Qardaş xalqın dəstəyi
Siyasət

Qardaş xalqın dəstəyi

Torpaqlarımız işğaldan azad edildikdən sonra Qarabağda irimiqyaslı tikinti-quruculuq işləri aparılır və yeni məktəb binaları tikilir. İlk müjdə olan Zəngilan rayonu Ağalı kənd məktəbi 2022-2023-cü tədris ilində şagirdlərə öz qapılarını açdı. Davamlı həyata keçirilən Böyük Qayıdış Proqramına uyğun olaraq bölgəyə köçən ailələrin uşaqlarının təhsili diqqət mərkəzində saxlanılır. Qarabağ torpaqlarının işğalı nəticəsində təkcə Füzuli rayonunda 100-ə qədər orta təhsil və texniki peşə məktəbi ermənilər tərəfindən məhv edilib. Qubadlıda yaşı 100 ildən çox olan ilk dünyəvi məktəb də yerlə-yeksan edilib.

Azərbaycanın mədəniyyət beşiyi hesab edilən Şuşa şəhərinin işğalı nəticəsində isə 23 ümumtəhsil məktəbi, 6 məktəbəqədər uşaq müəssisəsi, 7 məktəbəqədər uşaq tərbiyə müəssisəsi, peşə-ixtisas məktəbi, mədəni-maarif, kənd təsərrüfatı, M.M.Nəvvab adına texnikumları 2 saylı Bakı Baza Tibb Texnikumunun filialı, həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Ədəbiyyat İnstitutunun filialları dağıdılıb. Qədim tarixi olan Şuşa Realnı Məktəbi də xarabalığa çevrilib.

Vaxtilə Ağdam şəhərində musiqi, kənd təsərrüfatı, kənd təsərrüfatı mexanikləşdirmə və elektrikləşdirməsi texnikumları, 9 ümumtəhsil və internat, iki peşə, həmçinin Uşaq Şahmat, uşaq-gənclər idman, ekoloji tərbiyə və təcrübəçilik, tibb məktəbləri, texniki yaradıcılıq mərkəzləri fəaliyyət göstərib. Həmin təhsil ocaqlarının binaları da ermənilər tərəfindən yerlə-yeksan edilib. Lakin Azərbaycan dövlətinin 44 günlük Vətən müharibəsində qazandığı qələbə nəticəsində 30 illik işğala son qoyuldu, ərazilərimiz düşməndən azad edildi. Üç ildən artıqdır ki, Qarabağ və Şərqi Zəngəzur bölgəsində aparılan tikinti-quruculuq işləri nəticəsində bu bölgələr yenidən canlanır. Sevindirici haldır ki, tikilib bərpa edilən ərazilərdə bu vaxta kimi 8 məktəb fəaliyyətə başlayıb və bu təhsil müəssisələrində 800-dən çox şagird təhsil alır.

30 il ərzində ermənilər tərəfindən dağıdılmış məktəblər yenidən tikilir və Qarabağda yeni məktəblərin tikilməsində qardaş dövlətlərin də payı var. İlkin olaraq öz təşəbbüsü ilə Füzulidə məktəb tikintisi həyata keçirən Özbəkistan dövləti olmuşdur. Prezident Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən məktəb 960 şagird yerlikdir. Ötən il avqust ayının 22-də Azərbaycana səfəri zamanı Füzuli şəhərində də olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva yeni inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak etmişlər.

Dost Qazaxıstan Respublikası tərəfindən Füzuli şəhərində inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi ölkələrimiz və xalqlarımız arasında dostluğun, qardaşlığın simvolu kimi çox dəyərlidir. Son zamanlar daha bir qardaş Türk dövləti - Qırğızıstan da öz töhfəsini verəcək. Qeyd edək ki, Azərbaycan və qırğız xalqları ortaq mədəniyyətə malikdirlər və ölkələr arasında bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də əlaqələr inkişaf edir. 2000-ci il aprelin 9-da "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubiley mərasimində Qırğızıstan nümayəndə heyəti, həmin ilin payızında Qırğızıstanın Oş şəhərinin 3000 illiyi münasibətilə keçirilən yubiley tədbirlərində isə Azərbaycan nümayəndə heyəti iştirak etmişdir. Bir-birinə sıx tellərlə bağlı olan xalqlarımızın dostluq, qardaşlıq əlaqələrinin tarixi qədimdir. Çünki biz, eyni kökə, soya, dilə, dinə malikik. Digər tərəfdən, bu gün Qırğızıstanda 20 minə qədər azərbaycanlı yaşayır. Soydaşlarımızın əksəriyyəti ötən əsrin 30-cu illərinin repressiyaları zamanı Azərbaycandan sürgün olunanlar və onların övladlarıdır. Keçmiş SSRİ dövründə də hər iki ölkə arasında iqtisadi və mədəni əlaqələr yaranmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etmişdir. İki ölkə arasında diplomatik əlaqələr 1993-cü il yanvar ayının 19-da qurulmuşdur. 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Qırğızıstanda, 1998-ci ilin may ayında isə Qırğızıstan Respublikasının Azərbaycanda səfirlikləri fəaliyyətə başlamışdır.

Qırğızıstandakı Azərbaycan diasporunun nümayəndələri biznes və iqtisadiyyatın digər sahələrində fəal iştirak edirlər. Soydaşlarımız əsasən Bişkek, Talas, Qara-Balta şəhərlərində yaşayırlar. Öz tarixi yurdlarından ayrı yaşamalarına baxmayaraq, Qırğızıstandakı azərbaycanlılar dil və adət-ənənələrini qoruyub saxlayırlar.

2004-cü il oktyabrın 29-da BMT Baş Məclisinin 59-cu sessiyasının 46-cı plenar iclasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı bəndin Baş Məclisin cari gündəliyinə salınmasına dair qərar Qırğızıstan tərəfindən dəstəklənmişdir. 1994-cü ilin may ayında MDB-nin vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında müqavilə məhz Bişkek şəhərində imzalanmışdır. Bu mənada, Qırğızıstan hər zaman Azərbaycanın haqlı mübarizəsində yanında olmuş və öz dəstəyini əsirgəməmişdir. Bu gün də hər iki dövlət arasında münasibətlər yüksək səviyyədə davam edir. Ötən ilin 19-20 sentyabr tarixində Qarabağda aparılan antiterror əməliyyatları zamanı Qırğızıstan Respublikası bir daha Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirmişdir. Qırğızıstan XİN-in yaydığı bəyanatda bildirilirdi: "Beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığını qətiyyətlə müdafiə edən Qırğızıstan Respublikası bütün məsələlərin BMT Nizamnaməsinə və beynəlxalq hüququn fundamental prinsip və normalarına uyğun olaraq siyasi və diplomatik vasitələrlə həllinə çağırır".

Qırğızıstan Respublikasının təşəbbüsü ilə işğaldan azad edilən Ağdam rayonunun Xıdırlı kəndində orta məktəb binası inşa ediləcək. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev ilə aprel ayının 9-da keçirilən görüşündə bildirilib: "Qırğızıstanın sülh və quruculuq prosesinə dəstəyi təqdirəlayiqdir, habelə Qırğız Respublikasının təşəbbüsü ilə Ağdamın Xıdırlı kəndində inşa ediləcək orta məktəb bu dəstəyin bariz nümunəsidir".

Ramidə YAQUBQIZI,

"Respublika".