Azərbaycan – “yaşıl artım” ölkəsi
İqtisadiyyat

Azərbaycan – “yaşıl artım” ölkəsi

1994-cü il mayın 24-də Bakıda ilk dəfə neft-qaz sərgisi keçirildi ki, bu da ölkəmiz üçün böyük əhəmiyyət kəsb edirdi. İllər ərzində sərginin keçirildiyi məkan və mahiyyəti dəyişməsə də, əhatə dairəsi genişləndi, əhəmiyyəti artdı və buna uyğun olaraq adı da təkmilləşdi. Xəzər Neft-Qaz sərgisinin təşəbbüskarı Ümummilli Lider Heydər Əliyevdir. Çünki 1994-cü ildə mövcud olan şəraitdə belə bir tədbirin baş tutması yalnız Heydər Əliyevin dünyadakı nüfuzu, fövqəladə təşkilatçılığı və sonsuz qətiyyəti sayəsində mümkün olmuşdur.

1994-cü il sentyabrın 20-də Bakıda dünyanın altı dövlətini təmsil edən 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərdəki “Azəri-Çıraq-Günəşli” yatağının birgə işlənməsinə dair “Əsrin müqaviləsi” adını alan beynəlxalq kontrakt imzalandı. Bu tarixi sənədin imzalanması ilə Azərbaycanın yeni inkişaf dövrü başladı, enerji müstəqilliyi tam təmin olundu. 1996-cı ildə “Şahdəniz” qaz kontraktı üzrə Sazişin bağlanması, 1999-cu ildə Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi kimi tarixi hadisələr ölkəmizin enerji siyasətində mühüm rol oynadı.

Azərbaycan özünün daxilində enerjiyə olan tələbatını qarşılamaqla yanaşı, qlobal miqyasda da bunu layiqincə yerinə yetirir. Bu gün Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin təbii sərvətlərinin rolu böyükdür. Cənub Qaz Dəhlizi də bu baxımdan böyük önəm daşıyır. Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə ölkəmizin ev sahibliyi etməsi isə dövlətimizin layihədə aparıcı rolunu önə çıxarmış olur.
Bütün bu uğurların fonunda ölkəmizdə inkişaf etməkdə olan “yaşıl enerji” strategiyasını aparılan planlı layihələrin nəticəsi kimi dəyərləndirmək olar. Həmin şərəfli yol bu gün "yaşıl enerji" siyasəti ilə davam etdirilir. Azərbaycanın “yaşıl enerji”yə keçidi, ölkənin enerji siyasətinin vacib bir hissəsidir və davamlı inkişaf, enerji təhlükəsizliyi və ətraf mühitin qorunması kimi məqsədləri əhatə edir. Bu keçid dövlətin əsas prioritet məsələlərindən və istiqamətlərindən biri hesab olunur. Coğrafi mövqeyi və iqlim şəraiti “yaşıl enerji” istehsalı üçün geniş imkanlar yaradır. Bu da onun “yaşıl enerji”dən istifadəsini asanlaşdırır. Tarixən neft və qaz ehtiyatları ilə tanınmasına baxmayaraq, Azərbaycan bu gün günəş, külək və su elektrik enerjisi də daxil olmaqla bərpaolunan enerji potensialından uğurla istifadə edir.
 
Dövlət başçısı İlham Əliyev 44 günlük Vətən müharibəsindən sonra Qarabağı, Şərqi Zəngəzuru və Naxçıvanı “yaşıl enerji zonası” adlandırıb və bu istiqamətdə genişmiqyaslı işlərə başlanılıb. Ölkəmizin bütün guşələrində, eləcə də işğaldan azad edilmiş Kəlbəcər və Ağdərə rayonlarında geotermal və Günəş enerjisi ehtiyatları, Laçın, Qubadlı və Zəngilan rayonlarında hidroenerji mənbələri, Şuşa, Xocavənd və Cəbrayıl rayonlarında külək enerjisi, Tərtər, Ağdam, Xocalı rayonlarında bioenerji ehtiyatlarının səmərəli istifadə edilməsi nəticəsində ölkəmiz ümumilikdə “yaşıl enerji” istehsalçısına və istehlakçısına çevrilə bilər. Ötən il Qarabağın 12 bölgəsində tikilən yarımstansiya su elektrik stansiyalarının açılışı, “yaşıl enerji” strategiyasına uyğun olaraq həyata keçirilib.
Bütün bu həyata keçirilən işlərdən bir daha görürük ki, dövlətimizin əsas hədəfi “təmiz ətraf mühit” və “yaşıl artım” ölkəsinə çevrilməkdir. Bununla bağlı ötən il dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzaladı. Hazırda da uğurlu addımlar atan ölkəmizdə “yaşıl iqtisadiyyat”a keçid strategiyasının məntiqi davamı kimi noyabr ayında  COP29 beynəlxalq tədbiri keçiriləcək. Dövlətimiz bu kimi mötəbər missiyanı üzərinə götürməklə iqlim dəyişiklikləri ilə mübarizəyə öz töhfəsini verəcək.
 
Röya RÜSTƏMLİ,
“Respublika”.