Dilimiz milli şəxsiyyətimizin əsas amilidir
CƏMİYYƏT

Dilimiz milli şəxsiyyətimizin əsas amilidir

Tarix boyu başı bəlalar çəkmiş Azərbaycan xalqı öz ana dilini qoruyub saxlaya bilmişdir. Dilimiz xalq olaraq varlığımızın ən əsas təminatçısıdır. Tarixin keşməkeşli yollarından üzüağ çıxan Azərbaycan dili xalqın inkişafı, həyatı, mübarizəsi ilə sıx bağlıdır. Hər bir dilin özəlliyi və özünəməxsus gözəlliyi var. Lakin bu bir həqiqətdir ki, Azərbaycan dilinin analoqu yoxdur.

Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətləri olub. 60-cı illərin sonlarından başlayan dil siyasəti ana dilimizin zənginləşməsinə və inkişafına zəmin yaratdı. Dahi şəxsiyyət ölkəyə rəhbərlik etdiyi ilk günlərdən bu sahədə fəaliyyətə başladı. SSRİ Konstitusiyasının qəbulundan sonra belə bir məsələnin təbliği olduqca riskli idi. Dil məsələsini gündəmə gətirənlər Sibirə sürgün olunurdu. Ulu öndər bütün riskləri gözə alaraq öz qətiyyətini bir daha göstərdi. Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə respublikamızın 1978-ci ildə qəbul olunmuş Konstitusiyasına Azərbaycan dilinin dövlət dili statusu barədə 73-cü maddənin daxil edilməsi də dahi şəxsiyyətin böyük qətiyyəti sayəsində gerçəkləşdi.

Respublikamız öz müstəqilliyini qazandıqdan sonra dil məsələsi yenidən gündəmə gəldi. Ölkə rəhbərinin şəxsi təşəbbüsü ilə 12 noyabr 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının yeni Konstitusiyasının 21-ci maddəsilə Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili elan edildi. Dahi rəhbərin məqsədi doğma dilimizi daha yüksək zirvələrə qaldırmaq idi və bununla bağlı çoxsaylı tədbirlər həyata keçirildi.

Bu baxımdan Ulu Öndərin 18 iyun 2001-ci ildə imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı xüsusi əhəmiyyət kəsb edir. Bu fərman dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllinə imkan yaratdı. Ulu Öndərin Azərbaycan dilinin, tarixinin, ədəbiyyat və mədəniyyətinin yeni azərbaycançılıq məfkurəsi ilə dərkinin metodologiya və strategiyasını formalaşdırdı.

 Fərmanda yazılır: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin geniş tətbiq edilməsi və sərbəst inkişafı üçün münbit zəmin yaranmışdır. Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş haqsızlıqların, təzyiq və təhriflərin nəticələrinin aradan qaldırılması üçün hazırda ölkəmizdə çox əlverişli şərait mövcuddur. Dil öz daxili qanunları əsasında inkişaf edirsə də, onun tədqiq və tətbiq edilməsi üçün yaradılmış geniş imkanlar bu inkişafın daha sürətli və dolğun olmasına təkan verir”.

Bununla da latın qrafikalı əlifbaya keçid sürətləndi. Problem və nöqsanlar müəyyənləşdirilərək onların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verildi, artıq qəti olaraq 2001-ci il avqust ayının 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alındı. Belə ki, artıq ölkə ərazisində yaşayan hər bir vətəndaş doğma dilimizi dərindən öyrənməli və bütün dövlət sənədləri bu dildə aparılmalı idi. Və budur, Azərbaycan dili öz yüksəliş yolunda tarixi bir yeniliyə imza atdı. Latın əlifbasına keçidin ölkənin yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu da xüsusi qeyd etməliyik. O günə qədər həm kiril, həm latın əlifbası ilə nəşriyyat-poliqrafiya işinin aparılması hərtərəfli çətinlik yaratmışdı.

Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu strateji xətti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətində Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi məsələləri həmişə önəmli yer tutub. Doğma dilimizlə bağlı verilən Sərəncam və fərmanlar müxtəlif dövlət tədbirlərində çıxışları zamanı dövlət başçısının səsləndirdiyi qiymətli fikirlər ana dilimizə həssaslıqla yanaşdığını bir daha sübut edir. Çağdaş dövrdə Azərbaycan dili elə bir məqama gəlib çatıb ki, xüsusi elmi və texniki terminləri çox asanlıqla ifadə etmək olur. Bu da onu göstərir ki, Azərbaycan dili ictimai, siyasi, mədəni inkişafı fonunda gündən-günə zənginləşir.

Röya RÜSTƏMLİ,

“Respublika”.