Böhranlı günlərin sonu, istiqlaliyyət uğrunda mübarizənin yeni mərhələsi
Tarix

Böhranlı günlərin sonu, istiqlaliyyət uğrunda mübarizənin yeni mərhələsi

1993-cü il iyun ayının 17-dən 18-nə keçən gecə Prezident Əbülfəz Elçibəy dövlət orqanlarının rəhbərlərinə xəbər vermədən Naxçıvan Muxtar Respublikasına getmişdir

XX əsrin sonları Azərbaycan tarixinin ən mürəkkəb dövrlərindən biri kimi xarakterizə edilir. Həmin dövrdə 70 il rus imperiyasının tərkibində milli zülm, diskriminasiya, ayrı-seçkiliyə məruz qalan respublikamız müstəqilliyini elan etdi. Lakin xalqımız qərinələr boyu həsrətində olduğu azadlığına, istiqlaliyyətinə yenidən qovuşsa da, onu qoruyub saxlamaq müşkül məsələyə çevrilmişdi. Hakimiyyət hərisləri hökumətdə vəzifə tutmaq və bu postdan şəxsi mənafeləri məqsədilə istifadə etmək üçün hər vasitəyə əl atırdılar. “Sapı özümüzdən olan baltalar” xalqın azadlıq, müstəqillik idealarını məhv etmək, onu mənən sındırmaq istəyənlərlə birləşib ölkə daxilində vəziyyəti gərginləşdirir, siyasətdən anlamayanlar hakimiyyət uğrunda mübarizə aparır və xalq arasında parçalanma prosesi həyata keçirilir, qardaş qardaşa silah qaldırırdı. Respublikaya rəhbərliyin dövlət idarəetməsindən xəbəri belə olmayan şəxslərin əlinə keçməsi ölkəni uçurumun bir addımlığına qədər sürükləmişdi. Azərbaycanın rayon və bölgələrini öz aralarında bölüşdürən, burada dövlət strukturlarını dağıdıb yeni hakimiyyət quran “siyasilər” respublikanı nəinki müstəqilliyini itirmək, hətta dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Sözün əsl mənasında milli faciənin astanasında, ölüm-qalım mübarizəsində olan xalq artıq özünün ən ali dəyərlərini, adət-ənənələrini, dövlətçiliyini qoruyub saxlaya bilmirdi. Ölkədə vəziyyət son dərəcə mürəkkəb və ümidsiz idi, daxildəki gərgin və qeyri-stabil vəziyyətdən istifadə edən Ermənistan ordusu hücum əməliyyatlarını genişləndirir, daha çox ərazini zəbt etməyə çalışırdı, torpaqlarımızın 20 faizdən çox hissəsi işğal olunmuşdu. Nizami ordunun və vahid hərbi komandanlığın yoxluğu ucbatından faşist xislətli ermənilərin hücumlarının qarşısını almaq mümkünsüz idi. Bu isə ölkədə onsuz da gərgin olan vəziyyəti bir qədər də çətinləşdirir, xalqla dövlət arasındakı uçurumu daha da dərinləşdirirdi.

1988-1993-cü illərdə ölkəni idarə edən səriştəsiz , bacarıqsız insanlar qısa müddətdən sonra hakimiyyətdən gedir, yerinə dövlət siyasətindən xəbərsiz olan digər naşılar gəlirdi. Hakimiyyət uğrunda mübarizə gücləndikcə, Ermənistanın ərazi bütövlüyümüzü pozması, torpaqlarımızın işğalı məsələsi unudulur, fürsəti fövtə verməyən düşmənə öz məqsədlərini həyata keçirmək üçün əsl şans yaranırdı. AXC-Müsavat cütlüyü hakimiyyət sükanını əlində saxlamaq iqtidarında deyildi. Belə ki, o zamankı ölkə başçısı Əbülfəz Elçibəy Ermənistanın işğalının genişlənməsi, Birinci Qarabağ müharibəsində hərbi uğursuzluqlara görə 1993-cü ilin fevral ayında korpus komandiri Surət Hüseynovun rəhbərlik etdiyi 709 saylı hərbi hissənin ləğv edilməsi haqqında sərəncam imzaladı. Sərəncamı icra etməyən S.Hüseynov vəzifəsindən kənarlaşdırıldığına görə Gəncədə bir qrup milis işçisini silahlandıraraq 1993-cü ilin iyununda hökumətə qarşı qiyam qaldırdı. Bundan sonra keçmiş müdafiə naziri Dadaş Rzayev 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı qərar verdi və Gəncəyə qoşun yeridildi. Beləliklə, Surət Hüseynovun rəhbərlik etdiyi silahlı birləşmələr ilə onları tərksilah etmək üçün göndərilən hökumət qüvvələri arasında qarşıdurma nəticəsində qardaş qırğını başladı, iyunun 4-də hadisələr zamanı 35 nəfər həlak oldu. Ölkədə hökm sürən hərbi-siyasi böhran get-gedə daha da dərinləşirdi. Surət Hüseynovun silahlı dəstəsi Gəncədə yerli hakimiyyət strukturlarını məğlub edərək Bakıya doğru irəliləməyə başladı.

