İnsanların sağlamlığının keşiyində
Səhiyyə

İnsanların sağlamlığının keşiyində

Ümummilli lider Heydər Əliyev əhalinin sağlamlığının mühafizəsinə, millətin genofondunun qorunmasına, gələcəyinin təmin edilməsinə həmişə diqqət və qayğı ilə yanaşıb. Heydər Əliyev əhalinin sağlamlığının qorunması sahəsində problemlərin həllinə səhiyyənin qanunvericilik bazasının möhkəmləndirilməsindən başladı. Səhiyyə idaretməsindəki neqativ halların qarşısının alınması ilə bu sahədə müəyyən uğurlar qazanıldı. Bu isə cəmiyyətimizin sağlamlaşdırılması, ayrı–ayrı insanların sağlamlığının təminatçısına çevrildi. Mövcud yararsız tibb müəssisələri təmir edildi, yeni mühüm səhiyyə ocaqları tikildi. Yüksəkixtisaslı həkimlərin və orta tibb işçilərinin çatışmazlığı problemini aradan qaldırmaq üçün Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Tibb İnstitutunda və regionlarda olan tibb məktəblərində məqsədyönlü islahatlar aparıldı, tibbi kadrlara ehtiyac olan ucqar bölgələrdən gələn abituriyentlər üçün güzəştlər tətbiq edildi. Beləliklə də regionlarda olan tibb ocaqlarında kadr çatışmazlığı tədricən aradan qalxmağa başladı, elmi–tədqiqat institutlarının fəaliyyəti üçün maksimum şərait yaradıldı. Respublikada dünya səhiyyəsinin ən yeni nailiyyətlərindən bəhs edilən konfranslar, forumlar keçirildi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə keçmiş SSRİ–nin qabaqcıl ali tibb təhsili ocaqlarında həkim kadrlarının hazırlığına, həm də tibb elminin inkişafına, gənc azərbaycanlı alimlərin İttifaq səviyyəli tibb ocaqlarında öz elmi fəaliyyətlərini davam etdirməsinə münbit şərait yaradıldı, ulu öndərin təşəbbüsü ilə azərbaycanlı gənclər yüksək reytinqli ali məktəblərə oxumağa göndərildi. Sonralar vətənə qayıdaraq səhiyyənin inkişafına dəyərli töhfələr verdilər. Həmin gənclərin böyük bir qismi bu gün müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda yaxından iştirak edir, elmin, səhiyyənin, mədəniyyətin inkişafında əvəzsiz xidmət göstərir. Heydər Əliyevin ən böyük xidmətlərindən biri də məhz insanların sağlamlığının keşiyində layiqincə duran, Azərbaycan səhiyyəsinin və tibb elminin inkişafı üçün mükəmməl savadlı, dərin bilikli, əsl peşəkar və vətənpərvər həkim kadrlarının hazırlanması olub. Ümummilli lider fədakar həkimlər haqqında deyirdi: “Özünü tibb, səhiyyə işinə, insanların sağlamlığının keşiyində durmaq işinə həsr edən adamlar həqiqətən çox yüksək hörmət və ehtirama layiq insanlardır”. Fenomen şəxsiyyət Heydər Əliyev eyni zamanda əhalinin sağlamlığı ilə bağlı profilaktika və sağlamlaşdırıcı tədbirlərə, kurort müalicəsinin təşkilinə də böyük əhəmiyyət verirdi. Belə ki, Azərbaycanın dilbər guşələrində olan şəfa ocaqlarında, sanatoriyalarda tibb xidmətinin yaxşılaşdırılmasını ön plana çəkmişdi. İnsanlar burada yetərincə müalicə alaraq, dincələrək sağlamlıqlarını qoruyurdurlar. Hətta digər respublikalardan və xarici ölkələrdən bura gəlir, sağlamlıqlarını bərpa edirdilər. Respublikamızın Xəzər dənizi sahillərində İttifaq əhəmiyyətli kurort zonasının yaradılması, sənaye müəssisələrində peşə xəstəliklərinin profilaktikası ilə bağlı tədbirlər, ümumittifaq miqyaslı bəzi toplantıların Bakıda keçirilməsinə nail olunmuşdu. SSRİ–nin dağılması və bununla bağlı iqtisadi tənəzzül Azərbaycan səhiyyəsindən də yan keçmədi. İşğalçı Ermənistanın etnik təmizləmə siyasəti və ərazilərimizin işğalı