Azərbaycan yaşıllıqlar diyarına çevrilir
Ekologiya

Azərbaycan yaşıllıqlar diyarına çevrilir

Qlobal iqlim dəyişmələri, torpaqların səhralaşması prosesləri, təmiz içməli su çatışmazlığı kimi məsələlər bu gün bütün dünya ictimaiyyətini narahat edir. Təsadüfi deyil ki, BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədləri (DİM) sırasında da bu məsələlər öz əksini tapır. Məqsəd su ehtiyatlarından səmərəli istifadənin, su təchizatı, sanitariya və gigiyenaya çıxışın, ekosistemlərin, meşələrin qorunmasının, bərpasının təmin edilməsidir. Azərbaycan dövlətinin siyasətində ekoloji mühitin sağlamlaşdırılması prioritet məsələlərdən biridir.

Ümummilli lider Heydər Əliyev respublikamızda ekoloji problemlərin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Ölkədəki ekoloji vəziyyət həmişə ulu öndərin xüsusi diqqət mərkəzində olub. Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə yaşıllığın qorunması, genişləndirilməsi, yeni yaşıllıq massivlərinin salınması istiqamətində gördüyü işlər sadə vətəndaşların belə təbiətə münasibətinin müsbət mənada dəyişməsinə böyük təsir göstərirdi. O dövrlərdə ağacəkmə kampaniyaları geniş vüsət almışdı. Bu aksiyalarda dahi şəxsiyyət özü, hətta həyat yoldaşı Zərifə xanım Əliyeva da iştirak edirdi.

Ulu öndərin respublikaya birinci rəhbərliyi dövründə ətraf mühitin mühafizəsilə bağlı 8 qanun qəbul olunub, hökumət səviyyəsində 30-dan artıq qərar təsdiq edilib. Bu dahi şəxsiyyət ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra da müharibə şəraitində olsaq belə, nəinki Bakı şəhərində, eləcə də respublikanın bütün bölgələrində yaşıllığa diqqət yenidən artırıldı. 1998-ci ildə ekoloji prioritetləri müəyyən edən "Ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Planı" hazırlandı. Respublikada həyata keçirilən struktur islahatları çərçivəsində ətraf mühitlə bağlı, lakin ayrı-ayrı aspektlərlə məşğul olan bəzi qurumlar ləğv edildi. Prezidentin 2001-ci il 23 may tarixli Fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldı və Əsasnaməsi təsdiqləndi. Nazirlik Xəzər dənizi, meşələr, biomüxtəliflik, hidrometeorologiya, geologiya sahələrində fəaliyyət göstərir.

Təbiətə ögey münasibətlə heç zaman barışmayan, onun mühafizəsinə həssaslıqla yanaşan, "hər bir insan ağac əkməli, becərməli, böyütməlidir" amalı ilə yaşayan dahi lider deyirdi: "Mən 1993-cü ildə Bakıya gələrkən bizim əkdiyimiz, becərdiyimiz bəzi ağacların kəsilməsini görərkən elə bildim ki, məni yaralayıblar. Mən dəfələrlə demişəm, bir də deyirəm, kim hansı bir sağlam ağacı kəsirsə, hesab edin ki, o, mənim qolumu, barmaqlarımı kəsir... Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir". Bu fikirlər ümummilli liderin təbiətin mühafizəsinə diqqət və qayğısının təsdiqi idi. Məhz bu qayğının nəticəsi idi ki, 1970-ci ilə qədər yaşıllığına görə sonuncu yerdə olan Bakı 1983-cü ildə İttifaq miqyasında 2-ci yerə qalxmışdı. Bu uğurun qazanılması üçün isə ulu öndər böyük əmək sərf etmiş, fədakarlıq, təşəbbüskarlıq göstərmişdi.

2002-ci il mayın 2-də Bakıda keçirilən "Azərbaycanın milli-mədəni və təbii parklar proqramı" beynəlxalq konfransının iştirakçıları ilə görüşündə dahi şəxsiyyət Heydər Əliyev demişdir ki, ekologiya indi bəşəriyyət üçün ən əsas məsələlərdən biridir. Təəssüf ki, bunu yaxşı anlamırlar: "Hərə öz işini görmək üçün məqsədinə nail olmaq üçün istər-istəməz təbiətə, ətraf mühitə böyük ziyan vurur. Biz çox böyük səlahiyyətlərə malik olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaratmışıq. Bunda da məqsədimiz bütün bu sahəyə aid olan məsələlərin hamısını bir əldə toplamaq və bu işlərlə daha ciddi məşğul olmaqdan ibarətdir".

Ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab İlham Əliyev 20 illik prezidentliyi dövründə ekoloji problemlərin həllini ən ümdə vəzifə hesab edib, bu istiqamətdə perspektivli layihələr icra olunub. Elə bu səbəbdən də Azərbaycan yaşıllıqlar diyarına çevrilib. Neft və qaz ölkəsi olmasına baxmayaraq, alternativ, bərpaolunan enerjinin istehsalına böyük önəm verən Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) keçirilməsi üçün ev sahibi seçilməsi də bu sahədə qazandığı uğurlara əsaslanır.

Azərbaycan Respublikası Prezidentinin 16 may 2007-ci il tarixli Sərəncamı ilə 23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Zümrüd QURBANQIZI,

"Respublika".