycanın işğal edilmiş ərazilərində ermənilərin törətdikləri vandallığa, tarixi abidələrimizin dağıdılmasına bir dəfə belə reaksiya verməyən Avropa Parlamenti Qarabağda "xristian mədəniyyəti abidələrinin zədələnməsi və dağıdılmasından" ciddi narahatlığını bildirmişdi.

 Erməni lobbisinin maliyyəsi ilə fəaliyyət göstərən və onun əlində alətə çevrilən, "insan hüquqlarının, demokratiyanın, qanunun aliliyinin müdafiəsi ilə məşğul olan" Avropa Şurası Parlament Assambleyasını Ermənistanın 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlaması, yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan etməsi, şəhər və kəndlərini yer üzündən silməsi, minlərlə insanın həyatına son qoyması hərəkətə gətirə bilmədi, erməni lobbisinə xidmət edən üzv dövlətlər nəinki qərar, qətnamə qəbul etmədilər, heç bu barədə fikirləşmədilər belə. Yanvarın 24-də isə AŞPA-nın qış sessiyasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənmədi. Almaniyalı deputat Frank Şvabe guya Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri nəticəsində 100 mindən çox erməninin Qarabağdan zorla çıxarılması, ölkəmizdə siyasi məhbusların sayının hər keçən gün artması, onların müraciətlərinə baxmayaraq, Azərbaycana səfərlərinin baş tutmaması, siyasi məhbuslara baş çəkməyə imkan yaradılmaması, ölkəmizdə fevralın 7-də keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətinin dəvət olunmaması kimi əsassız arqumentlər gətirərək ölkəmizin nümayəndə heyətinin etimadnaməsinin təsdiq edilməməsini təklif etdi və AŞPA Monitorinq Komitəsi də bunu məqbul saydı. Avropalı parlamentarilər tərəfindən bu təklifin qəbul olunması açıq-aydın türkofobiya, azərbaycanofobiya, islamofobiya meyillərinin təzahürüdür.

Azərbaycanın hər zaman sülhün, əmin-amanlığın bərqərar olmasına töhfələr verdiyi, eyni zamanda beynəlxalq təşkilatlara üzvlüyə qəbul olunarkən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyi bütün dünyaya məlumdur. Bəli, bütün dünya bilir, lakin bu reallığı qəbul edən və etmək istəməyən ölkələr var. İstənilən halda Azərbaycan məqsədyönlü, müstəqil və düşünülmüş siyasət yürüdür, beynəlxalq hüquq normaları çərçivəsində milli maraqlarını qorumaqla uzlaşdırılmış münasibətlər sistemi yaradır. Əsassız ittihamlar, qərəzli olaraq qəbul edilən qətnamələr isə dövlətimizin artan nüfuzuna deyil, bu planı tərtib edənlərin özlərinə ağır zərbə olacaq. Çünki yeni dünya nizamında formalaşan əməkdaşlıq platformasında Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum əsas ixrac boru kəmərlərini, Cənub Qaz Dəhlizi, TANAP, TAP layihələrini reallaşdıran müstəqil Azərbaycanla dostluq, tərəfdaşlıq əlaqələri qurmaq istəyən ölkələrin sayı yetərincə çoxdur. Bütün bunlardan təşvişə düşən dövlətlər, onların əlaltıları olan təşkilatlar isə dərdlərinə çarə axtarsınlar. Çünki transmilli layihələrin reallaşdırılmasında regional güc olan, uğurlu daxili və xarici siyasət yürüdən, zəngin enerji potensialına, güclənən iqtisadiyyata, əlverişli coğrafi mövqeyə malik respublikamız beynəlxalq aləmdə etibarlı tərəfdaş, sülhsevər dövlət olaraq qəbul edilir.

Mehparə ƏLİYEVA,

"Respublika".