İnsan hüquqları demokratiyanın təməlidir
Sosial həyat

İnsan hüquqları demokratiyanın təməlidir

Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda qəbul edilən Konstitusiyası insan hüquqlarının və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çəkib. Azərbaycan Konstitusiyasının təxminən üçdəbiri birbaşa insan hüquq və azadlıqlarının təsbitinə və qorunmasına həsr olunub.

Müstəqil Azərbaycanda insan hüquq və azadlıqlarının təmini istiqamətində baş verən köklü müsbət dəyişikliklər ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlar nəticəsində mümkün olub.

Bu sahədə bir çox sənədlər qəbul edilib. Həmin siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, hər il 18 iyun Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunur. Bu, müstəqil dövlətimizin insan hüquqlarına verdiyi ali dəyərin bariz nümunəsidir.

İnsan hüquqları aylığı çərçivəsində “Milli Fəaliyyət Proqramı”nın müddəalarına əsaslanmaqla, ölkəmizin bütün regionlarında dövlət qurumları, QHT və KİV-lər, beynəlxalq təşkilatlar, icmalar tərəfindən insan hüquqlarının effektiv müdafiəsinə yeni mərhələ açan, əhalinin müxtəlif qruplarını əhatə etməklə insan hüquqlarını təbliğ edən mövzularda müxtəlif maarifləndirmə tədbirləri və müzakirələr təşkil olunur. Milli Fəaliyyət Proqramında əhalinin müxtəlif, o cümlədən həssas qruplarına aid olan şəxslərin – qaçqın və məcburi köçkünlər, məhkumlar, hərbi qulluqçular, qadınlar, uşaqlar, ahıllar, əlillər və başqalarının hüquqlarının təmin edilməsində səmərəliliyin artırılması məqsədilə fəaliyyət istiqamətləri müəyyən olunur. Və bu baxımdan yoxsulluğun azaldılması, məşğulluğun təmin olunması, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi və digər sahələrdə artıq qəbul olunmuş müvafiq xüsusi Dövlət proqramlarının icrasına “Milli Fəaliyyət Proqramı” kontekstindən yanaşılmalıdır. Danılmaz həqiqətdir ki, dövlət orqanlarının səmərəli fəaliyyəti, qarşıda duran vəzifələrin və funksiyaların uğurla yerinə yetirilməsi, ilk növbədə yüksəkixtisaslı, müasir dünyagörüşünə malik, ədalətli, prinsipial və bacarıqlı kadrların sayəsində mümkündür. Tam əsasla vurğulaya bilərik ki, "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" ulu öndərimiz tərəfindən təməli qoyulmuş insan hüquqları sahəsində strategiyanın məntiqi davamı və dövlətin növbəti siyasi iradəsi olmaqla, insan və vətəndaş hüquqlarının hərtərəfli həyata keçirilməsinə, onların icra mexanizmlərinin təkmilləşdirilməsinə zəmanət verir.

Son illər ölkəmizdə bütün sahələrdə həyata keçirilən əsaslı islahatlar insan hüquq və azadlıqlarının etibarlı şəkildə təmin olunması mexanizmlərinin daha da təkmilləşdirilməsini təmin edib. Xüsusilə, Əqli mülkiyyət hüququ əsas hüquq və azadlıqlardan sayılır. Əqli mülkiyyət və xüsusən müəlliflik hüququ mədəni hüquqların tərkib hissəsidir.

Bayram SALMANOV,

“Respublika”.