Marionet Paşinyan ölkəsinin gələcəyini Ukraynaya yaxınlaşdırır
Siyasət

Marionet Paşinyan ölkəsinin gələcəyini Ukraynaya yaxınlaşdırır

Ermənistan parlamentinin spikeri Alen Simonyan son günlər Rusiyanın ünvanına sərt ittihamlar səsləndirir. O bildirib ki, Ermənistanda yeni hökumətin formalaşdırılması üçün müxalifət və Rusiya birgə işləyir. Erməni spiker Rusiya tərəfindən aldadıldıqlarını da vurğulayıb: “Rusiya hakimiyyəti Ermənistanı və erməni xalqını atdı, bizi aldatdı. Rusiyaya məsləhət görərdim ki, 2020-ci ildən sonrakı hərəkətlərinə baxsın. Ermənistan özünü həmişə sadiq tərəfdaş kimi aparıb. Ermənistan uşaq sadəlövhlüyü ilə inanıb və ümid edib ki, Rusiya onu tək qoymayacaq, onu tərk etməyəcək”.

Ermənistandan verilən bu açıqlamalar isə Qərb nümayəndələrinin İrəvana səfərləri ilə üst-üstə düşür. Bu gedişat isə bir ssenarini xatırladır. Belə ki, Ukrayna da müharibə başlamazdan əvvəl Rusiyanın təsir dairəsindən çıxmağı və Qərb strukturlarına inteqrasiyanı özünün strateji kursu kimi elan etmişdi. Bu, Rusiyada NATO-nun genişlənməsinin, konkret desək, onun sərhədlərinə yaxınlaşmasının növbəti mərhələsi kimi dəyərləndirildi. Müəyyən müddət davam edən danışıqlar dalana dirəndi və silahlar işə düşdü. Dağıdıcı münaqişə 2 ildən çoxdur ki, davam edir və nə vaxt bitəcəyi  bəlli deyil. İndi eyni hadisələrin Ermənistanda da baş verməsi istisna deyil.

Ermənistan 44 günlük müharibədə Rusiyadan çox ucuz qiymətə və yaxud pulsuz aldığı silahlardan geniş istifadə edib. Ermənistanın bir sıra həyati əhəmiyyətli infrastrukturunun, çoxlu sayda iri istehsalatlarının idarəçiliyi məhz Rusiya şirkətlərinə məxsusdur. Bundan başqa, Ermənistanın Türkiyə və İranla sərhədləri Rusiya hərbçiləri tərəfindən qorunur. Bir sözlə, bu gün Ermənistan mövcudluğuna görə məhz şimal qonşumuza borcludur. Amma Paşinyan rəhbərliyi 2020-ci ildə düçar olduğu uğursuzluğa, Qarabağın itirilməsinə görə Kremli günahlandırır. Moskvanı kifayət qədər kömək etməməkdə günahlandırır. Buna görə də Nikol siyasi orientasiyanın dəyişməsini dövlət siyasəti səviyyəsinə yüksəldib. Açıq-aydın görünür ki, Ermənistan Rusiyadan ala bilmədiyini Qərbdən almaq niyyətindədir. Hazırda bu ölkədə KTMT-də üzvlüyün NATO ilə əməkdaşlıqla əvəzlənməsi ilə bağlı intensiv müzakirələr aparılır. Bu planın konturları hər ötən gün özünü daha qabarıq şəkildə  büruzə verir. Ermənistan özünün qərbyönümlü dövlət olduğunu isbatlamaq üçün dəridən-qabıqdan çıxır. Proseslərin Ermənistan üçün ağrısız ötüşəcəyini düşünmək sadəlövhlük olar. Bu ölkənin hərbi-siyasi rəhbərliyi anlamalıdır ki, Avropa İttifaqı, NATO kimi təsisatlara üzvlük postsovet respublikaları üçün tələdir. Uzun illərdir ki, belə vədlər verilir, amma konkret hər hansı bir qərar qəbul olunmur. Ermənistanla bağlı ssenarinin də fərqli olacağı düşünülmür. Paşinyan qəbul etməlidir ki, ölkəsinin xilası ilk növbədə regionda sülhün, təhlükəsizliyin təmin olunmasından, kommunikasiyaların açılmasından və Azərbaycanla sülh müqaviləsinin imzalanmasından keçir. Əks təqdirdə, Ukraynadakı gedişat Ermənistanı da gözləyir.

Görünən odur ki, xarici təhlükəsizlik çətiri axtarışında olan Paşinyan hökuməti avantüraya gedir, beynəlxalq siyasi mərkəzlər tərəfindən formalaşdırılan və öz iradəsindən kənar olan siyasət yürüdür. Heç bir zəmanət almadan verilən vədlərə inanır. Bu isə həm Cənubi Qafqazdakı sabitliyi təhdid edir, həm də Ermənistanı geosiyasi toqquşmaların arenasına çevirir.

Jalə QASIMZADƏ,

“Respublika”.