ilə bağlı bir milyondan çox qaçqın və məcburi köçkün ordusunun yaranması bütün sahələrdə olduğu kimi, səhiyyənin prioritet sahə kimi inkişaf etdirilməsinə mane oldu və çox ciddi ziyan vurdu. Ümummilli liderin ikinci dəfə hakimiyyətə qayıdışı ilə ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində nailiyyətlər əldə edildi. Onun bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görüldü, islahatlar aparıldı. Məhz onun titanik səyi nəticəsində səhiyyənin maddi–texniki bazasının gücləndirilməsi istiqamətində də xeyli işlər görüldü, o cümlədən bir sıra tibb müəssisələrində müasir standartlara uyğun təmir–tikinti işləri aparıldı, səhiyyə ocaqları yeni, müasir avadanlıq və cihazlarla təchiz edildi. Ən müasir dünya standartlarına cavab verən Mərkəzi Klinik Xəstəxananın açılışı isə ümummilli liderin Azərbaycan xalqının sağlamlığına göstərdiyi qayğının ən parlaq təcəssümü oldu. Bəli, ölkəmizin ictimai həyatının bütün sahələrində olduğu kimi, səhiyyə sahəsində də yeni iqtisadi sistemə uyğun olaraq həyata keçirilən islahatlar, inkişaf və tərəqqi Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də inkişaf Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı ümummilli lider Heydər Əliyevin başlıca həyat prinsipi olan xalqa, millətə xidmət və sədaqət amalını yaşadır. Respublikanın hər bir bölgəsi ilə yanaşı, Gəncə şəhərində səhiyyəyə diqqət özünəməxsus yer tutur. Müasir 200 çarpayılıq 5 mərtəbədən ibarət olan Psixiatriya xəstəxanasının tikilib istifadəyə verilməsi, Abbas Səhhət xəstəxanasının yüksək səviyyədə təmir olunması, Gəncə Şəhər Müalicə Diaqnostika Mərkəzinin inşası, Gəncə Şəhər Edokrinoloji Xəstəxanasının yenidən qurulması, Gəncə Beynəlxalq Xəstəxanasının və digər özəl klinikaların fəaliyyəti Gəncə və regionda yaşayan vətəndaşların sağlamlığına xidmət edir. Azərbaycanda aparılan köklü islahatlardan olan, respublikada icbari tibbi sığortanın tətbiqi isə vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanır. Eyni zamanda fədakar tibb işçilərinin maddi və sosial qayğıları öz həllini tapır. Belə ki, Gəncə Şəhəri Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurası tərəfindən tibb işçiləri və onların ailə üzvlərinin sağlamlığının və asudə vaxtının səmərəli təşkili üçün kifayət qədər tədbirlər həyata keçirilmişdir. Mütəmadi və davamlı olaraq respublikanın şəfalı yerlərinə, qədim tarixə malik məkanlara və mədəniyyət ocaqlarına ekskursiyalar və səyahətlər təşkil olunur. Ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan tibb işçilərinin ailələrinin, qazi tibb işçilərinin problemləri diqqət mərkəzində saxlanılır. Gənclərin hərbi vətənpəvərlik tərbiyəsinin aşılanması üçün görkəmli səhiyyə veteranları və siyası xadimlərlə vaxtaşırı görüşlər keçirilir. Qlobal səviyyədə ekoloji problemlərin getdikcə artdığı bir zamanda, gələcək nəsillərimizə də örnək olacaq ağacəkmə aksiyalar vasitəsi ilə onların daha yaxşı, daha təmiz və ekoloji cəhətdən sağlam mühitdə yaşaması üçün Gəncə şəhər tibb işçiləri də öz töhfəsini verir.

Dövlət başçısı İlham Əliyevin tibb sahəsinə diqqət və qayğısı, Azərbaycan xalqının sağlamlığının qorunması yolunda atdığı mühüm addımlar, ulu öndər Heydər Əliyevin bu istiqamətdə müəyyən etdiyi strategiyanın uğurla davam etdirilməsinin parlaq təzahürüdür.

Güllər SÜLEYMANOVA,

Gəncə Şəhəri Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri.