Müqəddəs peşə sahibləri
Səhiyyə

Müqəddəs peşə sahibləri

“Sizə cansağlığı arzulayırıq”. İnsan üçün vacib nemət olan, lakin çox vaxt qayğısına qalmadığımız ən böyük sərvət sağlamlıqdır. Sağlamlığımızın keşiyində duranlar isə tibb işçiləri, həkimlərdir. Bu gün milyonlarla insana həyat bəxş edən tibb işçilərinin peşə bayramıdır. Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Hələ ötən əsrin 70-ci illərində ulu öndərin rəhbərliyi ilə ölkəmizin bölgələrində səhiyyə ocaqları tikilərək istifadəyə verilmiş, əhalinin sağlamlığının qorunmasına xüsusi diqqət yetirilmişdir. Müstəqillik illərində də səhiyyənin inkişafına xidmət edən ardıcıl tədbirlər görülmüş, bu sahədə fəaliyyəti tənzimləyən zəngin qanunvericilik bazası yaradılmış, həkimlərin və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, ixtisaslı və peşəkar həkim kadrlarının hazırlanması diqqət mərkəzində saxlanılmışdır. Son illər səhiyyə sahəsinin inkişafı, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları Azərbaycanı dünyanın qabaqcıl ölkələri səviyyəsinə yüksəltmişdir. Tibb ocaqlarının təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri ilə təmin olunması və müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatlardır.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız tibbi xidmətlərindən yüksək səviyyədə yararlanırlar. Bu mənada Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Paytaxt Bakı ilə yanaşı, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir. Ömürlərə ömür calamaq, ümid yeri olmaq, xəstələrə şəfa vermək xeyirxahlıq olmaqla yanaşı, həm də gərəkli və müqəddəs işdir. Sevindirici haldır ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonra Böyük Qayıdış planına uyğun olaraq yenidən tikilib-qurulan ərazilərdə də tibb işçilərinin fəaliyyəti bərpa edilmişdir. 44 günlük Vətən müharibəsində xidmət etmiş ordumuzun əsgər və zabitlərinin  sağlamlığının qorunmasında böyük əməyi olan həkimlərimiz bu gün Qarabağ və Şərqi Zəngəzur bölgəsində də müqəddəs vəzifələrini yerinə yetirirlər.

Peşə bayramını qeyd edən həkimlər üçün bu gün həm də bir hesabat günüdür. Tarixin bütün dövrlərində həkimlər, loğmanlar hörmət, nüfuz sahibi olublar. Həkimlik peşəsi böyük məsuliyyət, fədakarlıq tələb edir. Çünki hər bir loğman insan sağlamlığına xidmət edir. Ölkə başçısı İlham Əliyev daim bu sahəni diqqətdə saxlayır. “Mən çalışıram və istəyirəm ki, Azərbaycanın hər bir yerində yüksək səviyyəli tibbi xidmət göstərilsin”,-deyən Prezident İlham Əliyev ulu öndərin müəyyənləşdirdiyi siyasi kursu bütün istiqamətlərdə, eləcə də səhiyyə sahəsində uğurla davam etdirir.

Bu xeyirxah, insanlara həyat bəxş edən tibb işçiləri hər cür hörmət və ehtirama layiqdirlər. Peşə bayramınız mübarək, əziz həkimlər!

Ramidə YAQUBQIZI,

“Respublika”.