Faktlar və rəqəmlər
İqtisadiyyat

Faktlar və rəqəmlər

26,2 milyard manatlıq sənaye məhsulu

Dövlət Statistika Komitəsinin məlumatına görə, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-may aylarında 26,2 milyard manatlıq sənaye məhsulu istehsal edilmiş, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 0,2 faiz azalmış, qeyri-neft-qaz sektorunda isə 7,0 faiz artmışdır.

Sənaye məhsulunun 64,7 faizi mədənçıxarma sektorunda, 29,3 faizi emal sektorunda, 5,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Əsas kapitala yönəldilmiş investisiyalar

2024-cü ilin yanvar-may aylarında əsas kapitala 6640,9 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,0 faiz çox investisiya yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,2 faiz, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 12,1 faiz artmışdır. İstifadə olunmuş investisiyanın 3623,3 milyon manatı və ya 54,6 faizi məhsul istehsalı sahələrinə, 2379,1 milyon manatı (35,8 faizi) xidmət sahələrinə, 638,5 milyon manatı (9,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 5386,9 milyon manatını və ya 81,1 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 4644,0 milyon manatı və ya 69,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Dünyanın 156 ölkəsi ilə ticarət əməliyyatları

2024-cü ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 156 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac, 148 ölkədən idxal olunmuşdur. Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2024-cü ilin yanvar-aprel aylarında ölkənin xarici ticarət dövriyyəsi 13978,2 milyon ABŞ dolları təşkil etmişdir.

Ticarət dövriyyəsinin 8513,4 milyon dollarını və ya 60,9 faizini ölkədən ixrac olunmuş məhsulların, 5464,8 milyon dollarını (39,1 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 3048,6 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.

21,5 milyard manatlıq ərzaq və qeyri-ərzaq malları satılıb

2024-cü ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 21,5 milyard manatlıq, o cümlədən 12,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,4 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır. 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 faiz, qeyri-ərzaq malları üzrə 5,2 faiz artmışdır. Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 421,3 manatlıq, o cümlədən 237,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 184,2 manatlıq qeyri-ərzaq malları almışdır.

"Respublika".