Gəncədə və bəzi rayonlarda hakimiyyəti əllərinə keçirən silahlı birləşmələr qarşısıalınmaz qüvvəyə çevrilmişdi. Respublikada yaranmış siyasi böhran hakimiyyət dairəsində çaxnaşma yaratmış, ölkə başçısı Əbülfəz Elçibəy 1993-cü il iyun ayının 17-dən 18-nə keçən gecə dövlət orqanlarının rəhbərlərinə xəbər vermədən Naxçıvan Muxtar Respublikasına, Kələki kəndinə getmişdir. Azərbaycan Respublikasının Əsas Qanununa görə vətəndaşların hüquq və azadlıqlarının, ölkənin ərazi bütövlüyünün qorunmasına, müdafiəsinə, dövlət təhlükəsizliyinin təmin edilməsinə, dövlət idarəetmə orqanlarına rəhbərlik edən ölkə başçısının bu hərəkəti xaos, anarxiya, özbaşınalığın hökm sürdüyü respublikada vəziyyət daha da gərginləşmiş, ölkə sahibsiz qalmışdı. Həmin hadisədən sonra Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il iyunun 21-də Prezident Əbülfəz Elçibəyə müraciət edilməsi haqqında qəbul etdiyi qərarda deyilirdi: “...Milli Məclis hesab edir ki, respublikanın bu dərin və dözülməz böhrandan çıxarılması üçün Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy respublikanın paytaxtı Bakı şəhərində, öz iş yerində olmalıdır və dövlət başçısı kimi öz Konstitusiya səlahiyyətlərini icra edib tam şəkildə həyata keçirməlidir. Bununla əlaqədar və 1993-cü il 4 iyun Gəncə hadisələrindən sonra Azərbaycan Respublikasında yaranmış ictimai-siyasi və hərbi böhrandan çıxış yolları axtarmaq, habelə Qarabağın Ağdam, Ağdərə, Füzuli bölgələrində erməni hərbi qüvvələrinin şiddətli hücumlarının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə Bakı şəhərinə – öz iş yerinə təcili olaraq qayıtması barədə müraciət edilsin”. Lakin Əbülfəz Elçibəy bu müraciətdən sonra da paytaxta qayıtmadı. Beləliklə, Milli Məclisin 1993-cü il 24 iyun tarixli qərarı ilə Azərbaycan Respublikası Konstitusiyasının 121-7-ci maddəsinə əsasən Əbülfəz Qədirqulu oğlu Əliyevin (Elçibəyin) Azərbaycan Respublikası Prezidenti vəzifələrini daha icra edə bilmədiyi təsdiq olundu və onun səlahiyyəti Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevə keçdi.

O illər Azərbaycanın müasir tarixində çətin, mürəkkəb, ziddiyyətli bir dövr kimi xarakterizə edilsə də, həm də respublikamızda xaosun, böhranın sonu, xalqın birləşdiyi, müqəddəs torpaqlarını göz bəbəyi kimi qoruduğu, öz müqəddəratını həll etdiyi, iqtisadi və siyasi müstəqilliyi, istiqlaliyyəti uğrunda mübarizəyə başladığı yolun başlanğıcı idi.

Mehparə Əliyeva,

“Respublika”.